Bu gün:
Xezer.info » Siyasət » Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir - Vüqar Rəhimzadə

Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir - Vüqar Rəhimzadə


Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir - Vüqar Rəhimzadə
1991-ci ilin 3 sentyabrı müstəqillik tariximizin ən parlaq səhifələrindən biridir

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən 31 il ötür. İllər keçdikcə bu tarixin ölkəmizin həyatında xüsusi yeri daha aydın görünür. Dahi şəxsiyyətin Sədr seçildiyi bu gün təkcə muxtar respublikanın deyil, bütövlükdə Azərbaycanın xilası kimi tarixə yazılıb.

Bu fikirlərin o dövrün reallıqlarını tamamilə əks etdirdiyinə əmin olmaq üçün həmin illərdə görülən işlərin, atılan addımların, qəbul edilən qərarların xronologiyasına diqqət yetirmək kifayətdir. 1990-cı ildə sovet imperiyasının törətdiyi 20 Yanvar hadisələrinə münasibət bildirən Ulu Öndərin Azərbaycanın Moskvadakı nümayəndəliyində verdiyi bəyanatı vətəndaşlıq borcu, kommunist rejiminə qarşı etiraz, siyasi qətiyyət adlandıran Prezident İlham Əliyev müdrik siyasətçi Heydər Əliyevin Naxçıvandakı fəaliyyətini Azərbaycanın müstəqilliyə gedən yolunun başlanğıcı adlandırır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edildi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxıldı və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etdi. Bu bayraq Naxçıvan Muxtar Respublikasında 1990-cı il noyabrın 17-də, Azərbaycanda isə 1991-ci il fevralın 5-də qaldırıldı.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə ümummilli lider Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri seçilməsindən ötən 31 ili təhlil edərkən söyləyib.

Vüqar Rəhimzadə bu məqamı da xüsusi vurğulayıb ki, həmin illər muxtar respublikanın həyatında yeni dövrün başlanması kimi xarakterizə edilsə də, Azərbaycan o illərdə çox çətin günlərini yaşayırdı: «Müstəqilliyini yenidən bərpa edən Azərbaycanın ilk illərdə yaşadıqları hər kəsə məlumdur və tariximizin qara səhifəsi kimi xarakterizə olunur. O vaxt Azərbaycanda hakimiyyəti silah gücünə zəbt edən AXC-Müsavat cütlüyü xalqın inamını tamamilə itirmişdi. Bu qaragüruhun antimilli siyasəti xalqda böyük hiddət doğururdu. Bacarıqsızlıq, qeyri-peşəkarlıq, hakimiyyət hərisliyi nəticəsində ölkə demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkəmizi xaos, anarxiya bürümüşdü. Qeyri-qanuni silahlı birləşmələr küçələrdə əli silahlı gəzir, insanları incidirdilər. O illərdə ölkəmizi kütləvi rüşvətxorluq bürümüşdü. Torpaqlarımızın işğal altına düşməsi, iqtisadi, hərbi böhran demək olar ki, ölkəmizin gələcək müstəqil həyatına böyük təhlükə yaradırdı. Belə olan halda əlbəttə ki, xalq ümidini özünün əbədi lideri ulu öndər Heydər Əliyevə bağlamışdı.»

«Ümummilli lider Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti çox zəngin, ağır və eyni zamanda, şərəfli bir dövrü əhatə edir» söyləyən YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, uzaqgörən siyasi xadimin Naxçıvandakı siyasi fəaliyyəti sonralar Azərbaycanın müstəqilliyinin bərpa edilməsində əsas rol oynamışdır: «Ulu Öndərin Naxçıvanda çalışarkən xalq və dövlət qarşısında ən böyük xidmətlərindən biri insanlarda milli təfəkkür və milli məfkurənin formalaşdırılması idi. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malik hadisə oldu. Blokada şəraitində yaşayan muxtar respublikanın inkişafının və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də bu bölgənin gələcək tərəqqisi istiqamətində mühüm addımlar atıldı. Belə ki, qonşu İran və Türkiyə ilə əməkdaşlıq gücləndi, hər iki ölkədən muxtar respublikaya ərzaq, sənaye malları, ən başlıcası isə enerji verildi. Türkiyə ilə əlaqələrin möhkəmləndirilməsi üçün «Ümid» körpüsü salındı. O vaxtlar paytaxt Bakı ilə yeganə nəqliyyat yolu hava limanı idi. Bakıda Naxçıvan nümayəndəliyi yaradıldı. Həmin illərin ən mühüm tarixi hadisələrindən biri bu gün milyonların partiyasına çevrilən, sıralarında 800 minə yaxın üzvü birləşdirən, yaxın zamanlarda 30 illik yubileyini qeyd edəcək Yeni Azərbaycan Partiyasının yaradılması oldu. Xalqın böyük əksəriyyətinin istəyini özündə ifadə edən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə yeni partiyanın yaradılması ilə bağlı ünvanladıqları «Azərbaycan Sizin sözünüzü gözləyir» müraciəti, eyni zamanda, ulu öndər Heydər Əliyevin bu müraciətə «Yeni müstəqil Azərbaycan uğrunda» cavabı həmin dövrün aydın mənzərəsini əks etdirir. Məhz yaranması Azərbaycanın ən çətin və mürəkkəb tarixi dövrünə təsadüf edən Yeni Azərbaycan Partiyası ötən bu illər ərzində tutduğu yola sadiqlik nümayiş etdirərək Heydər Əliyev ideyalarının fəal təbliğatçısı funksiyasını şərəflə yerinə yetirir. YAP müxalifət partiyası kimi yaradılsa da heç zaman dövlətə, dövlətçiliyə müxalifətdə olmamışdır. Dünya praktikasında belə bir məqama rast gəlinməyib ki, hansısa partiya yaranmasından keçən çox qısa müddət ərzində iqtidar partiyasına çevrilsin. Yeni Azərbaycan Partiyası məhz belə istisnalara malik olan yeganə partiyadır. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra nəinki ölkəmizin, eyni zamanda, Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin əsası qoyuldu.»

Vüqar Rəhimzadə ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı misilsiz xidmətlərinin miqyasını bir yazı çərçivəsində əhatə etməyin mümkünsüzlüyünü önə çəkərək bildirib ki, bugünkü Azərbaycan Ümummilli Liderin görmək istədiyi Azərbaycandır: “İstər ölkəmizdə hakimiyyətinin hər iki dövründə, istərsə də fəaliyyətinin Naxçıvan mərhələsində atdığı hər bir addımın təməlində Azərbaycanın müstəqil gələcəyi, xalqımızın azad, firavan həyatı dayanırdı. Azərbaycanı qüdrətli, zəngin, qalib ölkə kimi görmək dahi liderin ən böyük arzusu idi. O, bu arzunun xeyli hissəsini 1993-2003-cü illərdə müstəqil Azərbaycan dövlətinə rəhbərlik edərkən atdığı addımlar, düşünülmüş və məqsədyönlü siyasəti ilə reallığa çevirdi. Bu faktları qeyd etmək kifayətdir ki, Ümummilli Liderin müəllifi olduğu yeni neft strategiyası Azərbaycana böyük uğurlar qazandırıb. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi nüfuz sahibi olub. Dünyanın ən islahatçı ölkələri sırasında qərarlaşıb. Demokratik dəyərlərə sözdə deyil, əməldə sadiq olan ölkə kimi tanınır. Ən əsası sözünün imzası qədər dəyəri olduğunu dünyada cərəyan edən proseslərə təsir imkanları ilə təsdiqləyir. Çünki Azərbaycanın xarici siyasəti ədalətə və beynəlxalq hüquqa, eyni zamanda, heç bir dövlətin daxili işinə müdaxilə etməməyə əsaslanır. Həmçinin öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Bu fikir ən yüksək tribunalardan bəyan edilir ki, heç bir qüvvə Azərbaycan xalqının siyasi iradəsinə təsir etmək imkanında deyil. Həmçinin heç kim Azərbaycanla diktat dilində danışa bilməz. Azərbaycan siyasətində müstəqil olduğunu hər bir addımında dünyaya nümayiş etdirir. Məhz uğurlu, düşünülmüş və məqsədyönlü siyasətin qısa zamanda öz nəticəsini verəcəyinə əminlikdən irəli gəlirdi ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan zaman Azərbaycanın bu çətinlikləri arxada qoyacağını, hər kəsin belə qüdrətli, güclü dövlətin vətəndaşı olması ilə fəxr edəcəyini bildirmişdi. Azərbaycan çox qısa zamanda Ümummilli Liderin qarşıya qoyduğu məqsədə yüksək səviyyədə nail olaraq dünyaya Günəş kimi doğdu.»

YAP Xətai rayon təşkilatının sədri ötən 31 ilin reallıqlarından biri kimi 2003-cü ildə ulu öndər Heydər Əliyevin xalqa müraciətində etimadın növbəti ünvanını göstərməsi oldu: «Ümummilli Lider bildirdi ki, başa çatdıra bilmədiyi layihələri, işləri xalqın dəstəyi ilə cənab İlham Əliyev həyata keçirəcək. Dahi Lider Ona Özü qədər inandığını bildirdi. Həmin müraciətdə etimadın ünvanı kimi Yeni Azərbaycan Partiyası da göstərilmişdi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası tarixi Zəfərimizin reallıqları fonunda yeni tərkibini formalaşdırmaqla, mühüm qərarlar qəbul etməklə gələcəyə doğru böyük inamla addımlayır. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın ötən ilin martında tarixi Zəfərimizin yaratdığı yeni reallıqların fonunda keçirilən VII qurultayında bir daha bu əminliyi ifadə etdi ki, YAP bundan sonra da ölkədə gedən bütün proseslərin mərkəzində olacaq.»

Azərbaycanın 2003-cü ildən bugünədək keçdiyi inkişaf yoluna nəzər salan Vüqar Rəhimzadə bu uğurların zirvəsində dayanan tarixi Zəfərimizi keçilən yolun aydın mənzərəsi kimi təqdim edib: «Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, dövlətimizin qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində 44 günlük İkinci Qarabağ müharibəsində Qələbə qazanıb dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Azərbaycanı qalib, ərazi bütövlüyünü təmin edən ölkə kimi görmək Ulu Öndərin ən böyük arzusu idi. Məhz buna görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən bildirmişdir: «Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!"

YAP Xətai rayon təşkilatının sədri bu məqamı da xüsusi qeyd edib ki, İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran Azərbaycanın qarşısında duran həlli vacib məsələlərdən olan Zəngəzur dəhlizinin reallaşması da Ulu Öndərin ən böyük istəklərindən biri idi. “Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq” söyləyərək bu istiqamətdə mühüm addımlar atan Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin bu istəyini də reallığa çevirir.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirmə aparıb ki, Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir. Heydər Əliyev irsinin təbiliği məqsədilə yaradılan Heydər Əliyev Fondu da uğurlu layihələri ilə Azərbaycanın hərtərəfli inkişafına öz töhfələrini verir: “Hazırkı dövr işğaldan azad edilmiş ərazilərimizdə həyatın bərpası dövrüdür. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri, burada aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olmaları hər birimizdə sonsuz qürur hissi doğurur və Milli Prioritetlərin reallığa çevrilməsinə böyük əminlik yaradır. Artıq soydaşlarımızın Böyük Qayıdışı reallaşmaqdadır. Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın avqustun 27-də Laçına qayıdışımızla bağlı paylaşımları özündə mühüm məqamları və çağırışları ehtiva edir. Heydər Əliyev yolunun uğurlarını yaşayan Azərbaycan bundan sonra da daha möhtəşəm hədəfləri reallığa çevirəcək, dünyanı heyrətləndirəcək, dünya azərbaycanlılarını qürurlandıracaq.”