İtaliya Azərbaycanın Avropadakı ən yaxın tərəfdaşı rolunda – Prezident İlham Əliyevin Roma səfərinin tarixi əhəmiyyəti
02-sen-2022Azərbaycan regionumuzda və Avropada yerləşən böyük iqtisadi gücü və siyasi nüfuzu olan ölkələrlə həm siyasi, həm iqtisadi, həm də hərbi əməkdaşlıq etməkdə maraqlıdır. Azərbaycanın ən yaxın tərəfdaşlarından biri Avropa qitəsinin aparıcı dövləti olan İtaliyadır. İtaliya-Azərbaycan əlaqələrinin ilbəil inkişaf etməsinin əsas göstərici isə Prezident İlham Əliyevin Romaya rəsmi və işgüzar səfərləri, səfərlər zamanı imzalanan ikitərəfli sənədlər, imzalanan sənədlərin vaxtında icrasıdır. Prezident İlham Əliyevin İtaliyaya növbəti işgüzar səfəri 2022-ci ilin 1-2 senytabr tarixlərində baş tutub. İtaliya Prezidenti Sercio Mattarellanın rəsmi dəvəti əsasında və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümündə baş tutan işgüzar səfərin məqsədi Prezident İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı ölkələrimiz arasında imzalanmış Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamənin icrası prosesində bir sıra sahələr üzrə aktual məsələlərin müzakirə edilməsi, bu sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və nəticə yönümlü növbəti addımların müəyyən edilməsidir.
Ötən dövrdə Azərbaycan və İtaliya arasında tarixi əhəmiyyətə malik əlaqələrin inkişafına töhvə verən addımlar
- Azərbaycanın İtaliya ilə təhsil sahəsində əlaqələri 2002-ci il iyunun 1-də Bakıda hökumətlər arasında Mədəniyyət, Elm və Texnologiya sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması ilə genişlənməyə başlayıb;
- 2012-ci ildə Romanın görkəmli “Villa Borghese” parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olub; - Prezident Sercio Mattarellanın Azərbaycana 2018-ci il 18-19 iyulda dövlət səfəri zamanı iki ölkənin təhsil nazirlikləri arasında “Ali təhsil üzrə Birgə Bəyannamə” imzalanıb;
- 2020-ci ilin 19-21 fevral tarixlərində Prezident İlham Əliyev İtaliyaya rəsmi səfərə gedib. Həmin səfər çərçivəsində iki dövlət arasında ümumilikdə 28 sənəd imzalanıb. İmzalanmış sənədlər sırasında “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” müstəsna əhəmiyyət daşıyır;
- 2020-ci ilin fevralında dövlət səfəri zamanı Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olublar; - 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı Prezident İlham Əliyev dünyanın ən aparıcı italyan şirkətlərinin rəhbərləri ilə görüşüb, hər iki tərəfdən 100-ə yaxın şirkətin iştirakı ilə Romada keçirilən Azərbaycan-İtaliya biznes forumunda iştirak edib;
- İki ölkənin elmi-akademik çevrələri, ali təhsil ocaqları arasında mübadilələr də intensivliyi ilə seçilib. İtaliya dünyada rəqabətə davamlı və yüksək səviyyədə ixtisaslaşmış ali təhsil məkanı kimi tanınır; - Son bir neçə il ərzində iki ölkə arasında mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edib. Pandemiyadan əvvəl Heydər Əliyev Fondu tərəfindən İtaliyada həyata keçirilən layihələr və təşkil olunan tədbirlər mədəniyyət sahəsində əlaqələrin və xalqlararası təmasların inkişafına böyük töhfə verib. İtaliyada ənənəvi olaraq keçirilən Azərbaycan kino və mətbəx festivalları da ölkəmizin mədəniyyətinin təbliğinə əlavə imkanlar açıb. Roma şəhərində mədəniyyət abidələrinin bərpası işlərinə Azərbaycan tərəfindən göstərilən dəstək də İtaliyada ölkəmizin nüfuzunun daha da artmasına təsir göstərib;
- Təhsil sahəsində iki ölkə arasında əldə olunmuş ən əhəmiyyətli nailiyyət Prezident İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılığın əldə olunması idi. Həmin səfər çərçivəsində ADA Universiteti ilə İtaliyanın Luiss Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Keçən müddət ərzində İtaliya-Azərbaycan Universitetinin konseptual və strateji sənədləri hazırlanıb, tərəfdaş kimi Luiss Universiteti ilə yanaşı İtaliya və dünyanın digər aparıcı ali təhsil ocaqları olan Bolonya Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti və Roma Sapienza Universiteti müəyyən olunub. İtaliya-Azərbaycan Universitetində kənd təsərrüfatı və qida sənayesi, mühəndislik, o cümlədən mexanika, elektrik və nəqliyyat mühəndisliyi, memarlıq və dizayn, sosial elmlər, innovasiya və sahibkarlıq ixtisasları tədris olunacaq;
- 2020-ci ilin fevralında imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”də də təhsil və elm sahəsində əməkdaşlığa dair konkret müddəalar əks olunub. Azərbaycan və İtaliyanın universitetləri arasında fəal şəkildə tələbə və akademik mübadilələri ehtiva edən proqramlar icra olunur;
- Ölkələrimiz arasında mədəni əlaqələrin yüksək səviyyəsinin göstəricisi kimi 2020-ci ildə İtaliyada Azərbaycan Mədəniyyət İli elan olunub;
- 2022-ci il aprelin 2-də İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici di Mayonun Bakıya səfəri zamanı Azərbaycan və İtaliya arasında Strateji Dialoqun birinci iclası keçirilib və görüşün nəticəsi olaraq protokol imzalanıb. Bu sənədlə ölkələrimiz arasında münasibətlər yeni, daha yüksək səviyyəyə qədəm qoyub. Tərəflər bir-birini strateji tərəfdaş kimi qəbul etməklə yanaşı, bu strateji tərəfdaşlığın bütün istiqamətlərdə daha da gücləndirilməsi istəyini ortaya qoyublar. Birgə Bəyannamənin digər əhəmiyyətli cəhəti odur ki, o, Azərbaycanın digər ölkələrlə, o cümlədən “Böyük Yeddiliyin” üzvü olan ölkə ilə belə bir adda və ruhda imzaladığı ilk sənəd olub. Birgə Bəyannamə iki ölkə arasında xarici işlər nazirlərinin sədrlik etdiyi Strateji Dialoqu da təsis edib;
- 2022-ci il aprelin 2-də ADA Universitetinin kampusunda İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimində iştirak edib. Tədbirdə İtaliya tərəfini həmin vaxt Bakıda səfərdə olan xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio təmsil edib;
- Prezident İlham Əliyevin İtaliyaya son işgüzar səfəri zamanı isə Romanın mərkəzində açılışı edilən Azərbaycan səfirliyinin yeni inşa olunan binasında Azərbaycanın Mədəniyyət Mərkəzi də fəaliyyət göstərəcək;
- 2022-ci ilin 1 sentyabrında Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib.
Azərbaycanla İtaliyanı bir-birinə bağlayan dərin siyasi və iqtisadi bağlar
Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə gəldikdən sonra ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün həm regionda, həm də Avropada yerləşən və böyük nüfuza malik olan dövlətlərlə yaxın əlaqələr qurmağa, iqtisadi-ticari müqavilələr imzalamağa başladı. Prezident İlham Əliyevin dövründə də eyni ənənə davam etdirildi, Azərbaycan qısa müddət ərzində Avropa dövlətlərinin, xüsusilə İtaliyanın ən etibarlı siyasi və iqtisadi tərəfdaşına çevrildi. İtaliyanın Azərbaycan üçün hərbi-siyasi baxımdan xüsusi əhəmiyyəti ondan ibarətdir ki, İtaliya Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının güclənməsinə fəal dəstək verən ölkədir. Həmçinin Azərbaycanın İtaliya ilə strateji tərəfdaşlıq münasibətlərində iqtisadi-ticarət sahəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. Bu tərəfdaşlıq hər il yüksələn xətt üzrə inkişaf edir. Məsələn, 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi pandemiyadan əvvəlki dövrün göstəricilərini təkrarlayıb (9 milyard ABŞ dolları), 2022-ci ilin 8 ayında isə 2021-ci ilin göstəricisini də keçərək 11 milyard ABŞ dollarından çox olub. Azərbaycan da İtaliyanın Cənubi Qafqaz ölkələri ilə arasında ən iri ticarət tərəfdaşıdır ki, bu bölgədə İtaliyanın apardığı ticarətin 90%-dən çoxu Azərbaycanın payına düşür. Rusiya ilə Avropa dövlətləri arasında Ukrayna müharibəsinə görə gərginliyin pik həddə çatması “köhnə qitə”nin əsas güclərinin Azərbaycana ehtiyacını daha da çoxaldır. Həmin ölkələr sırasında İtaliyanın da adını çəkmək olar. Çünki İtaliya bazarının qaz təchizatçısı Rusiyadır və Brüsselin Moskvaya tətbiq etdiyi sanksiyalara görə Rusiya Avropanın qaz nəqlini dayandırmaqla hədələyir. Təbii ki, belə bir məqamda İtaliya Azərbaycandan qaz nəqliyini artırmağa can atır və bu Bakının Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da artırması deməkdir.
Azərbaycan İtaliyanın neft təchizatında 1-ci, qaz təchizatında isə 3-cü yeri tutur. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib faktordur. Hazırda kəmərin gücü 10 milyard kubmetrdir. Amma onu 20 milyard kubmetrə qədər artırmaq olar. TAP hazırda İtaliyanın qaz tələbatının təxminən 10%-ni qarşılayır. Azərbaycanın Avropaya nəql etdiyi qazın həcminin artırılması ilə bağlı Avropa İttifaqı ilə əldə olunan razılaşmanın reallaşdırılması nəticəsində TAP vasitəsilə İtaliyanın qaza olan tələbatının ödənilməsinin iki dəfəyə qədər artacağı gözlənilir. Azərbaycan İtaliya ilə neft-qaz sahəsi ilə yanaşı, sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə də yaxından əməkdaşlıq edir. Hazırda Azərbaycanda yuxarda sadalanan sektorlar üzrə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir. Bir sıra şirkətlər işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərində iştirak edir, maraq göstərən digər şirkətlərlə isə müzakirələr aparılır.
Azərbaycanla əlaqələrin inkişafı İtaliya üçün prioritet milli marağa çevrilib
Ötən illər ərzində imzalanan sənədlər, onların icrası üçün göstərilən səylər, qarşılıqlı iqtisadi və siyasi maraqlar Azərbaycan-İtaliya münasibətlərində yeni əməkdaşlıq mühiti yaradıb, ölkələri həm siyasi, həm də iqtisadi baxımda bir-biri üçün etibarlı tərəfdaşa çevirib. Prezident İlham Əliyevin İtaliya səfərinə verilən böyük dəyər də bunun bariz nümunəsidir. Xüsusilə qeyd etmək lazımdır ki, İtaliyada bir müddət əvvəl baş vermiş siyasi proseslər, daxili siyasi böhran fonunda prezident İlham Əliyevin Romaya səfər etməsi böyük əhəmiyyətə malikdir. Məlum olduğu kimi, İtaliyada partiyalar arasında qanunvericilik məsələləri ilə əlaqədar konsensusa nail olunmadığı üçün Baş nazir Mario Draqi istefasını elan edib. Konsensus əldə olunmadığı üçün hökumət vaxtından əvvəl səlahiyyətlərini başa çatdırıb. Bu səbəbdən, sentyabrın 25-də keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkilərinə qədər hökumət məhdud çərçivədə fəaliyyətini davam etdirir. Mario Draqi İtaliya Hökumətinin prezidenti səlahiyyətlərini icra edir. Ənənəyə görə, müvəqqəti hökumət dövründə İtaliyada xarici səfərlər baş tutmur, xarici rəsmi heyətlərlə görüş keçirilmir, daxili və xarici siyasət məsələləri üzrə qərarlar qəbul edilmir. Amma Azərbaycanla əməkdaşlığının daha da inkişaf etdirilməsində maraqlı olan rəsmi Roma hökumətin məhdud çərçivədə fəaliyyət göstərməsinə baxmayaraq Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfərinin baş tutması üçün xüsusi səy göstərdi. Bu məqam bir daha sübut edir ki, Avropanın ən nüfuzlu dövlətlərindən biri, 2022-ci ilin göstəricilərinə görə dünyada 8-ci ən böyük iqtisadi güc olan, “Böyük Yeddilik” və NATO üzvü İtaliya prezident İlham Əliyevin rəhbərlik etdiyi Cənubi Qafqazın ən güclü dövləti Azərbaycanla əlaqələrə xüsusi önəm verir. Həm də aydın olur ki, Bakı ilə strateji tərəfdaşlıq münasibətləri Romanın prioritet milli marağına çevrilib.
Həm Azərbaycan prezidenti İlham Əliyev, həm də İtaliya Prezidenti Sercio Mattarella ölkə başçısının səfəri çərçivəsində keçirilən görüşlər, edilən açılışlar zamanı söylədikləri nitqlərdə Bakı-Roma əlaqələrinin inkişafına, əldə edilmiş bütün razılaşmaların həyatda öz əksini tapmasına xüsusi diqqət çəkiblər.
Ölkə başçısı İlham Əliyev Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimindən sonra etdiyi çıxış zamanı bildirib ki, bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır: "Mən çox şadam ki, bu binada keçirilən ilk tədbir məhz təhsil sahəsinə aiddir. Bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır. Təhsil sahəsində biz yeni genişmiqyaslı əməkdaşlığa başlayırıq. İki il bundan əvvəl İtaliyada dövlət səfərində olarkən mən bu təkliflə çıxış etmişdim ki, İtaliya-Azərbaycan Universiteti yaradılsın. İtaliya rəhbərliyi də bunu alqışladı və qısa müddət ərzində artıq biz praktiki fəaliyyətə başlayırıq. Bu ilin aprel ayında Bakıda ADA Universitetinin kampusunda İtaliya xarici işlər naziri cənab Luici Di Maionun iştirakı ilə yeni tədris korpusunun təməli qoyuldu. İtaliyanın aparıcı universitetləri ilə ADA Universitetinin əməkdaşlığı iki ölkə arasındakı dostluq əlaqələrini möhkəmləndirəcək. Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti, Roma Sapienza Universiteti – bu adlar İtaliyanın kənarında da məşhurdur. Onu da bildirməliyəm ki, İtaliya-Azərbaycan Universitetinin nəzdində iki institut – Kənd Təsərrüfatı və Qida Elmləri İnstitutu və Dizayn və Memarlıq İnstitutu fəaliyyət göstərəcək".
İtaliya Prezidenti Sercio Mattarella isə ölkə başçısı İlham Əliyev ilə görüşü zamanı Bakı ilə Roma arasında diplomatik əlaqələrin qurulmasının 30-cü ildönümünə diqqət çəkib: "Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin 30 illiyini qeyd edirik. Bu səhər Siz Azərbaycan səfirliyinin yeni binasını açdınız. Bu, İtaliya ilə Azərbaycan arasında dostluq əlaqələrinin mühüm nümunəsidir. Əlaqələrimizin strateji əhəmiyyətindən xəbər verən 2020-ci ildəki səfərdən sonra Sizi burada Kuirinale Sarayında yenidən qəbul etməkdən çox məmnunam və şərəf hissi duyuram. Bir daha xoş gəlmisiniz, cənab Prezident".
Hər iki dövlət başçısının çıxışından, Roma və Bakı arasında ötən dövr ərzində imzalanan sənədlərin həyata keçirilməsinə göstərinə diqqətdən aydın olur ki, Azərbaycanla İtaliya arasında münasibətlər bundan sonra daha yüksək səviyyədə inkişaf edəcək, şaxələnəcək, həm iqtisadi, həm də siyasi sahədə əməkdaşlıq çoxtərəfli müstəfiyə qədəm qoyacaq.
Avropanın ən böyük iqtisadi güclərindən biri İtaliya ilə Azərbaycanın siyasi əlaqələrinin genişlənməsi Bakının “köhnə qitə”dəki nüfuzunu daha da artıracaq, beynəlxalq təşkilatlardakı mövqeyimizi gücləndirəcək. İqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi isə Azərbaycandan İtaliyaya, İtaliyadan isə Azərbaycana böyük investiya axını ilə nəticələnəcək.
Hazırda Azərbaycanda çoxşaxəli investisiya mühiti mövcuddur və beynəlxalq investorlar üçün geniş imkanlar yaradılıb. Azərbaycanın Avropa İttifaqının ən əhəmiyyətli üzvü olan İtaliya ilə yaxın iqtisadi əlaqələri, etibarlı tərəfdaş imici beynəlxalq investorların diqqətini daha çox cəlb edəcək və transmilli şirkətlər beynəlxalq ticarət yollarının - Şərq-Qərb, Şimal-Cənub nəqliyyat layihələrinin, inşa edilməkdə olan “Zəngəzur dəhlizi”nin üzərində yerləşən Azərbaycana sərmayə qoymaq üçün rəqabətə girəcəklər. Təbii ki, dünyada davam edən gərgin iqtisadi təlatümlər, müharibələr və siyasi gərginliklər fonunda prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirlən layihələr, dövlətlərlə qurulan dərin iqtisadi-siyasi əlaqələr Azərbaycan dövlətinin inkişafına, xalqın rifanın daha da yaxşılaşdırılmasına xidmət edir.