Prezident İlham Əliyev BƏƏ Prezidentini təbrik edib
01-sen-2022Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Al Nəhyana təbrik məktubu göndərib.
Trend-in məlumatına görə, məktubda deyilir:
"Əlahəzrət,
Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan Respublikası ölkənizlə İslam həmrəyliyi, qarşılıqlı dəstək və etimad kimi sağlam təməllər üzərində qurulmuş dostluq və əməkdaşlıq əlaqələrinə böyük önəm verir. Ötən onilliklər ərzində ikitərəfli münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Dövlətlərarası əlaqələrimizin möhkəmlənməsində Sizin şəxsi töhfənizi xüsusi vurğulamaq istəyirəm.
Bu gün aramızda mövcud olan yüksək səviyyəli siyasi dialoq iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığımız ilə müşayiət olunmaqdadır. OPEC+ çərçivəsində işbirliyimizin səviyyəsi təqdirəlayiqdir. Eyni zamanda, bərpaolunan enerji və investisiya sahələrində ölkələrimizin səmərəli birgə fəaliyyəti bizi sevindirir. Dost ölkənizin “Masdar” şirkəti tərəfindən “Qaradağ Günəş Elektrik Stansiyası”nın inşası iqtisadi əlaqələrimizin şaxələndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Hesab edirəm ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında bütün sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli şərait mövcuddur. Əminəm ki, bu imkanlardan istifadə edərək birgə səylərimizlə ənənəvi dostluq münasibətlərimizin möhkəmlənməsinə və qarşılıqlı fəaliyyətimizin əhatə dairəsinin daha da genişlənməsinə nail olacağıq.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Birləşmiş Ərəb Əmirliklərinin xalqına daim rifah və firavanlıq diləyirəm".