Ölkəmiz regionda güc mərkəzinə çevrilir
15-avq-2022Avqustun 12-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın İsmayıllı rayonunun Basqal qəsəbəsinə və Ağsu rayonuna səfəri ölkəmizin inkişafı naminə atılan növbəti addımdır. Basqal qəsəbəsində olarkən ölkə başçısı Azərbaycan Televiziyasına geniş müsahibə vermişdir. Müxtəlif sahələriəhatə edən müsahibədə Prezident İlham Əliyev sosial-iqtisadi inkişaf məsələləri ilə yanaşı, regionda baş verən proseslər, xüsusilə Ermənistanın son hərbi təxribatları haqqında fikirlərini bildirdi. Belə ki, cənab Prezidentin dediyi kimi "Qisas" əməliyyatı Ermənistanın cəzalandırılması oldu və şəhidimizin qisası alındı. Əgər erməni tərəfi yenə təxribatlara əl atarlarsa daha sərt şəkildə cəzalandırılacaqlar. Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ermənistan da 10 noyabr razılaşmalarına əməl etməlidir. 10 noyabr Bəyanatının 4-cü bəndinə əsasən, erməni silahlı qüvvələri Qarabağ ərazisindən tam çıxarılmayıb. Bundan əlavə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu və avtomobil yolu təmin olunmalıdır. Amma Ermənistan bu razılaşmaya da əməl etmir. "Qisas" əməliyyatından sonra Ermənistan qanunsuz hərbi birləşmələrini Qarabağ ərazisindən çıxarmaya başlayıb. Görünən odur ki, erməni tərəfi cəzalandırıldıqdan sonra müəyyən qədər ağıllanır. Dövlətimizin başçısının dediyi kimi, əgər Ermənistan prosesi uzatmaqla bir-iki il ərzində vəziyyətin öz xeyrinə dəyişəcəyini gözləyirsə, yanılır. Çünki həm geosiyasi proseslər, həm də artan gücümüz vəziyyətin bundan sonra da Azərbaycanın xeyrinə olacağını sübut edir.
Dövlətimizin başçısı müsahibəsində bir daha vurğuladı ki, Qarabağ ermənilərinə heç bir status verilməyəcək. Dövlətimiz bütün vətəndaşlarımız kimi, onların da hüquq və təhlükəsizliyinə təminat verir. Bundan əlavə, Laçın dəhlizi ilə bağlı məsələlərə toxunan cənab Prezident yeni alternativ yolun istifadəyə verilməsindən sonra vətəndaşlarımızın Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdacaqlarını bildirib. Yəni orada məskunlaşmış ermənilər ərazini tərk edəcək, bundan sonra həmvətənlərimizin doğma yurdlarına qayıdışı məsələləri həll olunacaq. Artıq həmin ərazilərdə qanunsuz məskunlaşdırılan ermənilərin köçürülməsi prosesi başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, regionda güc mərkəzinə çevrilir. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradıb. Bu amil Azərbaycanın beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə mövqeləri güclənib və bundan sonrakı mərhələdə bu mövqe daha da möhkəmlənəcək. Əminik ki, qarşıdakı dövrdə də Prezident İlham Əliyevin liderliyi ilə ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan bütün sahələrdə daha möhtəşəm, əzəmətli nailiyyətlər qazanacaq.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası