Leyla Əliyeva Londonda
21-iyul-2016Böyük Britaniya parlamentinin İcmalar Palatasında “Har Hazeitim” adlı tarixi qəbiristanlıq və məkanın qorunması üzrə komitənin təqdimat mərasimi keçirilib.
Şərqi Qüdsdə yerləşən ən qədim yəhudi qəbiristanlığı hesab olunan “Har Hazeitim”in Mühafizəsi üzrə Beynəlxalq Komitənin tərkibində təsis edilən bu qurumun təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, parlamentin üzvü Metyu Offord, Qüds şəhərinin merinin birinci müavini Ravvi Yosef Doyç, Yuqoslaviya kral ailəsinin üzvü, taxt-tacın varisinin həyat yoldaşı şahzadə Katerin, yəhudi icmasının rəhbərləri, qeyri-hökumət təşkilatlarının və dini tolerantlıq sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri də tədbirə qatılıblar.
Tədbirdə Azərbaycanın dini tolerantlıq və dözümlülük sahəsində əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilib, xüsusilə ölkəmizdə yəhudi icmasına göstərilən diqqət və qayğı vurğulanıb.
Səfir T.Tağızadə Azərbaycanda mədəni müxtəlifliyin tarixi, fərqli dini və etnik icmaların ahəngdar birgəyaşayışı haqqında məlumat verib. O, Azərbaycanda yəhudi icmasının əsrlərdən bəri sülh və əmin-amanlıq şəraitində yaşadığını diqqətə çatdırıb. Azərbaycanın antisemitizmin heç bir təzahürünə rast gəlinməyən nadir ölkələrdən olduğunu qeyd edən səfir multikultural yaşayış tərzinin dövlət tərəfindən dəstəkləndiyini, Prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etdiyini vurğulayıb.
Diplomat tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirak etdiyini söyləyib, Fondun istər ölkə daxilində, istərsə də xaricdə həyata keçirdiyi layihələrdən bəhs edib. Səfir, həmçinin Heydər Əliyev Fondunun multikulturalizm, mədəni irsin mühafizəsi və dini dözümlülük sahəsində reallaşdırdığı layihələr barədə məlumat verib.