Bu gün:
Xezer.info » Cəmiyyət » Mərkəzi Gömrük Hospitalının həkimi Barselona şəhərində beynəlxalq konfransda iştirak edib

Mərkəzi Gömrük Hospitalının həkimi Barselona şəhərində beynəlxalq konfransda iştirak edib


Mərkəzi Gömrük Hospitalının həkimi Barselona şəhərində beynəlxalq konfransda iştirak edib
Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, yandal uzmanı, invaziv kardioloq Dr.İlqar Tahiroğlu 26-30 avqust 2022-ci il tarixlərində Avropa Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə İspaniya Krallığının Barselona şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib.

Konfransda ABŞ, Böyük Britaniya, Kanada, İsveçrə, Avstriya, Danimarka və dünyanın digər ölkələrinin qabaqcıl tibb müəssisələrinin yüksəkixtisaslı mütəxəssisləri kardiologiya sahəsində qazandqları ən son nailiyyətlərdən danışıblar, son vaxtlar insanları narahat edən mövzular ətrafında məruzələr ediblər.

Tədbirdə Böyük Britaniya Kardiologiya Cəmiyyətinin üzvləri kardioloji reabilitasiya sahəsində innovasiyalar, ürəyin maqnit-rezonans tomoqrafiyasının tətbiqinin ürəyin onkoloji xəstəliklərinin diaqnostikasında yeni səhifə açdığını bildiriblər.

Avropa Kardiologiya Cəmiyyətinin üzvü, Uels Kardiff Universitetinin professoru Dr.Endryu Şarp pulmonar emboliya xəstəliyinin müalicəsində reanimasiya tədbirlərinin əhəmiyyətindən, İsveçrə Bern Universitetinin professoru Dr.Stefan Storteski kəskin pulmonar emboliya zamanı transkateter müdaxilənin vacibliyindən, Avstriyanın Vyana Universitetinin professoru Dr.İren Mart Lang – xroniki pulmonar tromboemboliyanın müalicəsi və müşahidəsinin necə aparılmalı olduğuna dair məruzələr ediblər.

Konfransda müzakirə olunan ən önəmli mövzulardan biri də COVİD-19 və ürək xəstəlikləri olub. Ürək xəstəliklərinin hər biri üzərində koronavirusun təsiri haqqında məruzələr dinlənilib. Qeyd edək ki, bu beynəlxalq konfransda həmkarımız – Mərkəzi Gömrük Hospitalının həkimi Dr.İlqar Tahiroğlunun iştirakı, qazandığı həm nəzəri, həm praktiki biliklər, həm də dünyanın müxtəlif universitetlərinin kardiologiya kollektivləri ilə tanışlığı onun Hospitalda kardiologiya işinin təşkilində əhəmiyyətli dərəcədə yardımçısı olacaq.