Bu gün:
Xezer.info » Siyasət » “Yaxın müddətdə taxılın idxalından asılılığımız maksimum dərəcədə azalacaq” - Deputat

“Yaxın müddətdə taxılın idxalından asılılığımız maksimum dərəcədə azalacaq” - Deputat


“Yaxın müddətdə taxılın idxalından asılılığımız maksimum dərəcədə azalacaq” - Deputat
Ötən gün Prezident İlham Əliyev Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibə zamanı dövlət başçısı dünyada baş verən siyasi və iqtisadi böhran fonunda yaranmış ərzaq qıtlığından da danışıb. Azərbaycanın bu istiqamətdə atdığı addımlar və gördüyü işlərdən danışan Prezident bildirib ki, yaranmış vəziyyətlə bağlı lazımi işlər görülüb.

Mövzu barədə Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov qeyd edib ki, bu gün ərzaq təhlükəsizliyinin təmin edilməsi müasir dövrün əsas çağırışına çevrilib:

“Uzun müddət davam edən pandemiya və Rusiya-Ukrayna müharibəsi qlobal ərzaq bazarlarında ciddi narahatlıq yaradıb. Bu, özünü əsasən ərzaq mallarında qıtlıq və qiymət artımları ilə büruzə verir. Azərbaycan da dünyanın bir parçasıdır və daxili iqtisadiyyatının qlobal bazarlarda baş verən təhlükəli vəziyyətdən qorunması üçün tədbirləri davam etdirir. Son illər ölkə başçısının tapşırığı ilə aqrar sektor kifayət qədər inkişaf edib. Məhz bunun göstəricisidir ki, bu gün biz özümüzü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd və süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edirik. Növbəti üç-beş il ərzində biz yüz faiz səviyyəsinə çatacağıq”.

Deputat bildirib ki, bu gün ən çox narahatlıq doğuran məsələ ərzaqlıq buğda ilə özümüzü təmin edə bilməməkdir:

“Əslində, ölkəmizdə ərzaqlıq buğdanın idxalı ilə bağlı narahatlıq doğuracaq bir vəziyyət gözlənilmir. Kifayət qədər ehtiyatımız da var, eyni zamanda idxalla bağlı da hər hansı bir problem yoxdur. Qarşımızda dayanan əsas çağırış ərzaqlıq buğda ilə özünütəminetmə faizini yüksəltmək və maksimum şəkildə idxaldan asılılığımızı azaltmaqdan ibarətdir.

Təbii ki, bunun üçün imkanlarımız genişdir. İlk növbədə işğaldan azad olunmuş torpaqların yenidən dövriyyəyə qaytarılmasıdır. Düzdür, bu torpaqlar uzun illər ermənilər tərəfindən çirkləndirildiyindən və süni quraqlıq yaradıldığından eroziyaya uğrayıb. Amma bu torpaqları yenidən becərməyə başlamağımız və həmin ərazilərdə müasir aqrotexniki xidmətlərin göstərilməsi yaxın zamanlarda orta məhsuldarlığın da artmasına gətirib çıxaracaq”.

A.Badamov vurğulayıb ki, orta məhsuldarlığın artmasına xidmət edəcək addımlardan biri də ərzaqlıq buğda sahələrinin innovativ suvarma üsulları ilə becərilməsinə görə fermerlərin stimullaşdırılmasıdır:

“Güzəştli kreditlərin verilməsi və məhsulun son nəticəsinə görə subsidiya mexanizminin tətbiqi üç-dörd il ərzində ərzaqlıq buğda ilə təminatımızda maksimum dərəcədə idxaldan asılılığın azalmasına gətirib çıxaracaq. Yeni aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması və bu təsərrüfatlarda innovativ becərmə üsullarının tətbiqi ölkəmizin ərzaq təhlükəsizliyi məsələsinin həll olunmasına və qeyri-neft ixracımızın artmasına töhfə verəcək”.