Sabahdan balıq ovuna qadağa ləğv edilir
31-avq-2022Balıqların kürüləmə dövrü ilə əlaqədar 1 may 2022-ci il tarixindən balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabr ayının 1-də bitir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Su Nəqliyyatında Polis İdarəsindən Trend-ə verilən birgə məlumata görə, balıq ovlayarkən yalnız qanunvericiliklə qadağan olunmayan ov alətlərindən istifadə edilməlidir.
Ov zamanı zəhərli, kimyəvi və partlayıcı maddələrdən, eyni zamanda qanunla ölkədə dövriyyəsi qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq və digər alətlərdən istifadə edən şəxslər Su Nəqliyyatında Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediləcəklər.
Sənaye balıq ovu ilə məşğul olmaq istəyən şəxslər 5 saylı “ASAN xidmət” mərkəzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin pəncərəsinə müraciət edərək müvafiq icazə sənədini əldə etməlidirlər. Üzən vasitələr müvafiq qaydada qeydiyyatdan keçirilməli, ovlanmış balıq və digər su bioresursları barədə məlumatları əks etdirən vətəgə jurnalında gündəlik balıq ovu barədə qeydiyyat aparılmalıdır.
Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz tutulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.