Bu gün:
Xezer.info » Siyasət » ABŞ və Fransa səfirləri Şuşa konfrasına qatılmamaqla haqqın, ədalətin yanında olmadıqlarını bir daha nümayiş etdirdilər - Vüqar Rəhimzadə

ABŞ və Fransa səfirləri Şuşa konfrasına qatılmamaqla haqqın, ədalətin yanında olmadıqlarını bir daha nümayiş etdirdilər - Vüqar Rəhimzadə


ABŞ və Fransa səfirləri Şuşa konfrasına qatılmamaqla haqqın, ədalətin yanında olmadıqlarını bir daha nümayiş etdirdilər - Vüqar Rəhimzadə
Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin 30 il həllini gözləməsində, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kağız üzərində qalıb saralmasında dünyanın ikili standartlara əsaslanan siyasətinin danılmaz rolu olub. Bu baxımdan artıq tarixə qovuşmuş münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirməli olan ATƏT-in Minsk qrupu həmsədrlərinin missiyalarının mahiyyətini bugünədək dərk etmək barədə düşünməmələri maraq doğurmaya bilməz. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə həm işğalçı Ermənistana, həm də ona havadarlıq edən dövlətlərə, beynəlxalq təşkilatlara, o cümlədən Minsk qrupunun həmsədrlərinə lazım olan mesajları çatdırdı. Həmin mesajlarda əsas tələb bu idi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar var və onların zamana, məkana görə tətbiq edilməsi yolverilməzdir. Ermənistanın 30 il davam edən işğalı dövründə diqqət çəkən və hər zaman Azərbaycan dövlətinin narazılığına səbəb olan məqamlardan biri də bu idi ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri bəzən 1-2 saat ərzində tam icra edilir, amma Azərbaycana gəldikdə isə bu sənədlərdə əksini tapan müddəalar 30 ilə yaxın müddətdə kağız üzərində qalmalı oldu. Bu yanaşma xeyli sayda sualların yaranmasına səbəb olsa da bugünümüz üçün əsas olan budur ki, torpaqlarımız Ali Baş Komandanın rəhbərliyi ilə, Azərbaycan dövlətinin qətiyyəti, ordumuzun gücü, xalqımızın birliyi sayəsində işğaldan azad edilib, ərazi bütövlüyümüz bərpa olunub. Artıq dünya gücləri yeni reallıqları qəbul edir və fəaliyyətlərini bu istiqamətdə qururlar. Başqa sözlə desək, Azərbaycan qalib ölkə olaraq diktə edən tərəf kimi çıxış edir. Postmünaqişə dövrünün əsas reallıqlarından biri işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin geniş miqyas alması, dost, qardaş ölkələrin bu işə öz dəstəklərini ifadə etmələridir. Bugünümüzün reallıqları bir daha bizi Zəfərimizin sözün əsl mənasında həqiqət anı olduğunu yada salmağa cağırış edir. ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiya Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı imzalayan tərəflərdən biridir. Həmçinin 11 yanvar 2021-ci ildə Moskvada keçirilən üçtərəfli görüşdə də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində ölkəmizin səyləri dəstəkləndi. Bir sözlə, hazırda Rusiya regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması məqsədilə üzərinə düşən missiyanı yerinə yetirmək üçün müəyyən addımlar atmaqdadır. Digər həmsədr dövlətlər ABŞ və Fransa isə 30 illik işğal dövründə necə ikili standartlara əsaslanan siyasət yürüdürdülərsə, postmünaqişə dövründə də eyni yanaşmanı nümayiş etdirirlər.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə ABŞ və Fransa səfirlərinin Şuşada keçirilən beynəlxalq konfransa qatılmamalarına münasibət bildirərkən söyləyib.

Vüqar Rəhimzadə qeyd edib ki, avqustun 27-də Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları və şəhərsalma potensialının istifadə edilməsi, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş beynəlxalq konfrans keçirildi: “Konfransda Azərbaycanda akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin və başqa dövlət qurumlarının yüksəkvəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndə iştirak etdi. Təbii ki, belə bir mötəbər beynəlxalq tədbirin nümayəndələri arasında ABŞ və Fransa səfirlərinin olmaması sual doğurmaya bilməzdi. Adları çəkilən ölkələrin səfirlərinin konfransda iştirak edib-etməmələrindən asılı olmayaraq bugünümüzün əsas reallığı ondan ibarətdir ki, 30 ildən artıq davam edən münaqişə artıq başa çatıb. Azərbaycan və Ermənistan bu reallığın təsdiqi olan 10 noyabr Bəyanatından irəli gələn öhdəlikləri yerinə yetirməlidirlər. Ölkəmiz bu öhdəliklərə sadiqlik nümayiş etdirib, təkmil sülh təklifini hazırlayıb təqdim etsə də qarşı tərəf hələ də konkret addım atmaqda tərəddüd edir. Halbuki Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə bu ilin aprelində keçirilən görüşdə Azərbaycanın irəli sürdüyü 5 prinsip Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən dəstəklənmişdi.”

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, konfransın mövzusuna diqqət yetirdikdə ABŞ və Fransa səfirlərinin bu mötəbər beynəlxalq tədbirdən yayınmalarının hansı məqsədə xidmət etdiyi özünü aydın şəkildə büruzə verir: “ Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada jurnalistlərə açıqlamasında bu addımı Azərbaycanın dəvətinə etinasızlıq kimi dəyərləndirdi. Onların bu addımı, eyni zamanda, ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi də qəbul edilir. Artıq heç kim üçün sirr deyil ki, Fransa və ABŞ ATƏT-in Minsk qrupunun həmsədrləri kimi 30 il ərzində münaqişənin həllinə töhfə verməyiblər. Bu səbəbdən fəaliyyətsiz qurum olaraq Minsk qrupunun missiyası yalnız Ermənistana dəstək verib sülh danışıqlarının imitasiya naminə aparılmasına şərait yaratmaq olub. O da sirr deyil ki, Ermənistan 30 ildə qazandığı vaxtı yeni ərazilər uğrunda müharibə planları hazırlamağa sərf etdi. Nəticədə 44 günlük İkinci Qarabağ müharibəsinin başlanması və savaşın Azərbaycanın tarixi Zəfəri ilə başa çatması qaçılmaz proses oldu. Sual olunur: ABŞ və Fransa bugünkü addımları ilə daim havadarlıq etdikləri Ermənistana hansı mesajları ünvanlamaq istəyirlər? Onların son addımları bir daha təsdiqləyir ki, ikili standartlara əsaslanan siyasət yürütmələri bütün dövrlər üçün məlum olan addımlardır. Amma əgər münaqişə tarixə qovuşubsa, əksər dünya gücləri regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün dəstəklərini ifadə edirlərsə, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri geniş vüsət alıb soydaşlarımızın Böyük Qayıdışının ilk addımları atılırsa, artıq Laçına, Zabuxa və Susa nəzarəti həyata keçiririksə, ABŞ və Fransa səfirlərinin Şuşaya getməmələri nəyi dəyişə bilər? ABŞ və Fransa münaqişənin bitməməsi barədə görüntü yaratmaqla heç nə əldə edə bilməyəcəklərini düşünürlərmi? Təbii ki, bundan sonra həmin dövlətlərə hansısa etimaddan danışmaq mümkün deyil.”

Vüqar Rəhimzadə bu sualı da səsləndirib ki, ABŞ və Fransa niyə işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, minalardan təmizlənmə prosesi, əhalinin bu ərazilərə qayıdışının yüksək səviyyədə təşkili üçün yaradılan şəraitlə tanışlıqda maraqlı deyillər? Bildirib ki, bu kimi sualları xeyli sayda sadalamaq olar: “Mədəniyyət paytaxtımız Şuşa 28 il əsarətdə olduğu vaxtlarda ermənilər bu qədim şəhərimizi nə qədər özününküləşdirməyə çalışsalar da sonda bunun mümkünsüzlüyünün şahidinə çevrildilər. Çünki Şuşanın hər daşı, hər qayası Azərbaycanın bir tarixidir. Nəinki Şuşa, eyni zamanda, işğaldan azad edilmiş bütün torpaqlarımız erməni vəhşiliklərinə, vandallığına şahidlik edir. Bu gün bu ərazilərimizin müasir tələblər səviyyəsində yenidən qurulması, Qarabağın tacı Şuşanın əvvəlki şöhrətinin özünə qayıtması, diplomatik mərkəzə çevrilməsi görünür Ermənistanla yanaşı, ona 30 il dəstək missiyasını yerinə yetirən havadarlarını da narahat edir. Sözügedən ölkələrin diplomatik nümayəndəliklərinin nümayiş etdirdikləri dövlətlərin suveren hüquqlarına, ədalət prinsiplərinə zidd yanaşmaları bir daha təsdiqləyir ki, dünya bu gün də hüquq problemi yaşamaqdadır. Azərbaycan tarixi Zəfəri ilə nəinki regionun, dünyanın siyasi mənzərəni dəyişdi. Artıq dünya dövlətləri xarici siyasətlərini yenidən formalaşdırırlar. Bu gün ABŞ və Fransa kimi güclərin belə yanaşma ortaya qoymaları heç nəyi dəyişmək imkanında deyil. Azərbaycan öz tarixi torpaqlarına sahibdir və daim bu torpaqlarda olacaq. Qeyd etdiyimiz kimi, bu gün ermənilərin 30 ildə onlara məxsus şəhər kimi təqdim etdikləri Şuşanın demək olar ki, hər ayı, hər həftəsi, hər günü Azərbaycan tərəfindən təşkil edilmiş bir beynəlxalq tədbirə, yaxud hansısa mövzuda konfransa ev sahibliyi ilə yadda qalır. Azərbaycan qalib ölkədir. 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatı dünyaya Azərbaycanın Qələbəsinin təqdimatıdır. ABŞ və Fransa sözdə postmünaqişə dövrünün reallıqlarını qəbul etdiklərini bildirib, əməldə bunun əksini etməklə yalnız və yalnız özlərinə qarşı inamsızlıq mühitini formalaşdırmış olurlar. Real olan budur ki, Zəfərimiz tarixi nailiyyətimizdir. Torpaqlarımız öz sahibində olduğu üçün sevinclidir. Bu torpaqlarda yeni həyat başlayıb. Azərbaycan azad olunmuş ərazilərdə bütün işləri öz daxili imkanları hesabına həyata keçirməklə nəyə qadir olduğunu təsdiqləyir. Səfirləri işğaldan azad edilmiş ərazilərimizə getməməklə Zəfərimizi inkar etmək imkanında olmayan ABŞ və Fransa yaxşı olar ki, Ermənistanı sülh danışıqlarına başlamağa məcbur etsinlər. O zaman bəlkə 30 illik işğal və postmünaqişə dövründə özlərinə qarşı yaratdıqları etimadsızlıq mühitində dəyişiklik edə bilərlər. Bir mühüm məqamı da yada salaq ki, avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü nəzərdə tutulub. ATƏT-in Minsk qrupunun 30 illik vasitəçiliyi ilə Avropa İttifaqının postmünaqişə dövründə vasitəçiliyi arasında fərq günümüzün reallıqlarında aydın görünür.”