Bu gün:
Xezer.info » Siyasət » Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni inkişaf mərhələsi - Nizami Səfərov

Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni inkişaf mərhələsi - Nizami Səfərov


Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni inkişaf mərhələsi - Nizami Səfərov
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə 2022-ci il 24 avqust tarixində görüşü, aparılmış danışıqlar və imzalanan sənədlər birmənalı olaraq iki dövlət arasında münasibətlərin yeni yüksələn xətt üzrə inkişaf etməsinin əyani təsdiqi olmuşdur.

Trend-in məlumatına görə, bunu Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü bildirib.

Onun sözlərinə görə, ayrıca olaraq qeyd etmək lazımdır ki, həyata keçirilən səfər əlamətdar yübiley - iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsinə təsadüf etmişdir. Əlbəttə ki, dövlətlərarası münasibətlərin yüksək səviyyəsini şərtləndirən amillər sırasında xüsusi olaraq iki lider arasında formalaşan siyasi dialoq əhəmiyyətli rol oynayır. Bu mənada Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının "Altın kıran" - "Qızıl qartal" ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Dövlət Başçısının ikitərəfli münasibətlərin möhkəmlənməsi istiqamətində həyata keçirdiyi ardıcıl fəaliyyətə verilən yüksək qiymətdir.

Səfər çərçivəsində ikitərəfli gündəliyin aktual məsələləri, regional təhlükəsizlik, müxtəlif beynəlxalq problemlərə dair geniş fikir mübadiləsi aparılmışdır, 20-dən çox mühüm sənəd imzalanmışdır. Bunların sırasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə xüsusi yer tutur. Onun əhəmiyyətini vurğulayaraq nəzərə almaq lazımdır ki, iki ölkə strateji tərəfdaş olmaqla, eyni zamanda müttəfiqdirlər və bu cür yanaşma gələcək fəaliyyətin möhkəm bazasını formalaşdırır. Burada nəzərə almaq lazımdır ki, mövcud münasibətlərin ən yüksək pillədə olmasının mühüm təzahürləri sırasında Azərbaycanın və Qazaxıstanın beynəlxalq gündəliyin bütün problemlərinə dair eyni mövqeyi nümayiş etdirmələri və mövqelərinin üst-üstə düşməsi böyük önəm daşıyır. Bəyannamədə Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının mümkün inkişafına dair müddəanın əks olunması xalqlarımızın tarixinin, qədim ənənələrinin, mədəniyyətinin biri-birinə yaxın olmasından irəli gəlir və bütün sahələrdə qarşılıqlı formada fəaliyyət göstərilməsini şərtləndirir. Əhəmiyyətli məqamlardan biri də, Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyinin qeyd edilməsidir.

İkitərəfli münasibətlərin sistemli təhlili göstərir ki, onların inkişafı üçün böyük potensial mövcuddur. Cari ilin birinci rübündə ölkələr arasında ticarət dövriyyəsi keçən ilki göstərici ilə müqayisədə 3 dəfə artmaşı, tərəflərin arasında əmtəə dövriyyəsinin bir milyard ABŞ dolları dəyərinə çatdırılması niyyəti, nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planların olması buna ciddi işarə edir.

İkitərəfli münasibətlərin inkişafı üçün böyük önəm daşıyan məsələlərdən biri də, təqdimatı keçirilən işğaldan azad edilmiş ərazilərdə Qazaxıstan tərəfindən Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin inşasının nəzərdə tutulmasıdır. Bu möhtəşəm layihə artıq Baş planı təsdiqlənmiş Füzuli şəhərində gerçəkləşəcək və humanitar əməkdaşlığın ciddi elementi olacaq.