Allahşükür Paşazadənin “VİP” namazı etiraz doğurdu
23-iyul-2016Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dünən Zaqatalada dini icma və ictimaiyyət nümayəndələrinin iştirakı ilə müşavirə keçirib.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Şeyxülislam Allahşükür Paşazadə Zaqatala şəhər Cümə məscidini ziyarət edərək orada namaz qılıb, dualar oxuyub.
Allahşükür Paşazadənin məsciddə namaz qıldığı vaxt əhalinin məscidə girişi qadağan olunub. “Basta”ya Zaqataladan verilən məlumata görə, Məscidin giriş qapısında polis postu qurulub və namaza gələn yüzlərlə insan geri qaytarılıb. Bu addım yerli dindarların narazılığına səbəb olub.
“Allahşükür Paşazadənin arxasında oturub namaz qılardıq, bu daha yaxşı bir əməl olardı, amma bizi məscidə buraxmadılar. Mülki geyimli polis əməkdaşları insanları hər gün namaz qıldıqları məscidin qapısından geri qaytardılar.
Özü də bunu bir üzrxahlıqla yox, əmrlə, sayğısızlıqla etdilər. Bu addım hamının narazılığına, hətta təəccübünə səbəb oldu” – mənbə bildirib.
interpress.az