Sahil Babayev: "Azərbaycan çempionatına titulundan asılı olmayaraq, hər bir boksçu qatılacaq"
10-avq-2022Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayev kişi və qadın boksçulardan ibarət milli komandaların üzvləri və məşqçilər korpusu ilə görüşüb.
"Report" ABF-nın saytına istinadən xəbər verir ki, görüşdə yığmaların hazırkı durumu, gələcək planları və hədəfləri barədə fikir mübadiləsi aparılıb, yüksək nailiyyətlərin əldə olunması yolları müzakirə edilib.
Ölkəmizdə idmana, xüsusilə də boksa göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən yeniliklərdən, həmçinin maddi-texniki bazanın gücləndirilməsindən danışan federasiya rəhbəri bildirib ki, hər bir idmançıya federasiya tərəfindən lazımı dəstək göstəriləcək.
S.Babayev müxtəlif yaş kateqoriyaları üzrə yığmaların son 5 yarışda 27 medal qazandığını, onlardan 11-nin qızıl medal olduğunu diqqətə çatdırıb. O bu il keçiriləcək Azərbaycan çempionatına titulundan asılı olmayaraq, hər bir boksçunun qatılacağını və bundan sonra əsas heyətin formalaşacağını da qeyd edib. Əsas hədəfin Paris-2024 Yay Olimpiya Oyunlarında yüksək nailiyyətlər əldə etmək olduğunu bildirib.
ABF prezidenti boksçuların döyüş təcrübələrinin artması üçün daha çox turnirlərə qatılmaları və təlim-məşq toplanışlarının sayının artırılması ilə bağlı da tapşırıqlarını verib.
Daha sonra yığmaların baş məşqçilərinin hesabatları dinlənilib. Kişilərdən ibarət millinin əsas çalışdırıcısı Pedro Roke yığmada heyətin böyük əksəriyyətini gənclərin təşkil etməsini böyük perspektiv kimi dəyərləndirib. Kubalı mütəxəssis olimpiya təsnifat turnirlərinin oktyabrdan sonra dəqiqləşəcəyi üçün həmin vaxtdan yarışların təqviminə uyğun proqramla işləyəcəklərini qeyd edib. O, millimizin ABŞ və Qazaxıstanda beynəlxalq turnirlərdə ən güclü heyətlə təmsil olunacağını da söyləyib.
Qadınlardan ibarət millinin baş məşqçisi Yadigar Məmmədov əsas komandanın daha güclü olması üçün yeniyetmə və gənclərdən ibarət yığmalara xüsusi diqqət ayrıldığını deyib.