ABŞ və Fransa diplomatlarının Şuşa səfərində iştirak etməməsi ikili standartların əyani təzahürüdür (TƏHLİL)
29-avq-2022Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlərə və planlara, postmünaqişə dövründə minatəmizləmə əməliyyatlarına və şəhərsalma potensialının istifadə edilməsinə, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans baş tutdu.
Tədbirə Azərbaycanda akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun nümayəndələri, hərbi attaşelər, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksəkvəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndə qatıldı.
Qonaqlar arasında nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri də yer aldı. Avropa İttifaqının, BMT-nin və bu təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığının, Uşaq Fondunun, İnkişaf Proqramının, Əhali Fondunun, Dünya Bankının, Türk Dövlətləri Təşkilatının, TÜRKSOY-un, Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın, Avropa Yenidənqurma və İnkişaf Bankının, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndəliklərinin rəhbərləri tədbirdə iştirak edənlər arasındadır. Konfransda demək olar ki, bütün qitələri əhatə edən səfirlik və hərbi attaşelər yer alıb. Böyük Britaniya, Niderland, İsveç, Danimarka, Belçika, Almaniya, İtaliya, Kanada, İran kimi ölkələrlə yanaşı uzaq Dominikan, Qvineya, Qvatemala, Uqanda, Kamerun, Namibiya və digər ölkələrin də təmsilçiləri iştirak edirdilər.
Ötən konfranslarda olduğu kimi, bu dəfə də ABŞ və Fransanın ölkəmizdəki səfirləri Şuşada keçirilən mötəbər tədbirə qatılmadılar. Sözügedən səfirlərin bu cür qeyri-diplomatik demarşının səbəbləri hələ də aydın deyil.
Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, ABŞ və Fransa səfirlərinin və diplomatlarının Şuşa tədbirində iştirakdan imtina etmələri Azərbaycanın bu ölkələrlə münasibətdə daim təşviq etdiyi və yetişmək istədiyi qarşılıqlı mənafe hədəflərinə qəti uyğun olmayan davranışdır. Amerika və Fransa səfirlərinin münasibəti heç bir diplomatik etika çərçivəsinə də sığmır.
"Heç kim unutmamalıdır ki, Azərbaycanın Şuşa konfransına etdiyi dəvətlər öz ərazi bütövlüyünə, post müharibə reallıqlarına və erməni vandalizminə dünyanın diqqətini bir daha cəlb etmək kimi müqəddəs məqsədə xidmət edir .Şuşa konfransında iştirak edən 160-dan çox diplomat, səfir və attaşelər özlərinin bu addımı ilə hər şeydən üstün olaraq Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiklərini nümayış etdirirlər.Məntiqi olaraq vurğulamaq lazımdır ki, ABŞ və Fransa səfirləri Azərbaycanın ərazi bütövlüyünə və süverenliyinə gerçək dəstək vermək niyyətində olmadıqlarını göstərdilər. Eyni zamanda Amerika və Fransa diplomatları müharibədən sonra yaranmış reallıqları heç də sonadək və tam şəkildə qəbul etmədiklərini bir daha biruzə verdilər. Şuşa səfərində hələ heç vaxt bu sayda xarici diplomatlar, səfir və attaşelər iştirak etməmişdi.160 nümayəndənin qatılması onu qəti ifadə edir ki, Azərbaycan müharibədən sonrakl reallıqları dünyaya qəbul etdirmək üçün özünün diplomatik və siyasi kursunu düzgün müəyyən edib", -deyə A.Quliyev əlavə edib.
Trend-ə açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, Şuşa növbəti dəfə mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir. İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə və şəhərsalma potensialının istifadə edilməsi və ümumi beynəlxalq əməkdaşlıq imkanlarına dair konfransda 60-dan çox ölkədən və 19 beynəlxalq təşkilatdan 100-dən çox diplomat və hərbi nümayəndə iştirak edir. Lakin ABŞ və Fransa diplomatlarının bu mötəbər tədbirdə iştirak etməməsi bir daha onların qeyri-konstruktiv baxışının, ikili standartların əyani təzahürüdür.
Deputat bildirib ki, bu cür tədbirlərin Azərbaycan tərəfindən ardıcıl şəkildə keçirilməsi həm işğaldan azad edilmiş ərazilərdə ermənilərin törətdikləri vandallıqların dünya ictimaiyyətinə çatdırılması, həm də Azərbaycan dövləti tərəfindən işğaldan azad edilmiş ərazilərdə böyük yenidənqurma və bərpa işləri ilə tanışlıq məqsədi daşıyır.
“Lakin ABŞ və Fransa diplomatları bu tədbirdə iştirak etməkdən imtina ediblər. Onlar səfərlə bağlı Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstəriblər. Görünür ABŞ və Fransa Azərbaycanın uğuruna sevinə bilmirlər, qısqanclıqla yanaşırlar və beləliklə də Ermənistanın yanında olduqlarını göstərirlər.
Çox təəssüf ki, ABŞ və Fransanın diplomatik korpus nümayəndələrinin Şuşaya səfər etməməsi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlara çox böyük zərbə vurur və onların riyakarlığını nümayiş etdirir. Buradan həm də belə qənaətə gəlmək olar ki, ABŞ və Fransa regionda dayanıqlı sülhün və sabitliyin olmasında maraqlı deyil”, - deyə deputat əlavə edib.