Bu gün:
Xezer.info » Cəmiyyət » Orucəli Hacıyevin adı Pirşağıda torpaq fırıldağında hallanır – ŞİKAYƏT

Orucəli Hacıyevin adı Pirşağıda torpaq fırıldağında hallanır – ŞİKAYƏT


Orucəli Hacıyevin adı Pirşağıda torpaq fırıldağında hallanır – ŞİKAYƏT
Zöhrab Əliyev: “Fuad Axundov mənə bildirmişdi ki, bu işdə əsas söz sahibi fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevdir və sərmayəni də o verəcəkdi”

Bu günlərdə Qafqaz Xəbər Agentliyinə Bakı şəhər sakini Zöhrab Zülfi oğlu Əliyev bildirib ki, fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevlə yaxınlığı olan Fuad Axundov adlı sahibkar onu və 16 nəfər mülkiyyət sahibini aldadaraq, ümumilikdə 2 hektara yaxın torpaq sahəsini mənimsəyib.
Z.Əliyevin və digər 16 torpaq sahibinin imzası olan ərizədə deyilir: “2010-cu ildə tanışlıq münasibətlərimiz olan “Axund FTKA” şirkətinin sahibi Fuad Kamal oğlu Axundov mənə bildirdi ki, Pirşağı qəsəbəsində böyük torpaq sahəsi əldə etmək istəyir. Onun sözlərinə görə, rəhbərlik etdiyi “Axund FTKA” şirkəti həmin ərazidə kotteclərdən ibarət böyük istirahət kompleksi tikəcək.

Pirşağıda, dəniz sahilində mənim dostlarım və qohumlarımın torpaq sahələri var idi. O mənə təklif etdi ki, onlardan etibarnamə alım və sonra ona satım.Fuad Axundov mənə bildirmişdi ki, bu işdə əsas söz sahibi “ağsaqqal” deyə təqdim etdiyi fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevdir. F.Axundovun sözlərinə görə, bu torpaqların pulunu və tikiləcək istirahət kompleksinin də sərmayəsini Orucəli Hacıyev verəcəkdi. Mən həmin ərazidə hər birinin 0,12 hektar qanuni torpaq sahəsi olan 16 nəfərlə danışaraq, onlardan etibarnamə aldım. Məsələni torpaq sahiblərinə izah etdim”, – deyə Z.Əliyev qeyd edib.
Onun sözlərinə görə, təxminən 2 hektara yaxın ərazinin etibarnaməsini aldıqdan sonra, Fuadla əlaqə saxlayıb və torpaq sahələrini nə vaxt alacağını soruşub.“O, məni inandırdı ki, tezliklə “ağsaqqal” dediyi Orucəli Hacıyevlə görüşəcək və ondan sərmayə alacaq, lakin ilk əvvəl mən ona etibarnamə verməliyəm. F.Axundovun sözlərinə görə, o, etibarnamələri Orucəli Hacıyevə göstərərək, onu sərmayə yatırmağa inandırmalı idi. Beləliklə, Fuad Axundov mənim etibarımdan sui-istifadə edərək, həmin torpaq sahələrinə 16 mülkiyyət sahibinin adına etibarnamə aldı.

Mən torpaq sahiblərinin şifahi razılığını alaraq, onların mənə verdiyi etibarnamələri Fuad Axundovun adına dövr etdim. İnanırdım ki, bu işdə nazir müavininin adı varsa, hər hansı fırıldaq olmaz. Ondan sonra Fuad Axundovdan səs çıxmadı və məsələ uzandı. Mən Fuad Axundovla görüşmək istəyəndə isə, o, mənim zənglərimə cavab vermədi və daim görüşdən qaçdı. Daha sonra isə öyrəndim ki, Fuad Axundov mülkiyyət sahiblərinin xəbəri olmadan həmin torpaq sahələrini 2012-ci ildə özünə yaxın adamlara, ailə üzvlərinə “satıb”. Daha doğrusu, Fuad Axundov formal “alqı-satqı” prosesi ilə, özgələrinin əmlakını mənimsəyib. Həmin ərazidə hələ də tikinti başlamayıb, lakin Fuad Axundov həmin torpaq sahələrini özününküləşdirərək, vətəndaşların dədə-baba torpaqlarını, bağ sahələrini zəbt edib. Mən bu hadisədən sonra dəfələrlə həm Fuad Axundovla, həm də FHN başçısının müavini Orucəli Hacıyevlə görüşməyə çalışdım, lakin cəhdlərim boşa çıxdı. Son nəticə olaraq, mən 16 mülkiyyət sahibinin yanında yalançı çıxdım. Sizdən xahiş edirəm ki, vətəndaşların mülkiyyət hüquqlarının bərpası naminə, Fuad Axundovun fırıldaqçı əməllərini araşdıraraq, ictimailəşdirəsiniz. Sözlərimin sübutu olaraq, sizə müvafiq sənədlərin surətini də təqdim edirəm” , – deyə Z.Əliyev əlavə edib.
Həmçinin, 16 mülkiyyət sahibi də eyni ərizədə Zöhrab Əliyevin sözlərini təsdiqləyiblər: “Zöhrab Zülfi oğlu Əliyevin bu ərizədəki sözlərinin həqiqiliyini öz imzamızla təsdiq edirik və bildiririk ki, “Axund FTKA” şirkətinin sahibi Fuad Kamal oğlu Axundov bizim etibarımızdan sui-istifadə edərək, qanuni mülkiyyətimizi mənimsəyib. Baş verən alqı-satqı prosesindən isə bizim xəbərimiz olmayıb və mülkiyyət sahibi olaraq, bu alqı-satqıya görə bizə heç nə verilməyib”.
Mirismayıl Miryəhyaoğlu, Nəcəfzadə Aslan Nəcəf oğlu, Yaqubov Əfqan Sabir oğlu, Nəcəfov Salman Əjdər oğlu, Yaqubov Mübariz Sabir oğlu, Hacıbəyov Teymur Adil oğlu, Nəcəfov Sərdar Mirismayıl oğlu, Yəhyayev Muxtar Mirismayıl oğlu və digərləri (bir neçə şikayətçi xanım olduğuna görə, adlarının hələlik mətbuatda açıqlanmamasını xahiş ediblər – red.) də bu ərizəni imzalayıblar.
Qafqaznews.az saytı olaraq, qarşı tərəfin də fikrini öyrənmək üçün, “Axund” FTKA şirkətinə zəng etdik. Zəngimizə cavab verən satış meneceri Fidan Əhmədova bildirdi ki, Fuad Axundov həqiqətən də o şirkətin rəhbəridir: “Fuad müəllim özü burda deyil, mobil nömrəsini sizə verə bilmərəm. Rəhbərlik mənimlə əlaqə saxlayanda, məsələni deyərəm, sizə zəng edərlər”.

Biz bir saat sonra yenə də “Axund FTKA”ya zəng etdik, Fidan Əhmədova bizdən bir az daha gözləməyi xahiş etdi. Lakin gün ərzində sözügedən şirkətdən heç bir münasibət öyrənə bilmədik. Yazı sayta gedərkən, Fuad Axundovun şəxsi mobil nömrəsini də əldə edərək, özüylə əlaqə saxladıq.
Maraqlıdır ki, Fuad Axındov öz şirkətində satış meneceri çalışan Fidan xanımı belə tanımadı.
“Zöhrab Əliyev… Nə məsələdir… Hə, lap yaxşı… Təxmini bildim kimi deyirsiniz (biz Fuad Axundova məsələni danışdıqca, deyəsən, müsahibimizin yaddaşı təzələndi – red.)”, – deyə “Axund FTKA”nın rəhbəri bildirdi.
Lakin o, Orucəli Hacıyevi tanımadığını bildirdi. Biz onun etibarnamə əsasında torpaq sahələrini öz ailə üzvlərinə satması, lakin əsl sahiblərə pul verməməsi barədə də sual verdikdə, Fuad Axundov bu sualı cavablandırmaqdan boyun qaçırdı: “Mən indi elə yerdəyəm ki, danışa bilmərəm. Başqa vaxt zəng edərsiniz, danışarıq”.

FHN-in mətbuat xidməti ilə də əlaqə saxlayaraq, Zöhrab Əliyevin şikayətində Fuad Axundovun Orucəli Hacıyevin adını hallandırmasına dair iddialar barədə məlumat verdik. Az sonra bizə FHN Mətbuat Xidmətindən zəng edərək bildirdilər ki, Orucəli Hacıyev belə adamları tanımır və bu məsələdən xəbərsizdir
“Kimlərsə Orucəli Hacıyevin adından istifadə edir”, – deyə FHN-dən bildiriblər.
Orucəli Hacıyev barəsində ölkə mətbuatında gedən yazılara nəzər salarkən, Dosye.org saytından bu sətirlər diqqəti çəkdi: “Orucəli Hacıyev FHN başçısının müavini təyin olunana qədər onu ölkədə çox az adam tanıyırdı. 90-cı illərin axırlarında bütün respublika üzrə qara metalın topdan alış məntəqələrini quran və 1999-cu ildən 2001-ci ilədək qara metal ixracının monopolisti olan O.Hacıyevin sonradan bu biznes sahəsində işləri nədənsə düz gətirmədi. Çünki həmin zamanlarda ölkədə qara metal idxal və ixracının kurasiyası tam olaraq Paolo Pərvizə həvalə edilmişdi.

Qara metal işinin P.Pərvizin monopoliyasına verilməsindən sonra işləri yarımçıq qalan O.Hacıyev bir müddət Azərbaycanı tərk etməli olur. Həmin illərdə Ukraynada yaşayan və burada özünə biznes quran O.Hacıyev bu ölkədən Azərbaycan və İrana qara dəmirdən istehsal olunmuş inşaat materialları ixrac edirdi. Nəhayət, 2006-cı ildə yenidən Azərbaycana qayıdan O.Hacıyev yeni yaradılan Fövqəladə Hallar Nazirliyində nazir müavini vəzifəsinə təyin edilir. Belə ki, O.Hacıyev qurduğu “Babək-97” şirkəti vasitəsilə ölkədə sement satışını demək olar tam mənada inhisara almağa başladı. Respublikaya hər ay 50 min ton sement idxal edən “Babək-97” firması FHN-nin əsas podratçı şirkətidir. Ölkənin fövqəladə hal baş verən bütün bölgələrində tikintilərə sement verilməsini məhz bu firma təşkil edir. Firmanın anbarları və ofisi Keşlə yük stansiyasının içərisində yerləşir”.
Qeyd edək ki, SSRİ dövründə qaban ovu qadağan edildiyi halda, vəzifəli şəxslərə bu qadağa nəinki tətbiq olunmur, hətta onlar məhz ovun qadağan olunduğu qoruqlarda qaban ovlayırdılar.

Orucəli Hacıyevin adı isə, bir sıra KİV-lərdə “ayı ovu”nda hallanır: “Heç bir ali məktəbdə oxumayan Cövdət Nərimanov saxta diploma yiyələnərək vəzifə sahibi olmuşdur. İxtisası ibtidai sinif müəllimidir. Rəsədxanaya direktor müavini təyin olunmazdan əvvəl Avaxıl kənd icra nümayəndəsi kimi Fövqəladə Hallar Nazirinin müavini Orucəli Hacıyevlə münasibətlər qurmuş və məhz onun köməyi sayəsində rəsədxana kimi mühüm dövlət əhəmiyyətli bir elmi idarəyə direktor müavini vəzifəsinə işə götürülmüşdür. Orucəli Hacıyev isə rayon icra başçılarının “xeyir-duası” ilə Avaxıl kəndində hektarlarla torpaq alaraq özü üçün otel və villa tikdirib….

Yeri gəlmişkən, “Qırmızı Kitab”a düşmüş nadir bir heyvan olan qonur ayının ovlanması ilə əlaqədar çəkilmiş video Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Ramil Usubova, Ekologiya və Təbii Sərvətlər naziri cənab Hüseyn Bağırova, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə və AMEA-nın prezidenti cənab Akif Əlizadəyə rəsmi olaraq göndərilmişdir. Lakin təəssüflər olsun ki, bir aydan artıq vaxt keçməsinə baxmayaraq hələ ki, heç bir tədbir görülməmişdir. Əksinə, məhz nazir müavini Orucəli Hacıyevin müdaxiləsi nəticəsində sözügedən videosüjet sosial şəbəkələrədən yığışdırılmış, bu işlə əlaqədar Şamaxı rayon polis şöbəsində başlanan təhqiqat işi qapadılmışdır. Hətta, camaat arasında belə bir söhbət yayılıb ki, ayı ovunu nazir müavini özü sifariş veribmiş. Və ovlanmış ayının əti ona çatdırılmışdır” (qaynarxett.info).

2013-cü ildə intihar edən sahibkar Bəxtiyar Məmmədovun həyat yoldaşı Arzu Salmanova prezident İlham Əliyevə müraciət etmiş və onun müraciətini “Yeni Müsavat” qəzeti də yayımlamışdı.
Həmin müraciətdən bu sətirləri də oxuculara təqdim edirik: “Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin bacısı oğlu Sunay Əliyev dayısının adından yalan vədlər verərək həyat yoldaşım Bəxtiyar Məmmədovu klinker (sement istehsalı üçün xammal – E.M.) alqı-satqısına cəlb etməklə onun və mənim külli miqdarda pulumuzu mənimsəyib. Bəxtiyarın Orucəli Hacıyevlə şəxsən görüşdüyünü bildirməsi və onun nazir müavini olaraq yüksək vəzifəli dövlət məmuru olması Bəxtiyarın və mənim Sunaya inanmağımıza və aldanmağımıza səbəb olub.

2011-2012-ci illərdə respublikaya klinker gətirilməsinin Orucəli Hacıyevin nəzarətində olduğunu deyərək klinker alqı-satqısının həyat yoldaşıma veriləcəyi vədi ilə aldatmışdır. Özünün və mənim aldadılaraq müflis vəziyyətinə salınmağımıza, ona qarşı edilən haqsızlıqlara dözməyən Bəxtiyar Məmmədov böyük borclar altında qalaraq 10 aprel 2013-cü ildə özünü güllə ilə vuraraq intihar etmişdir. Nəticədə oğlumuz 2 aylığından atasız qalıb. Lakin mənim faciəm davam edir. Sunay Əliyev məni də aldatmağa nail olub. O, mənim iş yerimə dəfələrlə gələrək dayısı ilə danışdığına, bu işin Bəxtiyara verilməsi üçün 1 milyon manat tələb olunduğuna məni də inandırıb. B. Məmmədovun böyük borclarla çıxılmaz vəziyyətdə, intihar həddində olduğunu görüb, qohum və tanışlardan borc alaraq Sunay Əliyevə 1 milyon manat verdim. Lakin bütün bunların məndən və Bəxtiyardan pul qoparmaq üçün bir hiylə olduğunu sonra başa düşdüm. Bu insanlar cəzasızlıqlarına o qədər arxayındırlar ki, hətta Sunayın qardaşı İlqar Əliyev məni dəfələrlə ölümlə hədələyib.

Hörmətli Prezident! Mən bu gün 3 azyaşlı uşaqla böyük təzyiqlərlə 1 milyon manatdan artıq pulun qaytarılması tələbi qarşısında qalmışam. Bu, tək mənim faciəm deyil, onadək ailəyə vurulmuş maddi və mənəvi ziyandır. Bu ailələr səbirsizliklə Sizin köməyinizlə bu işin ədalətlə həll olunacağını və pullarının geri qaytarılacağını gözləyirlər”.
Araşdırmamız davam edir…
Tamerlan Zeynallı