Gürcüstandakı “Gülen məktəbləri” də hədəfə gəldi
22-iyul-2016İyulun 19-da Gürcüstanın baş naziri Georgi Kvirikashvili Gürcüstan-Türkiyə Strateji Tərəfdaşlıq Şurasının Türkiyədə keçirilən ilk görüşünə qatılıb. Səfərin gedişində Fetullah Gülen Fondunun maliyyələşdirdiyi məktəblər məsələsi də müzakirə olunmalı idi.
1999-cu ildən bəri ABŞ-da yaşayan Fətullah Gülenin fondunun maliyyələşdirdiyi məktəblərin Gürcüstandakı varlığı geniş kütləyə Türkiyənin bu ölkədəki konsulu Yasin Temizhan-ın Acarıstan televiziyasına müsahibəsindən sonra məlum olub.
Konsul iyulun 16-da acar mediasına müsahibəsində deyib ki, Gülen-in maliyyələşdirdiyi məktəblər “terrorçu qruplaşmalara xidmət edən nəsillər yetişdirir”. Türk diplomatı gürcüləri uşaqlarını bu məktəblərə verməməyə çağırıb və Gürcüstan hökumətinə onların bağlanması xahişi ilə müraciət edəcəyini deyib. Gürcüstanın müxtəlif regionlarında 6 “Gülen məktəbi” varmış. İyulun 18-də bu məktəblər birgə bəyanat verərək, baş konsulun fikirlərini etikayasığmaz və ayrıseçkilikçi adlandırıblar.