Sığorta vəsaiti və sığorta ehtiyatından istifadə Qaydası təsdiqləndi
06-sen-2022Nazirlər Kabineti “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası”nın təsdiq edilməsi haqqında Qərar verib.
Trend xəbər verir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 418-VIQD nömrəli Qanununun tətbiqi və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 620 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1544 nömrəli Fərmanının 2.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
- “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).
- Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Q A Y D A S I
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası
haqqında” Azərbaycan Respublikası Qanununun 8-1.4-cü maddəsinə,
“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi
sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-1.4-cü
maddəsinə, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu
haqqında” Azərbaycan Respublikası Qanununun 30-9-cu maddəsinin
dördüncü hissəsinə və “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət
əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət
icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun
11-1.4-cü maddəsinə əsasən hazırlanmışdır və dövlət icbari şəxsi sığorta
vəsaitindən (bundan sonra – sığorta vəsaiti), o cümlədən sığorta
ehtiyatından istifadə qaydasını müəyyən edir.
1.2. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan
Respublikasının normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş mənaları
ifadə edir.
2. Sığorta vəsaitinin və sığorta ehtiyatının formalaşdırılması
2.1. Sığorta vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır:
2.1.1. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”,
“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi
sığortası haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət
əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət
icbari şəxsi sığortası haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi
deputatının statusu haqqında”, “Mülki Müdafiə haqqında” Azərbaycan
Respublikasının qanunları və “Dini ekstremizmə qarşı mübarizə
haqqında” Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli
27-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 5 dekabr tarixli 697 nömrəli Fərmanı ilə müəyyən
olunmuş qaydada və məbləğdə ödənilən sığorta haqları;
2.1.2. kreditlər;
2.1.3. sığorta ehtiyatının aşağıdakı təhlükəsizlik göstəriciləri üzrə
meyarlardan birinə cavab verən banklarda depozitə yerləşdirilməsindən
əldə edilən gəlirlər:
1. beynəlxalq reytinq agentlikləri tərəfindən ölkə üzrə verilmiş
reytinqdən maksimum iki pillə aşağı olan banklar;
2. Azərbaycan Respublikasında fəaliyyət göstərən, aktivlərinin
həcminə görə ilk beşlikdə yer alan banklar;
2.1.4. qanunla qadağan edilməyən digər mənbələr.
2.2. Sığorta haqları üzrə illik daxilolmaların proqnozunun 5 (beş)
faizədək hissəsi sığorta ehtiyatına yönəldilir.
2.3. Sığorta vəsaiti Azərbaycan Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) xüsusi xəzinə
hesabında (bu Qaydanın 2.1.3-cü yarımbəndində qeyd olunan gəlirlər
istisna olmaqla) toplanılır və Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə
Fondunun (bundan sonra – Fond) xüsusi bank hesabına köçürülür.
2.4. Sığorta vəsaitləri üzrə əməliyyatların aparılması, o cümlədən
sığorta ehtiyatında vəsaitin toplanılması və ondan istifadə edilməsi
məqsədilə Fondun müvafiq bank hesabları açılır.
2.5. Hər ilin sonunda sığorta vəsaitinin istifadə olunmamış qalığı,
sığorta ehtiyatı və onun depozitə yerləşdirilməsindən əldə edilmiş gəlir
növbəti il üçün xərclərin maliyyələşdirilməsinə yönəldilir.
3. Sığorta vəsaitindən və sığorta ehtiyatından istifadə
3.1. Sığorta vəsaiti aşağıdakı istiqamətlərdə istifadə olunur:
3.1.1. dövlət icbari şəxsi sığorta ödənişlərinin verilməsi;
3.1.2. sığorta ehtiyatının yaradılması;
3.1.3. Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə
müəyyən edilən hallarda müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş
şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı
tədbirlərin maliyyələşdirilməsi;
3.1.4. idarəetmə xərclərinin ödənilməsi (sığorta haqları üzrə illik
daxilolmaların proqnozunun 5 (beş) faizədək hissəsi);
3.1.5. qanunla müəyyən edilən digər istiqamətlər.
3.2. Hər il üçün dövlət icbari şəxsi sığorta üzrə gəlir və xərclərin bu
Qaydanın 3.1-ci bəndində qeyd edilmiş istiqamətlər üzrə bölgüsü Nazirlik
tərəfindən təsdiq edilir.
3.3. Sığorta ehtiyatından aşağıdakı istiqamətlərdə istifadə olunur:
3.3.1. sığorta ödənişi almaq hüququ olan şəxslərin sayında kəskin
artım nəticəsində sığorta ödənişləri üzrə illik gözlənilən xərclər sığorta
haqları üzrə illik gözlənilən daxilolmadan artıq olduqda, gözlənilən sığorta
ödənişləri üzrə xərclər və sığorta haqları üzrə daxilolmalar arasındakı
kəsirin maliyyələşdirilməsi;
3.3.2. sığorta ehtiyatının həcmi sığorta haqlarının illik proqnoz
həcminə bərabər olduqda, sığorta ehtiyatının həcminin artırılması dayandırılmaqla, onun depozitə yerləşdirilməsindən əldə edilən gəlir hesabına
bu Qaydanın 3.1.3-cü yarımbəndində nəzərdə tutulan tədbirlərin
maliyyələşdirilməsi.
3.4. Sığorta ehtiyatı bu Qaydanın 2.1.3-cü yarımbəndi ilə müəyyən
edilmiş tələblərə uyğun olan banklarda (bir banka qoyulan depozitin
məbləği həmin bankın kapitalının 20 faizindən çox olmamaq şərtilə)
depozitə yerləşdirilir.
3.5. Bu Qaydanın 3.1.3-cü yarımbəndində nəzərdə tutulan tədbirləri
Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi (bundan sonra – Agentlik)
həyata keçirir. Agentlik bu tədbirlərin maliyyələşdirilməsi üçün tələb olunan
vəsaitə dair sifarişi Fondla razılaşdırmaqla, bu Qaydanın 3.2-ci bəndində
göstərilən bölgüdə nəzərə alınması məqsədilə Nazirliyə təqdim edir.
3.6. Fond tərəfindən bu Qaydanın 3.5-ci bəndi nəzərə alınmaqla,
bu Qaydanın 3.1.3-cü yarımbəndində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsait Agentliyin bank hesabına köçürülür.
4. Hesabatlılıq
4.1. Bu Qaydanın 3.6-cı bəndinə uyğun olaraq, əvvəlki il Fond
tərəfindən köçürülən vəsaitlər üzrə xərclərə dair Nazirliyin təsdiq etdiyi
formada hesabatı, habelə görülən işlərə dair məlumatları Agentlik hər il
fevralın 1-dək Fonda təqdim edir.
4.2. Fond bu Qaydanın 4.1-ci bəndində göstərilən məlumatları,
habelə sığorta vəsaitlərinin istifadəsinə dair Nazirliyin təsdiq etdiyi
formada icmal hesabatı hər il fevralın 15-dək Nazirliyə, Nazirlik isə hər il
martın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim
edir.