ABŞ təhlükə ilə əlaqədar Ermənistandakı vətəndaşlarına xəbərdarlıq edib
03-avq-2022ABŞ-ın Ermənistandakı səfirliyi bu ölkədəki vətəndaşlarına təhlükəsizlik məqsədilə müəyyən ərazilərdən uzaq durmaqla bağlı xəbərdarlıq edib.
Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.
Məlumata görə, söhbət dünən axşam Fövqəladə Hallar Nazirliyinə partlayıcı qurğuların qoyulması barədə məlumat daxil olan yerlərdən gedir. Bunlar “Zvartnots” hava limanı, İrəvan metrosunun bütün stansiyaları, habelə paytaxt meriyası və Milli Məsclisin binalarıdır.
ABŞ səfirliyi Amerika vətəndaşlarını məlumatlandırıb ki, fövqəladə xidmətlər “Zvartnots” hava limanında, bütün metro stansiyalarında, meriya və Milli Məclisdə bomba təhlükəsi ilə bağlı yoxlama aparır.
ABŞ səfirliyi ABŞ vətəndaşlarını yerli medianı izləməyə, izdihamlı yerlərdən qaçmağa, dostlara və ailəyə təhlükəsizlikləri barədə məlumat verməyə və ətraf mühitdən xəbərdar olmağa çağırıb.
Qeyd edək ki, “Zvartnots” hava limanında və meriyada heç bir partlayıcı qurğu aşkarlanmayıb, metroda axtarış işləri davam edir. Bu hallar son bir ayda artıq neçənci dəfədir baş verir.