Lerikin təhsil şöbəsində “kəsir” yaranıb
23-iyul-2016Balaşirin Nəsirov həmin “kəsirləri” müəllim və direktorlara onların öz məzuniyyət pullarından ödətdirir
Artıq bir neçə müddətdir ki, ölkənin orta təhsil müəssisələrində yay tətilləri başlamışdır. Lakin sən demə, bu tətillərin əslində rayon təhsil şöbələrindən bəzilərinin fəaliyyətində müşahidə olunan aktivliyə qətiyyən heç bir təsiri olmur. Xüsusilə də, əgər bu aktivlik həmin şöbələrin rəhbərliyi tərəfindən həyata keçirilən pul yığımlarına aiddirsə. Son vaxtlar bizimdovr.az-a davamlı olaraq daxil olan məlumatlardan belə qənaətə gəlmək olur ki, məhz elə pul yığımları mövzusunda yüksək aktivliyi ilə seçilən belə müəssislərdən biri kimi də Lerik Rayon Təhsil Şöbəsini qeyd etmək olar. Mövzuya dair dərc etdiyimiz ötən materiallarda da göstərdiyimiz kimi, redaksiyamıza təqdim olunan açıqlamalarda Lerik RTŞ-nin müdiri Balaşirin Nəsirovun yarıtmaz fəaliyyətindən, bu məmurun öz işində yol verdiyi ciddi qanun pozuntularından əraflı bəhs olunur. Həmçinin ötən yazılarda əldə etdiyimiz məlumatlara istinadən biz artıq bildirmişdik ki, bu gün Balaşirin Nəsirovun yarıtmaz fəaliyyəti səbəbindən, Lerik rayonunda məhz təhsil sahəsində həyata keçirilən dövlət islahatları hələ də əngəlləməkdədir. Məhz bu strukturun qeyri-qənaətbəxş fəaliyyəti rayonda təhsilin hələ də həddindən artıq aşağı səviyyədə qalmasına səbəb olur. Digər tərəfdən isə, Balaşirin Nəsirov tərəfindən davamlı olaraq yol verilən rüşvətxorluq və korrupsiya əməlləri yetişməkdə olan gənc nəslin mənəviyyatına da ağır zərbələr vurur.
Maraqlıdır ki, bu RTŞ müdirinin özbaşınalıqlarından şikayət edən şəxslər təkcə sadə vətəndaşlar deyil, daha çox məhz pedaqoji fəaliyyətlə məşğul olan insanlardır. Səbə isə budur ki, Balaşirin Nəsirov öz fəaliyyətlərini sadəcə ölkə qanunları çərçivəsində tənzimləməkdə qərarlı olan məktəb direktorları və müəllimlərlə açıq-aşkar ədavət aparır, onların çalışdıqları məktəblərin normal fəaliyyətinə müxtəlif əngəllər törədir. Və əlbəttə ki, bu vəziyyət ilk növbədə həmin insanların RTŞ müdirinin rüşvət ələblərinə əməl etməmələrilə izah olunur. Bu barədə bir müddət əvvəl Lerik rayonu, M.Qafarov adına Siyov kənd tam orta məktəbinin direkrou İlham Əvəz oğlu Əmirovun təqdim etdiyi açıqlamada da açıq-aşkar qeyd olunmuşdu: “Səbəb aydındır. Hər ay müdirin tələb etdiyi rüşvəti verə bilmirəm. Çünki mənim həmişə əsas işim təhsilin səviyyəsini qaldırmaq olmuşdur. Heç bir müəllimdən rüşvət almadığıma görə, heç kimə rüşvət verə də bilmirəm...” Daha sonra, elə açıqlamada Lerik məktəblərində “ölü canlar” təcrübəsinin tətbiq olunmasından bəhs edilirdi: “Təhsil şöbəsinin müdiri təqaüddə olan bəzi müəllimlərdən 500 manatdan 1000 manatadək rüşvət alaraq, buna heç bir ehtiyac olmadığı halda, onlarla müqavilələr bağlayır. Hansı ki, həmin müəllimlərdən bir çoxları nə dərs saatları ilə təmin olunmurlar, nə də ümumiyyətlə məktəbə gəlmirlər. Lakin məhz bu yolla, dövlət vəsaitləri əmək haqqı formasında mənimsənilir...”
Həmçinin aldığımız digər açıqlamalarda bildirilir ki, B.Nəsirovun Lerik rayon Təhsil Şöbəsində yaratdığı qeyri-sağlam mühit rayon ictimaiyyətini, ağsaqqaları, ziyalıları olduqca narahat edir. Məhz onun RTŞ-yə rəhbərlik etdiyi illər ərzində rayon məktəblərində dərslər demək olar ki, tədris olunmur. Bir sıra məktəb direktorları məktəbə aid olmayan işlərlə məşğul olmaqla iş günlərini başa vururlar. RTŞ müdirinin daha bir qanunsuz əməli də hər tədris ilinin əvvəlində şagirdlərin sayının qanunsuz olaraq şişirdilərək, məktəblərdə siniflərin sayının çoxaldılması ilə bağlıdır. Həmin siniflərdə tədris olunan dərslərə ayrılan pullar da B.Nəsirov tərəfindən mənimsənilir.
Yeri gəlmişkən, mövzuya dair son dərc etdiyimiz yazıda biz göstərmişdik ki, Balaşirin Nəsirov yay tətilləri öncəsi Lerikin orta məktəblərində pul yığımlarının son mərhələsinə start vermiş və direktorlara da qəti olaraq tapşırmışdır ki, məktəblərdə son zəng vurulana qədər, bu yığımlar tam başa çatmalıdır. Lakin yeni aldığımız məlumata görə bu tapşırıq hələ də tam olaraq yerinə yetirilməyib. Buna görə də, hazırda Balaşirin Nəsirov yaranmış “kəsirləri” müəllim və direktorlara onların öz məzuniyyət pullarından ödətdirir...
Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.