Azərbaycan Ordusu Zabux və Sus kəndlərində mövqelərin dəqiqləşdirilməsinə başlayıb
01-sen-2022Azərbaycan Ordusunun bölmələri Laçın rayonunun Zabux və Sus kəndlərində yeni dislokasiya məntəqələrində yerləşmə və mövqelərin dəqiqləşməsi prosesini həyata keçirir.
Bunu Trend-ə açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən, polkovnik-leytenant Anar Eyvazov deyib. O bildirib ki, hazırda Azərbaycan Ordusunun mühəndis istehkamçıları tərəfindən həmin ərazilər minalardan təmizlənir.
"Mina axtarışlarına eyni zamanda hərbi polisin xüsusi təlim keçmiş itləri də cəlb edilib. Təəssüflə bildirmək istəyirəm ki, son iki həftə ərzində Laçın rayonu ərazisində aparılan mina axtarışları zamanı 1300-dən artıq piyada əleyhinə mina aşkar edilib ki, bunların 2021-ci ildə Ermənistanda istehsal olunduğu müəyyənləşib. Bu da açıq şəkildə erməni silahlı birləşmələrinin Azərbaycan Ordusunun hərbi qulluqçularına və Azərbaycanın mülki əhalisinə qarşı mina təcavüzüdür",- polkovnik-leytenant deyib.
A.Eyvazov bildirib ki, həmin ərazilərdəki hərbi qulluqçularımızın maddi-texniki təminatı üçün bölmələrimizin sosial məişət şəraiti də yüksəldilir: "Hərbi ütün növ təminatının həyata keçirilməsi üçün zəruri tədbirlər görülür. Ali Baş Komandanın tapşırığına əsasən, azad olunmuş digər ərazilər kimi, Laçın rayonunun Zabux və Sus yaşayış məntəqələrində də hərbi qulluqçularımızın sosial məişət şəraiti ən yüksək səviyyəyə çatdırılacaq", - A.Eyvazov bildirib.