Pul yığan həkimlər və bahalı sifarişlər…
21-iyul-2016Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi 600 milyonluq tibbi vasitələri hara sərf edib?
İki gündür xəstəxanaları gəzirəm. Bir daha əmin oldum ki, "Allah düşmənimin də yolunu ordan salmasın"ı təkcə xəstəlik üçün demirmişlər. Görüşdüyüm həkimlərin açıq-aşkar sözün həqiqi mənasında əl açıb pul dilənməyindən utandım, bezdim, sonra da əsəbləşdim. Ünsiyyətdə olduğum 5 ağxalatlıdan 3-ü mənimlə əməlli-başlı "bazarlıq" elədi. Bugünlük üzərlərindən epizodik keçəcəm. Qeydiyyatda olduğum Xətai rayon 38 saylı poliklinikada cərrah sarğı materialları, Lidokain ampulasını bir kağıza yazıb məni aptekə gödərdi ki, "gedib alın, Səhiyyə Nazirliyi bunları bizə vermir". Rentgen şöbəsində isə şok oldum: qadın (həkim də deməyə dilim gəlmir) plyonkanı sinəsinə sıxıb, "əvvəlcə pulunu verin, sonra plyonkanı məndən alın" dedi. Meyitinin üzərindən tankla da keçsələr, verənə oxşamırdı. Yaşlı stomatoloq isə başımın üstündə bir saat boyunca ancaq puldan, özü də həvəslə danışdı. Mənə nəyi hansı qiymətə elədiyindən leksiya oxudu. Axırda bezib "sizi pul danışdırır, nə çox danışırsız", dedim. Əslində sual vermirdim. Sözümdən incimədi, öyrəncəkliymiş. Məşhur bir xəstəxananın məşhur həkimi isə (bu, onun iddiasıdır) mənimlə üzbəüz əyləşib "səmimi" şəkildə, heç nədən çəkinmədən qiymətləri müzakirə elədi. Halbuki ondan heç qiymət soruşan olmamışdı. Ümumiyyətlə, mən heç vaxt dövlət büdcəsindən maliyyələşən qurumlarda pulsuz xidmətlərin olmayan qiyməti ilə maraqlanmıram. Ödəniş etməyəcəyim təqdirdə məni nə gözlədiyini də izah elədi. Bunun üçün səhiyyə nazirindən şəxsən göndəriş almalıyam. Jurnalist olduğumu bilincə (bunu söyləməyə özü məni məcbur elədi, çünki nəyə görəsə səhvən kəsilən ayaqdan, mətbuatın onu "şişirtməsi"ndən danışanda dedim "təəssüf ki, mən də qəzetçiyəm") qiymətdə "endirim" elədi, daha dəqiqi "nə verirsinizsə verərsiz", dedi. Dərinə getmək istəmirəm, məni əməliyyat edəcək. Amma söylənənlər iddia deyil, hamısına sübutum var. Bu biabırçılıq haqqında növbəti saylarda geniş yazacam. İndiliksə acınacaqlı vəziyyətə düşən səhiyyəmizə ayrılan fantastik həcmdə vəsaitlərin hara xərcləndiyi barədə verilən rəsmi rəqəmləri oxucularla paylaşmaq istəyirəm.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin bu ilin 6 ayı üzrə büdcədən maliyyələşən təşkilatlarda keçirilən satınalmaların reyestrinə görə, indiyə qədər aparılan 4034 tenderin 779-u Səhiyyə Nazirliyi və onun strukturları üzrədir. Biz sadəcə nazirliyin İnnovasiya və Təchizat Mərkəzinin xəttilə xərclər strukturunu araşdırmışıq. Qeyd edək ki, 2010-2015-ci illərdə təkcə İnnovasiya və Təchizat Mərkəzinə tibbi vasitələr, avadanlıqlar və digər alışlar üçün tenderlərdə 510 493 936,85 manat yönəldilib, yəni yarım milyard manatdan çox. Bu ilin 6 ayında adıçəkilən qurumun sərf etdiyi pulun məbləği hələlik 89 720 304 manatdır. Beləliklə, nazirliyin yalnız bir strukturu qısa zaman kəsiyində 600 milyonluq tibbi vəsaitlər alıb. Özü də bunu cəmi 18 tenderdə xərcləyib. Hər satınalmanın qiyməti orta hesabla 5 milyon manatdır. Keçirilən 18 tenderin 12-si milyonun üzərindədir. Bunun da yarısının dəyəri 10 milyondan yuxarıdır. Mərkəz 22 681 361,56 manatı şəkərli diabet üzrə dərman və tibbi təyinatlı vasitələrin satın alınmasına yönəldib. Bu iş üçün podratçı "AvroMed Company" MMC seçilib. Şirkətə daha 10 433 580,77 manatlıq sifariş hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə dərman vasitələrinin alınmasına görə verilib. Müalicə-profilaktik idarələrinin təminatı üçün dərman vasitələrinə 11 969 672,12 manat sərf olunub. Satın alan təşkilatlar "AzəriMed" MMC, "Zeytun Pharmaceuticals" MMC-dir. Hemodializdə istifadə olunan tibbi vasitələr "Fresenius General Trading LLC"-dən düz 14 570 403,87 manata əldə edilib. Kimyəvi maddələr, reaktivlər, reagentlər, testlər, test-dəstlər, qidalı mühitlər, laboratoriya analizləri üçün diaqnostika vasitələri və qablara 11 378 015,94 manat yönəldilib. Əvvəlki illərdə əməkdaşlıq edilən şirkətləri narazı salmaq istəməyiblər, bu dəfə podratçılar topdan seçilib - "Albatros Heltkeyr" MMC, "Araş Medical Company" MMC, "MVV İnstruments" MMC, "Fuad-Kimya Servis" MMC işləri götürüb.
Dəyəri 10 milyondan az olan satınalmalara keçək. Sarğı materialları və tibbi təyinatlı vasitələrin satın alınması (təyinatı göstərilmir) 5 962 172,37 manata başa gəlib. Təchizat üçün "Zeytun Pharmaceuticals" MMC, "MTC Medikal Ürünleri Sanayi ve Ticaret Anonim Şirketi" qalib seçilib. İnnovasiya və Təchizat Mərkəzinin aldığı xroniki böyrək çatışmazlığı üzrə dərman vasitələri 2 249 854,89 manat təşkil edib. Vərəmlə mübarizə üzrə dərman və tibbi təyinatlı vasitələrin satınalma qiyməti də 2 224 035,79 manatdır. Hər ikisində satın alan təşkilat yenə "Zeytun Pharmaceuticals" MMC-dir. Bu şirkətdən daha 1 996 519,61 manatlıq imtiyazlı qruplara daxil olan xəstələr üçün dərman vasitələri, 1 805 400 manat dəyərində də dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə üzrə dərman və tibbi təyinatlı vasitələr əldə edilib. "Osteosintez-Bakı ETİB" şirkəti mərkəzdən 1 003 330,45 manat müqabilində şüa diaqnostikada istifadə olunan plyonkalar, vasitələr və digər diaqnostik məhsulların sifarişini alıb. HİV-AİDS-ə qarşı testlər və dərman vasitələrinin dəyəri də milyonun üzərindədir, bunun üçün "AzəriMed" MMC-yə 1 211 270,9 manat vəsait ödənib.
Nazirliyin strukturu üzrə tibbi immunobioloji preparatların alınması 552 015,8 manat ("AzəriMed" MMC), ana və uşağın sağlamlığının qorunması üzrə dərman və tibbi təyinatlı vasitələrin əldə olunması 599 520,24 manat ("Zeytun Pharmaceuticals" MMC), dezinfeksiya, dezinseksiya və deratizasiya vasitələri 404 875,46 manat ("Osteosintez-Bakı ETİB"), tibbi təyinatlı vasitələr 261 129,81 manat ("AvroMed Company" MMC), yoluxucu xəstəliklərin immunoprofilaktikası üçün vaksinlər və tibbi təyinatlı vasitələr 245 453,92 manat ("Zeytun Pharmaceuticals" MMC), dərman və tibbi təyinatlı vasitələr 171 701,06 manat tutub ("Fresenius General Trading LLC").
Podratçılardan "AvroMed Company" MMC, "Zeytun Pharmaceuticals" MMC, "Fresenius General Trading LLC", "AzəriMed" MMC ən çox tenderi götürən təşkilatlardır. Mərkəz son 7 ildə yalnız 10-12 şirkətə tender qazandırıb. Reyestr məlumatlarının arxivi 2010-cu ildən başlayır və həmin vaxtdan bu vaxta qədər "AvroMed Company" MMC ilə əməkdaşlıq edilib, onunla indiyə qədər 197,3 milyon manatlıq satınalma aparılıb. Satınalma sayı çox deyil, ancaq müqavilə qiymətləri milyonlarla ölçülür. İlin əvvəlindən şirkətin təkcə mərkəzdən sifarişləri 33,4 milyon manat təşkil edib. Şirkətin web-saytında təchizatçıları qeyd edilib, amma təklif etdiyi heç bir məhsulu nümayiş olunmur.
"Zeytun Pharmaceuticals" MMC ilə bu ildən əməkdaşlıq edilir, amma onun da müqavilə qiymətləri yüksəkdir. Yeni yaranan şirkətə qısa zamanda 9,1 milyon manatlıq sifariş verilib. Əlavə 12 milyon "AzəriMed" və "Zeytun", 6 milyon da yenə "Zeytun" və "MTC Medikal Ürünleri Sanayi ve Ticaret Anonim Şirketi" arasında bölünüb. Söhbət təqribi 20 milyon manat civarında bir vəsaitdən gedir. Nazirliyin İnnovasiya Mərkəzindən bu il 7,8 milyon manatlıq sifariş alan "AzəriMed" MMC də qurumun podratçıları siyahısında yenidir.
14,7 milyon manat dəyərində tibbi vəsaitləri əldə edən "Fresenius General Trading LLC" 2011-ci ildən bəri mərkəzdən 64,7 milyon manat dəyərində sifariş alıb. Şirkət xaricdə yaradılıb. Mənşəyi bəlli deyil, amma bağladığı hər müqavilənin dəyəri 10 milyon manat civarındadır.
2013-cü ildə adından da bəlli olduğu kimi Türkiyədə yaradılmış "MTC Medikal Ürünleri Sanayi ve Ticaret Anonim Şirketi" yerli bazara daxil olub. Mtcmedikal.com.tr saytında yazılır ki, "2005-ci ildə Türkiyədə qurulan "MTC Medikal" Azərbaycanda bir çox xüsusi xəstəxana, müxtəlif dövlət səhiyyə təşkilatları ilə əməkdaşlıq edir. Şirkətin əsas fəaliyyəti tibbi cihaz və məhsulların ixracatı, satış sonrası texniki xidmət təmin etmək üzərinədir". Bu, şirkətin sadəcə Azərbaycandakı tenderləri qazanmaq üçün yaradıldığı rəyi formalaşdırır. Bizim bazara yeni girib, amma cəmi 5 tenderdə 20 milyon manata yaxın iş götürüb. Müqavilə qiymətləri yüksəkdir - 2-6 milyon arasında. Sifarişləri yalnız mərkəzdən alır.
Bizimyol.info