Nazir müavini yanğınların təbiətə təsirlərindən danışdı - MÜSAHİBƏ
22-avq-2022“Bəzən insanların səhlənkarlığı və laqeydliyi meşə ərazisində nəzarətsiz qalan alovun yayılmasına, bu ərazilərdəki bitki örtüyünün yanmasına və təbiətin məhv olmasına gətirib çıxarır”.
Ekologiya və təbii sərvətlər nazirinin müavini, biologiya üzrə fəlsəfə doktoru Vüqar Kərimov təbiət ərazilərində baş verən yanğınların xüsusiyyətləri, təbiətə təsirləri barədə Oxu.Az-ın suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Bu gün antropogen və təbii səbəblərdən törənən meşə yanğınları, həm əhatə dairəsinin genişmiqyaslı olması, həm də vurduğu ziyanların böyüklüyü baxımından, təəssüf ki, planetimizin ən ağrılı problemlərindən biri kimi qalmaqdadır. Yanğın hadisələri qlobal iqlim dəyişkənliyi fonunda baş versə də, araşdırmalar göstərir ki, yanğınların 95 faizi insan amilinin təsirindən yaranır.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, dünyada hər il 67 milyon hektara qədər meşə ərazisi yanaraq məhv olur ki, bu da həm oksigen mənbəyinin, həm də flora və faunanın itirilməsi deməkdir. Meşələrin çox böyük torpaqqoruyucu, susaxlayıcı və iqlimnizamlayıcı əhəmiyyəti var. Meşələr ekosistem kimi, bir çox canlıların yaşayış məskəni olmaqla yanaşı həm də, onların yaşamasını təmin edən qida zəncirinin ən mühüm elementidir.
- Təəssüf ki, ölkəmizin təbiət əraziləri də bu fəlakətdən sığortalanmayıb. Bizdə də yanğınlara səbəb insan faktorudurmu?
Əfsus ki, bəzən insanların səhlənkarlığı və laqeydliyi meşə ərazisində nəzarətsiz qalan alovun yayılmasına, bu ərazilərdəki bitki örtüyünün yanmasına və təbiətin məhv olmasına gətirib çıxarır. Yanğın hadisələrinin təhlili göstərir ki, əsas səbəb ya meşəyə yaxın ərazilərdəki əkin sahələrinin yandırılması, ya da insanların səhlənkarlığı və ya ehtiyatsızlığıdır.
Qeyd edim ki, yanğınlar elektrik naqillərinin qırılmasından da baş verir. Nəticədə təbiətimizə bərpası mümkün olmayan böyük ziyanlar dəyir və bu yanğınların söndürülməsinə dövlət külli miqdarda maliyyə vəsaiti xərcləyir.
İsti, quru və küləkli hava şəraitində baş verən yanğınlar isə öz intensivliyi və sürətlə yayılması baxımından müəyyən çətinliklər yaradır. Dağlıq relyefin topoqrafik xüsusiyyətləri, gündüz vaxtlarında isti cənub küləyinin əsməsi, havanın temperaturunun yüksək olması, yağıntıların isə olmaması, yanğının sürətlə daha geniş sahələrə yayılmasına şərait yaradır.
- Təbiətdə baş verən yanğınlardan daha az ziyanla çıxmaq üçün nə etmək olar?
Təbiətdə baş verə biləcək yanğın və digər fövqəladə hallarda fəlakət riskinin qiymətləndirilməsi, qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində əməkdaşlığın aparılması olduqca vacibdir.
Bu gün meşə yanğınlarına qarşı beynəlxalq təcrübəyə əsaslanan kompleks yanaşmaların işlənib hazırlanması zəruridir. Bu yanaşmalar məlumatların toplanması, tədqiqi və analizi, yanğınla mübarizə risklərinin azaldılması və zərər görmüş ərazilərin bərpası kimi məsələləri özündə əks etdirməlidir. Meşə yanğınlarının monitorinqi və proqnozlaşdırılması, riskli ərazilərin məsafədən zondlaşdırılması, yanğınların ilkin xəbərdarlığında əhəmiyyətli rol oynaya bilər.
- Bəzən fikirlər səsləndirilir ki, guya yanğınların meşə sahələrinə xeyri də var?
Meşə yanğınlarının planetimizə vurduğu ziyanla yanğınların cavan meşələrin yaranmasında rolunun olması arasında mütəxəssislərin ciddi fikir ayrılığı var. Bəzən təbii meşə yanğınlarının meşələrin cavanlaşması və bir çox ziyanvericilərinin məhv olması baxımından əhəmiyyəti vurğulansa da, yanğınlar nəticəsində təkcə meşə örtüyünə deyil, həm də bütövlükdə ekosistemə dəyən ziyanın miqyasının çox böyük olması, bu fikrin tərəfdarlarını bəzən cavablandıra bilmədikləri suallarla üz-üzə qoyur. Digər tərəfdən də yanmış meşələrin yerində bərpa olunan cavan meşələrdə bir çox hallarda ərazinin edifikator növləri olan qiymətli meşə cinslərinin əvəzinə, adaptasiya imkanları daha yaxşı olan digər 2-ci və 3-cü yarus bitkiləri, kol-koslar əmələ gəlir ki, bu da sonda meşələrin keyfiyyət göstəricilərini aşağı salır. Meşə yanğınları nəticəsində yaranmış açıq areallar bəzi həşəratlar və sürünənlər üçün əlverişli şərait yaratsa da, bütövlükdə biomüxtəliflik üçün ağır itkilərlə nəticələnir, onun strukturunu dəyişir, flora və fauna növlərinin çeşidliliyini və meşələrin banitet göstəricilərini aşağı salır.
Azərbaycanda müxtəlif iqlim və coğrafi relyef şəraitinin olması, meşə ərazilərinin biomüxtəlifliyi üçün də risklərin yüksək olduğunu göstərir.
- Mütəxəssislər meşə yanğınlarının xüsusiyyətlərini araşdıraraq qiymət verir. Bizdə necə?
Bu məsələyə ölkəmizdə də dünyada mövcud olan yanaşmalar tətbiq edilir. Elmi araşdırmalar göstərir ki, meşə yanğınları əsas 3 tipdə olur: aşağıdan, yuxarıdan və torpaqdan yeraltı yanğınlar.
1. Aşağıdan yanma zamanı torpağın üst qatında istilik çoxalır, ot örtüyü, humus qatı, meşə döşənəyi, kollar məhv olur, ağac kökləri ütülür. Belə yanğınlarda ağacların məhvi yanğının intensivliyindən, ağacın növündən, yaşından və kök sistemindən asılıdır. Aşağıdan yanma küləyin sürətindən, quraqlıq şəraitindən asılı olaraq zəif və sürətli olur. Rütubətli mühitdə isə yanğın təhlükəsi azalır və sürəti zəifləyir.
Sürətli yanmada ağaclar az zədələnir, ot örtüyü və meşə döşənəyi qismən yanır. Sürəti zəif olan yanğında isə ot örtüyü və meşə döşənəyi tam yanır və ağaclara daha çox ziyan dəyir.
2. Yuxarıdan yanma zamanı alov daha tez hərəkət edir və ot örtüyü ilə yanaşı, ağacın çətiri də yanır. Yanğının sürəti küləyin sürətindən asılı olaraq 5-25 km/saat aralığında dəyişir.
3. Torpaqdan yeraltı yanma zamanı isə torf qatı və çürüntülər yanır. Bu cür yanğınlar, əsasən Rusiyanın Tayqa meşələri üçün xarakterik olub, Azərbaycanda çox nadir hallarda rast gəlinir.