Vitse-prezidentlərin səlahiyyətləri nədən ibarət olacaq?
25-iyul-2016İqtidar daxilində bu məsələ ətrafında ciddi müzakirələr başlayıb
Konstitusiyaya dəyişikliklərdə vitse-prezidentlik institutunun yaradılması nəzərdə tutulmasa da, birinci vitse-prezident və vitse-prezidentlərin səlahiyyətləri bəlli deyildir. Layihədə yalnız o qeyd edilib ki, prezidentin səlahiyyətlərini icra etməsi mümkün olmadıqda müvafiq ardıcıllıqla prezidentin səlahiyyətlərini birinci vitse-prezident və vitse-prezidentlər icra edə bilər.
Bu halda sual yaranır: Bəs başqa hallarda vitse-prezidentlərin işi nədən ibarət olacaq?
Vitse-prezidentlik olan ölkələrdə qanunvericilik aktları ilə onların səlahiyyətləri və vəzifələri müəyyənləşdirilir. Bəzi ölkələrdə vitse-prezidentlər Prezident Administrasiyasına, bəzilərində qanunverici orqana rəhbərlik edir, bəzilərində isə dövlətin xarici siyasətinə cavabdehlik daşıyır.
Redaksiyamıza daxil olan məlumata görə, hakimiyyət daxilində də bu vitse-prezidentin səlahiyyətləri məsələsi ətrafında müzakirələr başlayıb. Məlumatda bildirilir ki, iqtidardaxili qruplar indidən vitse-prezident təyin ediləcək şəxsin adını və onun səlahiyyətlərinin nədən ibarət olacağını öyrənməyə can atır. “Bu onlara indidən tədbirlərini görmək üçün vacibdir. Komandada münasibətlər o qədər də ürəkaçan deyil. Ziddiyyətlər getdikcə kəskinləşir. Bu halda vitse-prezidentlərin kimlər olacağı və səlahiyyətlərinin nədən ibarət olduğu qruplaşmalar üçün ciddi əhəmiyyət daşıyır”, – deyə məlumatlı mənbə bildirib.