Bu gün:
Xezer.info » Cəmiyyət » “Şər və böhtan yazan “jurnalistlər” ciddi nəticə çıxarmalıdır”

“Şər və böhtan yazan “jurnalistlər” ciddi nəticə çıxarmalıdır”


“Şər və böhtan yazan “jurnalistlər” ciddi nəticə çıxarmalıdır”
“Baş Prokurorluğun xəbərdarlığından şər və böhtan yazan “jurnalistlər” ciddi nəticə çıxarmalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev deyib.

O vurğulayıb ki, Azərbaycan dövləti mümkün olan bütün mexanizmlərdən istifadə edir ki, medianın obyektiv və qərəzsiz fəaliyyətini dəstəkləsin, ölkədə söz və ifadə azadlığının təmin olunması imkanlarını daha da genişləndirsin: “Bunun üçün ölkədə həm qanunvericilik bazası, həm də maddi-texniki dəstək alətləri kifayət qədərdir. Lakin, təəssüflər olsun ki, dövlətin xoş niyyətini düzgün qiymətləndirməyən və jurnalistin yüksək adına və peşə etikasına xələl gətirən “jurnalistlər” hələ də iş başındadır. Bu tip “jurnalistlər” və “xəbər saytları” şəbəkə şəklində birləşərək milli maraqlarımızı zədələyən, tanınmış şəxslərə, ictimai və dövlət adamlarına qarşı məqsədyönlü şəkildə daxildən və xaricdən təşkil olunan qərəzli, həqiqəti əks etdirməyən yazıları bir-birilərinə ötürür, qarayaxma kampaniyasını genişləndirməyə çalışırlar”.

Deputat qeyd edib ki, bu cür qanuna zidd fəaliyyət son zamanlar daha geniş vüsət alıb: “Bu cür saytlar tərəfindən “Media haqqında” Qanunun 14-cü maddəsinin bütün tələbləri kobud şəkildə pozulur, şəxsi maraqlar və kənar sifarişlər əsasında qərəzli, böhtan, yalan və şər xarakterli yazılar yazılır və sosial şəbəkələrdə təbliğ olunur”.

Azay Quliyevin sözlərinə görə, belə çirkin kampaniyanın hədəfinə tuş gələnlər bir çox hallarda bu “yazılara” əhəmiyyət verməməyə üstünlük verirlər: “Ancaq, görünür vəziyyət o qədər acınacaqlıdır ki, artıq, Baş Prokurorluq məsələyə müdaxilə etməyi lazım bilib və “Media haqqında” Qanunun 14-cü maddəsinin tələblərini pozanlara rəsmi xəbərdarlıq edib. Mən “Media haqqında” Qanunun müdafiəsi istiqamətində atdığı addımlara görə Baş Prokurorluğa təşəkkür edir və verilən xəbərdarlığı tam dəstəkləyirəm. Hesab edirəm ki, qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq qərəzli və böhtan xarakterli yazılar yazan “jurnalistlər” bu xəbərdarlıqdan ciddi nəticə çıxarmalıdır. Bu, xəbərdarlıq həm də ona görə vacibdir ki, hamı bir daha anlasın ki, dövlət hər bir vətəndaşının hüquq və azadlığını qorumaqda qərarlıdır və medianın çirkin niyyətlərə və cılız maraqlara alət olunması yolverilməzdir”.