Məktəbli formaları ləğv edilsin... - Deputat
02-sen-2022Yeni sezon məktəbli formalarının keyfiyyətilə bağlı valideynlər arasında narazılıqlar var.
Belə ki, valideynlər iddia edir ki, formaların keyfiyyəti, təyin olunan qiymətə görə xeyli aşağıdır. Ətəklərin tikilməsində istifadə olunan parçaların həddindən artıq nazik olması, eləcə də tikilişdə yol verilən xətalar valideynlərin diqqətindən yayınmayıb.
Ümumiyyətlə, indiki vəziyyətdə məktəbli formalarına ehtiyac varmı?
Məsələ ilə bağlı millət vəkil Razi Nurullayev Bakupost.az -a açıqlamasında bildirib ki, hər il məktəb başlayan zaman bu cür problemlər ortaya çıxır:
“Düşünürəm ki, məktəbli formasının olmasına ehtiyac yoxdur. Məktəbdə müəyyən çərçivələr daxilində hər kəsin əlçatan olduğu qiymətə geyimin alınması daha yaxşı olardı. Eyni zamanda məktəbli geyimlərinin ayrı-ayrı özəl təhsil müəssisələri tərəfindən tətbiq olunması isə məqsədəuyğun ola bilər. Dünyada belə bir praktika var. Özəl və bahalı məktəblərdə valideynlərin formaları almağa imkanı çatır. Lakin indiki dövrdə məktəbli formaları üzərindən biznes qurmaq, valideynləri çətinə salmaq qəbul edilən deyil. Ona görə də məktəbli forması tələbi ləğv olunsa, daha yaxşı olar. Bunu ya özəl məktəblər öz hesabına, ya da valideynlərin hesabına təşkil edə bilər. Bir neçə dəfə bu məsələni araşdırmışam və bir çox ölkələrdə ümumi dövlət məktəblərində məktəbli forması iddiası yoxdur”.