“Azərxalça”nın yığılmış zərəri 17 milyon manatı keçib
25-avq-2022“Azərxalça” ASC 2021-ci ili 3,199 milyon manat zərələ başa vurub.
“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 2,6 % azdır.
Bununla belə, şirkətin yığılmış zərəri 23,1 % artaraq 17,039 milyon manata çatıb.
Ötən il “Azərxalça”nın satışdan gəlirləri 1,607 milyon manat (əvvəlki ilə nisbətən 3,2 dəfə az), satışının maya dəyəri 1,215 milyon manat (3,8 dəfə az), sair gəlirləri 0,412 milyon manat (2,8 dəfə az), inzibati və əməliyyat xərcləri 4,185 milyon manat (17,8 % az), faiz gəlirləri 0,182 milyon (əvvəlki il olmayıb) təşkil edib.
Bu il yanvarın 1-nə “Azərxalça”nın aktivləri 102,796 milyon manat olub ki, bu da illik müqayisədə 3,9 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 2,7 dəfə azalaraq 0,385 milyon manata, balans kapitalı isə 3,4 % azalaraq 102,411 milyon manata düşüb.
Xatırladaq ki, “Azərxalça” ölkə prezidentinin sərəncamı ilə 5 may 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. 100% dövlətə məxsus olan səhmdar cəmiyyəti ölkədə xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.