Bu gün:
Xezer.info » Manşet » Samir Şərifovla Məmməd Məmmədovun “qan pulu” fırıldağı

Samir Şərifovla Məmməd Məmmədovun “qan pulu” fırıldağı


Samir Şərifovla Məmməd Məmmədovun “qan pulu” fırıldağı
Maliyyə Nazirliyi və Dövlət Sığorta Şirkəti «qan pulu»nu necə yeyir?

“Hərbi qulluqçuların statusu haqqında” 25 dekabr 1991-ci il tarixli qanunun 27-ci maddəsinə görə, hərbi qulluqçuların hərbi xidmət dövründə ölməsi, xəsarət alması, bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı dövlət tərəfindən hərbi qulluqçu statusu əldə etdikləri gündən icbari şəxsi sığortalanması təsbit olunub.

Prezidentin 20 sentyabr 1991 – ci tarixli “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin yaradılması haqqında” fərmanı ilə respublikada bütün növ icbari sığortalanmanın həyata keçirilməsi Dövlət Sığorta Kommersiya Şirkətinə (DSKŞ) tapşırılıb. Lakin DSKŞ çeşidli bəhanələrlə ona tapşırılan görəvi yerinə yetirmir, əlil – şəhid ailələrinə qanunda nəzərdə tutulan sığorta ödənişini – qanpulunu verməkdən imtina edir. DSKŞ-nın başlıca arqumenti 1991-94-cü illər hərbi qulluqçularının “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 20.05.1997-ci il tarixli qanundan öncə əlil və şəhid olmalarıdır. Bu arqumentin əsassızlığını Ana Qanun – Konstitusiya sübut edir. Konstitusiyanın 149-cu maddəsinin 7-ci bəndinə görə vətəndaşların hüquqi vəziyyətini yaxşılaşdıran aktların geriyə qüvvəsi var. Eyni zamanda 20.05.1997 tarixli qanundan öncə hərbi qulluqçuların dövlət tərəfindən mütləq icbari sığortalanması haqqında prezidentin 08.02.1992 tarixli fərmanı və bu fərman əsasında NK-nın 15.02.1992 tarixli və 04.08.1992 tarixli qərarları ilə DSKŞ-ya sığorta ödənişlərinin verilməsi və nəzarət tapşırılıb. Bəs niyə Prezidentin, NK-nın tapşırıqlarına əməl edilməyib? Belə çıxır, DSKŞ sığorta ödənişini əlil – şəhidlərə verməyib ki, yeni qanun qəbul olunsun və o da bu qanunu əsas tutub(??) qanpulunu mənimsəsin? Bəs nəzarətedici qurumlar Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidməti (bu DSNX artıq ləğv olunub – red.), Baş prokurorluq, müvafiq güc nazirlikləri hara baxır? Nə yazıq, heç demə, bu qurumlar hamısı qanpulundan rüşvət amacı ilə yararlanırlar.


DSKŞ sədri Məmməd Məmmədov hətta məhkəmə qərarlarını da icra etmir, ən yaxşı halda köhnə tarixə saxta ödəniş tapşırıqları ilə əlil və şəhid ailələrinin qanpuluna Ədliyyə Nazirliyinin icra şöbələrini və məhkəmələri ortaq etməklə korrupsiyaya xidmətini ortaya qoyur. Qanpulu korrupsiyası o həddə çatıb ki, hətta Ali Məhkəmənin (AM) qəti olan, Konstitusiya Məhkəməsinin (KM) mübahisələndirilə bilməz qərarlarını Məmməd Məmmədov mübahisələndirir. Özü də KM-in qərarının qəbulunda iştirak edən hakimin (Raqib Qurbanov) qanunsuz aktı ilə. Qarabağ əlili, şəhid anası icranı və müvafiq indeksasiyanı tələb edəndə borclu DSKŞ tələbkarın hesabına bir qəpik ödəmədən sığorta ödənişinin 20.10.2006 tarixindən öncəki məbləğini guya icra şöbəsinin depozit hesabına keçirdiyinə maliyyə nazirindən tutmuş hakimlərə kimi hamını inandıra bilir?!(??). Oxucuların diqqətinə çatdıraq ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 20.05.1997 tarixli qanunun 4-cü maddəsinə görə, hərbi qulluqçulara minimum əmək haqqının min misli məbləğində – 1100 manat, 20.10.2006 tarixli qanuna edilən dəyişikliyə görə isə 11 min manat sığorta məbləği müəyyən edilib. Başqa sözlə, borclu 11 min manatı yox, ondan 10 dəfə az olan min yüz manatın faizini ödədiyini yalandan bildirir. Birincisi, KM-in 28.01.2014 tarixli qərarında yazılıb ki, qanunvericiliklə 2006-cı ildə artıq müəyyən edilmiş sığorta məbləğinin ödənilməsi həcmi ləğv edilə və ya azaldıla bilməz, bu həcm şərtsiz gözlənilməlidir. Ikincisi, KM-in qərarı qətidir, heç bir orqan və ya şəxs ləğv edə, dəyişdirə və ya rəsmi təfsir edə bilməz. Bəs niyə Samir Şərifov, onun yanındakı artıq ləğv olunan DSNX-nın rəisi Namiq Xəlilov, DSKŞ sədri Məmməd Məmmədov, hər 3 instansiya məhkəmələrinin hakimləri (Raqib Qurbanov, Tofiq Səmədov, Sevda Hüseynova və başqaları) KM-in qərarına sayğısızlıq göstərir, hətta onu mübahisələndirirlər? Budur dövlətə, onun başçısına, əlilinə, şəhidinə, konstitusiyasına hörmət? Deyəsən, elə hörmət rüşvətlə, qanpulu ilə ölçülür !(??)

Onu da vurğulayaq ki, KM Plenumunun 28.01.2014 tarixli Qərarının qəbulunda mütəxəssis qismində Baş prokurorluqdan hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov, Maliyyə Nazirliyi DSNX-nın lisenziyalaşdırma, ərizə və şikayətlər şöbəsinin rəisi Mahir Abdullayev, DSKŞ-nın hüquq və kadr departamentinin müdiri Əfqan Mirzəyev, Bakı Apelyasiya Məhkəməsinin hakimi Raqib Qurbanov iştirak ediblər!!! Di gəl, elə həmin Raqib Qurbanov həmin Əfqan Mirzəyevin “qanpulu basqısı” ilə KM-in qərarının ertəsi günü qanpulu məbləğinin 11 min yox, on dəfə az – min yüz manat olmasına qərar verib!(??)

KM-in qərarını onun qəbulunda iştirak edənlər qanpulu rüşvətinə qurban verəcəksə, başqalarından nəsə gözləməyə dəyərmi? Bu da sənə Konstitusiya!

Məğrur Bədəlsoy