Bu gün:
Xezer.info » Siyasət » Brüssel görüşü Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olunması üçün açardır

Brüssel görüşü Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olunması üçün açardır


Brüssel görüşü Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olunması üçün açardır
Avqustun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüş keçirib. Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri dialoqu davam etdirmək üçün Avropa İttifaqının himayəsi altında dördüncü dəfə görüşüblər.

Bunu Trend-ə Sülh və Diplomatik Araşdırmalar İnstitutunun direktoru, pakistanlı politoloq Məhəmməd Asif Nur deyib.

"Bu görüş regional sülh və təhlükəsizlik üçün yaxşı əlamətdir. Aİ iki ölkənin dialoqu davam etdirməsini vacib hesab edir və onlar bunu nə qədər çox etsələr, regionda sülhün bərqərar olması üçün bir o qədər perspektivlər olacaq", - deyə o bildirib.

M.A.Nur qeyd edib ki, görüş zamanı sülh müqaviləsinin imzalanması, eləcə də bu ilin mayında yaradılmış sərhədin delimitasiyası komissiyasının fəaliyyəti kimi məsələlər müzakirə olunub.

“Bu, regionda uzunmüddətli sülhün bərqərar olması istiqamətində mühüm addımlardır və hazırkı qlobal qeyri-sabitlik kontekstində çox vacibdir”, - pakistanlı politoloq deyib.

O əlavə edib ki, müzakirələrin digər mühüm məqamı itkin düşmüş şəxslərlə bağlı humanitar aspekt və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi prosesidir.

Onun sözlərinə görə, regionun strateji mövqeyi nəzərə alınaraq, xüsusilə Asiya və Avropada ticari-iqtisadi əlaqələrin yaradılması baxımından bu ölkələr arasında sülh çox vacibdir, amma bu, bir çox amillərdən asılıdır.

"Regionlararası ticarətlə bağlı məsələ və ya bu istiqamətdə əməkdaşlığın qurulması variantları Ermənistan tərəfinin davranmasından asılıdır", - politoloq sözlərini yekunlaşdırıb.

Xəzər Siyasi Mərkəzinin baş icraçı direktoru Əfqan Nifti öz növbəsində qeyd edib ki, Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin Şarl Mişelin vasitəçiliyi ilə danışıqları davam etdirməsini görmək sevindiricidir.

"Hamı başa düşür ki, uzun illər davam edən münaqişələrdən sonra sülhə nail olmaq asan proses deyil, lakin Azərbaycan və Ermənistan arasında potensial saziş hər iki ölkəyə və regiona praktiki fayda gətirəcək. Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhə nail olmaq Cənubi Qafqazda firavanlıq və təhlükəsizliyin açarıdır”, - deyə o bildirib.

Ekspertin fikrincə, daha bir mühüm gözlənti regional nəqliyyat kommunikasiyalarının açılmasıdır, çünki bu region Orta Dəhliz vasitəsilə tranzit və ticarət üçün əhəmiyyət kəsb edir.

"ABŞ da Aİ rəhbərliyinin Azərbaycan və Ermənistanı danışıqlar masasına cəlb etmək üçün davam edən səylərini qətiyyətlə dəstəkləyir. Aydındır ki, bütün məsələlər bir görüşdə həll edilmir, lakin əsas məsələ iki ölkə arasında dayanıqlı sülhün əldə edilməsi istiqamətində davamlı irəliləyişdir”, - deyə Ə.Nifti sözlərini yekunlaşdırıb.

(Tərcümə: Orxan Nəbiyev)