Bu gün:
Xezer.info » Dünya » Çavuşoğlu: “Türk Dövlətləri Təşkilatının sammiti Səmərqənddə keçiriləcək”

Çavuşoğlu: “Türk Dövlətləri Təşkilatının sammiti Səmərqənddə keçiriləcək”


Çavuşoğlu: “Türk Dövlətləri Təşkilatının sammiti Səmərqənddə keçiriləcək”
“Türk Dövlətləri Təşkilatının sammiti noyabrın 11-də Səmərqənddə keçiriləcək”.

“Report” xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan-Türkiyə formatında görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

“Özbəkistan ilk dəfə Türk Dövlətləri Təşkilatına sədrlik edəcək. İnanırıq ki, Səmərqənd sammiti ölkələrimizin əməkdaşlığında yeni səhifə açacaq”, - o deyib.

M.Çavuşoğlu əlavə edib ki, Ankara ilə Daşkənd arasında münasibətlər genişmiqyaslı strateji tərəfdaşlıq xarakteri daşıyır, Türkiyə ilə Azərbaycan arasında dialoq isə müttəfiqlik səviyyəsindədir.

İqtisadi əməkdaşlığa toxunan Türkiyənin xarici işlər nazirin sözlərinə görə, ölkəsinin Azərbaycan və Özbəkistanla ticarət dövriyyəsində artım var: “2021-ci ilin sonunadək Azərbaycanla ticarət dövriyyəsi 5 milyard dollara, Özbəkistanla isə 3,6 milyard dollara çatıb. Rəsmi Ankara bu rəqəmləri daha da artırmağı və ölkələrimizin liderləri tərəfindən müəyyən edilmiş 10 milyard dollar həddinə çatdırmağı hədəfləyir”.

O vurğulayıb ki, Türkiyə türk dövlətləri ilə əlaqələri qarşılıqlı faydaya və maraqlara hörmət əsasında daha da inkişaf etdirməyi hədəfləyir.