Ermənilər yenə qan istəyir: Qarabağla bağlı 3 “tələb”
03-sen-2022Xankəndidə və İrəvanda bu gün keçirilən mitinqlərin iki hədəfi var idi: Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan. Ermənistan müxalifətinin Paşinyanı parlamentdə istefaya göndərməsi üçün gərəkən səsləri yoxdur. Buna baxmayaraq, yaz aylarının sonunda olduğu kimi, yenidən davamlı mitinqlərə başlayacaqlar ki, parlamentdə baş naziri istefaya zorlayacaq qədər tərəfdarlarının sayını artıra bilsinlər.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, bunun üçün hakim partiyadan ən azı 20 səs müxalifətə keçməlidir:
“Müxalifətin buna necə nail olacağı bəlli deyil. Radikallar bugünkü mitinqlərində Azərbaycanı da “unutmayıblar”, Qarabağla bağlı 3 “şərt” irəli sürüblər. Birincisi, “Qarabağ Azərbaycan tərkibində ola bilməz”, ikincisi, “Qarabağla Ermənistan arasında daimi koridor olmalıdır”, üçüncüsü, “Ermənistan Qarabağın təhlükəsizliyində iştirak etməli və silahsızlaşdırma baş verməməlidir”.
Məğlubiyyəti həzm etmək istəmirlər. Bugünkü mitinqlər, erməni əsilli rusiyalı milyarderin Rusiya vətəndaşlığından imtina edib Qarabağa köçməsi, yeni yolda peyda olan əli silahlı separatçılar, Amerika Konqresində görüşlərin təşkili – bütün bunları 1980-ci illərin sonunda da yaşamışıq, torpaqlarımızı işğal etdilər, qətliamlar törətdilər və istehkamlar qurdular. O vaxt bizi hazırlıqsız yaxaladılar. Eyni səhvi təkrarlaya bilmərik. Bu dəfə onlara toparlanmağa imkan vermək olmaz”.