Prezident İlham Əliyev: Bu gün Azərbaycan və Mərakeş arasında əlaqələrin daha da inkişafı üçün yaxşı imkanlar var
29-avq-2022Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Mərakeşin Kralı VI Məhəmmədə təbrik məktubu göndərib.
Trend xəbər verir ki, məktubda dini və mədəni köklər ilə bir-birinə bağlı olan xalqlarımız arasındakı dostluq münasibətlərinə Azərbaycanın xüsusi əhəmiyyət verdiyi diqqətə çatdırılır.
“Ötən otuz il ərzində dövlətlərarası əlaqələrimizin inkişafı, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi bizi sevindirir. Eyni zamanda beynəlxalq təsisatlar, xüsusilə də Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığımızı, ölkələrimizin qarşılıqlı dəstəyini yüksək qiymətləndirirəm”, - deyə Azərbaycan Prezidenti qeyd edir.
Məktubda deyilir: “Bu gün ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün yaxşı imkanlar vardır. İnanıram ki, qardaş xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə dostluq münasibətlərimizi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli əməkdaşlığımızı bundan sonra da dərinləşdirəcəyik”.