Bu gün:
Xezer.info » Eksklüziv » Prezident İlham Əliyevin İtaliyaya səfəri: strateji münasibətlərin inkişafına yeni təkan

Prezident İlham Əliyevin İtaliyaya səfəri: strateji münasibətlərin inkişafına yeni təkan


Prezident İlham Əliyevin İtaliyaya səfəri: strateji münasibətlərin inkişafına yeni təkan
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə bu ölkədə işgüzar səfərdədir. Sentyabrın 2-dək davam edəcək səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir.

Səfərin məqsədi Prezident İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı ölkələrimiz arasında çoxşaxəli strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair imzalanmış Birgə Bəyannamənin icrası prosesində bir sıra istiqamətlər üzrə cari məsələlərin müzakirəsi, bu sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və nəticələrə yönəlmiş sonrakı addımların müəyyən edilməsidir.

Prezident İlham Əliyevin Çernobbioda (İtaliya) “Ambrozetti" Avropa evi analitik mərkəzi tərəfindən hər il keçirilən beynəlxalq forumda əsas qonaq qismində iştirak edəcəyi gözlənilir. 1965-ci ildə əsası qoyulmuş “Ambrozetti" Avropa evi İtaliyada idarəetmə və konsaltinq xidmətləri sahəsində aparıcı beyin mərkəzidir. Bu forumun əsas plenar iclasında Prezident İlham Əliyevin “Enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu” mövzusunda çıxış edəcəyi gözlənilir.

Qeyd etmək lazımdır ki, səfər İtaliyanın müvəqqəti hökuməti dövründə həyata keçirilir. Ənənəvi olaraq, müvəqqəti hökumət dövründə İtaliyaya xarici səfərlər həyata keçirilmir, xarici rəsmi nümayəndə heyətləri ilə görüşlər omur, daxili və xarici siyasət məsələləri ilə bağlı qərarlar qəbul edilmir. Prezident İlham Əliyevin səfərinin hökumətin məhdud fəaliyyətinə baxmayaraq baş tutması İtaliya tərəfinin Azərbaycanla strateji əlaqələrə böyük önəm verdiyini nümayiş etdirir.

İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. Xüsusilə, rəsmi Roma Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının gücləndirilməsini fəal şəkildə dəstəkləyir.

Prezident İlham Əliyevin 2020-ci il fevralın 19-21-də İtaliyaya dövlət səfəri zamanı “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında çoxşaxəli strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair Birgə Bəyannamə”nin imzalanması ilə ölkələrimiz arasında əlaqələr yeni, daha yüksək səviyyəyə çıxdı.

Bu sənəd çərçivəsində tərəflər bütün sahələrdə strateji tərəfdaşlığı daha da gücləndirməyə hazır olduqlarını ifadə ediblər. Birgə Bəyannamənin digər mühüm cəhəti ondan ibarətdir ki, bu, Azərbaycanın "Böyük yeddilik" ölkəsi ilə imzaladığı ilk belə sənəddir.

Azərbaycan ilə İtaliya arasındakı münasibətlərdə ticari-iqtisadi sahədə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. İtaliya Azərbaycanın bir nömrəli ticarət və ixrac tərəfdaşıdır. 2021-ci ildə iki ölkə arasında ticarətin həcmi pandemiyadan əvvəlki dövr səviyyəsinə (9 milyard ABŞ dolları) çatıb, 2022-ci ilin ilk səkkiz ayında isə 2021-ci ilin göstəricisini üstələyərək 11 milyard ABŞ dollarından çox olub.

Azərbaycan İtaliyanın Cənubi Qafqaz ölkələri arasında ən böyük ticarət tərəfdaşıdır. İtaliyanın bu regiondakı ticarətinin 90 faizindən çoxu Azərbaycanın payına düşür.

Enerji sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycan İtaliyaya neft tədarükünə görə birinci, qaz tədarükünə görə isə üçüncü yerdədir. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığının və İtaliyanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm amildir.

TAP hazırda İtaliyanın qaz tələbatının təxminən 10 faizini təmin edir. Azərbaycanın Avropaya nəql etdiyi qazın həcminin artırılması ilə bağlı Avropa İttifaqı ilə əldə edilmiş razılaşmanın həyata keçirilməsi nəticəsində bu rəqəm iki dəfə artacaq. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı kimi sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir. İşğaldan azad edilmiş ərazilərdə bir sıra şirkətlər bərpa və tikinti işləri aparır, digər maraqlı şirkətlərlə danışıqlar aparılır.

Son illər iki ölkə arasında mədəniyyət və humanitar fəaliyyət sahəsində əməkdaşlıq yüksələn xətlə inkişaf edib. Pandemiyadan əvvəl Heydər Əliyev Fondunun İtaliyada təşkil etdiyi layihələr və tədbirlər iki ölkə xalqları arasında mədəniyyət sahəsində əlaqələrin və təmasların inkişafına böyük töhfə verib. Ölkələrimiz arasında mədəni əlaqələrin yüksək səviyyəsinin göstəricisi olaraq 2020-ci il İtaliyada Azərbaycan Mədəniyyəti İli elan edilmişdi.

Azərbaycan və İtaliya arasında təhsil sahəsində əlaqələr 2002-ci il iyunun 1-də Bakıda hökumətlər arasında mədəniyyət, elm və texnologiya sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması ilə genişlənməyə başlayıb.

Ölkələr arasında təhsil sahəsində əldə olunan ən mühüm nailiyyət Prezident İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılmasına dair razılaşma olub.

Bu səfər çərçivəsində ADA Universiteti ilə İtaliyanın LUISS Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Ötən müddət ərzində İtaliya-Azərbaycan Universitetinin konseptual və strateji sənədləri hazırlanıb, tərəfdaşlar qismində Bolonya Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti və Roma "La Sapienza" Universiteti, eləcə də LUISS Universiteti müəyyən edilib.

Bu uğurlu əməkdaşlığın davamı olaraq 2022-ci il sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universitetində əməkdaşlıq çərçivəsinin müəyyənləşdirilməsi, fakültələrin və proqramların yaradılması ilə əlaqədar ADA Universiteti ilə İtaliyanın beş aparıcı İtaliya ali təhsil müəssisəsi - LUISS Quido Karli, Roma "La Sapienza" Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti və Bolonya Universiteti arasında akademik əməkdaşlıq barədə müqavilələrin mübadiləsinə həsr olunmuş mərasim keçirilib.

Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasında baş tutan tədbirdə Prezident İlham Əliyev iştirak edib.

Dövlət başçısının çıxışında qeyd etdiyi kimi, mərasim onu​​göstərir ki, biz gələcəkdə təhsil sahəsində də strateji tərəfdaş kimi çıxış edəcəyik.

Beləliklə, artıq çox uğurla başlayan bu səfərlə müxtəlif sahələrdə əməkdaşlıqda yeni səhifə açacaq.