Bu gün:
Xezer.info » Cəmiyyət » “Location” gecə klubundakı partlayışda ciddi xəsarətlər alan əcnəbi məhkəmədə ifadə verib

“Location” gecə klubundakı partlayışda ciddi xəsarətlər alan əcnəbi məhkəmədə ifadə verib


“Location” gecə klubundakı partlayışda ciddi xəsarətlər alan əcnəbi məhkəmədə ifadə verib
Bakıda “Location” gecə klubundakı partlayışa görə ittiham olunan Rəsul Rəsulov, Orxan Səfərov və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirlib.

Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş qismində tanınmış Nigeriya vətəndaşı Momodu Fatimah Semira dindirilib.

O, hadisə baş verən gün əylənmək məqsədilə klubda olub. Hadisə nəticəsində ən ağır dərəcəli bədən xəsarəti alıb. İki dəfə əməliyyat keçirsə də, hələ də əllərini hərəkət etdirə bilməyən zərərçəkmiş ifadəsində əvvəl müalicə olunduğu hospitaldan şikayətlənib: "Məni yaxşı müalicə etmədilər. Baxın, (yanmış əllərini və ayağını göstərir) əllərim işləmir, ayaqlarım zədəlidir. Mənə ağrıkəsici verib saxlayırdılar. Xəsarət alanlardan ən çox mənə pul xərclənib deyilər, amma nəticə göz qabağındadır. Məni yersiz manikür edir, süni qaş qoyurdular".

Təqsirləndirilən Orxan Səfərovun vəkili də onun müalicə aldığı hospitaldan narazı qaldığını deyib. Vəkil hospitalın prokurorluq və digər vasitələrlə onları şantaj edib pul tələb etdiklərini deyib: "Fatimah Semirahın müalicəsi üçün bu günə qədər 58 min manat pul xərcləmişik. 21 min manat pul xərclədikdən sonra bir nəticə olmadığı üçün zərərçəkmişi digər klinikaya apardıq. Zərərçəkmiş hazırda reabilitasiyadadır, həkimlərin dediyinə görə əlləri tədricən hərəkət edəcək".

Fatimah Semirah ifadəsinin sonunda müalicənin tam başa çatdırılmasını, daha sonra isə Nigeriyaya biletlə təmin olunmasını tələb edib.

Sonra məhkəməyə sədrlik edən hakim Faiq Qəniyev məhkəməyə gəlməkdən imtina edən zərərçəkmiş şəxslərin ərizələrini elan edib. Bloqer Aysel Şükürova və digər bir neçə zərərçəkmiş şəxs ərizələrində heç bir şikayətlərinin olmadığını bildirərək məhkəməyə gəlmək istəmədiklərini deyiblər.

Proses sentyabrın 5-də davam etdiriləcək.

Xatırladaq ki, bu il aprelin 3-də gecə saat 03 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda partlayış baş verməsi nəticəsində 1 nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri alması, 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyməsi faktı əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılıb.

Toplanmış ilkin sübutlarla müəyyən edilib ki, qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilib, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.

İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Eyni zamanda istintaq zamanı, qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Hər üç şəxs barəsində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Daha sonra iş üzrə təqsirləndirilən şəxslərdən Ruslan Məmmədov ev dustaqlığına buraxılıb.

İş üzrə 52 nəfər zərərçəkmiş şəxs qismində tanınıb