“Ürəyim əsgər yoldaşlarımın şəhid olduğu yerlərdə qalıb...”
25-avq-202244 günlük Vətən müharibəsinin qəhrəman döyüşçülərindən biri də DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əməkdaşı Səid Talıbovdur.
“Qafqazinfo” xəbər verir ki, cəbhəyə könüllü yollanan S. Talıbov Kəlbəcər, Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib: “Vətən müharibəsində böyük komandir əvəzi olmuşam, bölüyü yenidən yığmışam. Oktyabrın 12-si Cəbrayıla getmişəm. Sonra Qacar və Yuxarı Veysəlli kəndlərində döyüşmüşəm. Noyabrın 5-i yaralanmışam.”
O ki qaldı silahdaşlarına, bu həssas mövzuda danışmaq çətin olsa da, S. Talıbov onları belə xatırlayır: “Heç kim qorxmurdu, döyüşə çox ürəklə gedirdilər. Bütün çətinliklərə rəğmən qəhrəmancasına döyüşürdülər”.
Gərgin döyüşlər gedərkən o, bir dəqiqəlik də olsa ailəsi ilə telefonla danışmağa çalışıb. Yaralanıb, amma Vətən torpağının azadlığı və bütövlüyü uğrunda mübarizə aparmaqdan vaz keçməyib, döyüşməyə davam edib.
Döyüş yoldaşları ilə görüşlər onları yenidən o günlərə qaytarır: “Ən çox beş dəqiqə başqa mövzularda danışa bilirik. Sonra yenə özümüzü həmin yerlərdə tapırıq. Yenə o günlər haqqında danışmağa, müzakirə aparmağa başlayırıq”.
O, işğaldan azad etdikləri torpaqları, xüsusilə də dostlarının şəhidlik zirvəsinə ucaldığı yerləri görmək arzusundadır: “Füzulidə olmaq istərdim, Füzuli-Xocavənd tərəfə getmək istərdim, Uryandağ deyilən yer var, orda olmaq istərdim. Ürəyim oralarda qalıb – həmin yerlərdə əsgər yoldaşlarım şəhid olublar…”
Qeyd edək ki, S. Talıbov “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Dövlət tərəfindən işlə təmin edilib. Ona müharibə səbəbilə III dərəcə əlilliyə görə Prezident təqaüdü və əmək pensiyası təyin edilərək ödənilir.