Bu gün:
Xezer.info » Manşet » Ağdaş sakinləri problem içində boğulur... - İcra hakimiyyəti isə "ölmə" deyir...

Ağdaş sakinləri problem içində boğulur... - İcra hakimiyyəti isə "ölmə" deyir...


Ağdaş sakinləri problem içində boğulur... - İcra hakimiyyəti isə "ölmə" deyir...
«Bizim məktəb 3-illik idi. Sonra 9-illik elədilər. Tutumu yalnız ibtidai siniflərin sayına görə olan məktəb otaqlarında indi 1-ci sinifdən 9-cu sinfədək bütün şagirdlər eyni vaxtda dərs keçirlər. Bəzən uşaqların hamısını eyni otağa yığırlar. Belə şəraitdə hansı normal təhsildən danışmaq olar? Məcburam, kənddə evi-eşiyi qoyub rayona köçüm, kirayə ev tutum, uşağı mərkəzdəki məktəblərdən birinə qoyum».

TƏHSİL ÜÇÜN KƏNDDƏN RAYON MƏRKƏZİNƏ...

Ağdaşın Qumlaq kəndinin sakini Sədaqət Mehbalıyevanın üç övladından biri bu il, digər iki övladı isə gələn illərdə məktəbə gedəcək. Ana kənddə yeni və tələblərə cavab verən məktəb tikilməsini istəyir. Deyir, kənddə məktəb tikilməsə, övladlarının təhsil alması çətinləşəcək.

Ancaq kəndin dərdi təkcə məktəb deyil. Sədaqət Mehbalıyeva deyir, kənddə tibb məntəqəsi də yoxdur. Həkim müayinəsindən ötrü uşaqları tez-tez rayon mərkəzinə aparır.

Elə kənd sakini Şakir Ələsgərov da rayonun səhiyyəsindən şikayətçidir. Deyir, rayon səhiyyəsinin yarıtmazlığı üzündən bir neçə gün əvvəl ailə üzvünü itirmək təhlükəsi ilə üz-üzə qalıb. Həkimlər çağırışa gəlmədiyi üçün DİN-in «102» xidmətinə, Səhiyyə Nazirliyinin qaynar xəttinə şikayətləri də nəticəsiz qalıb:

«DEDİLƏR, MAŞINDA BENZİN YOXDUR»

«10 gün əvvəl gecəyarı yoldaşımın vəziyyəti ağırlaşdı. Təcili yardıma zəng vurduq, növbətçi dedi, «gələ bilmirik, maşınımızın benzini yoxdur». Biz də Daxili İşlər Nazirliyinin «102» xidmətini yığıb təcili yardımdan şikayətimizi bildirdik. Dedik, «burda insan can üstədir, təcili yardım gəlmir ki, benzin yoxdur». «102»dən də dedilər, Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng vurun. Ora da zəng vuranda, bir başqa nömrə verdilər, heç o nömrədən də cavab verən olmadı. Yoldaşımı səhərə yaxın Mingəçevir xəstəxanasına aparmalı oldum. Sən demə, təcili əməliyyat olunmalıymış. Azca da gecikdirsəydik, indi həyatda yox idi. Bunun təqsiri xəstə çağırışına gəlməyən həkimlərdə olacaqdı. Kənddə birini sancı tutanda, iynə vurmağa bir tibb bacısı yoxdur. Rayondakılar da gəlmir».

«YOLUMUZ YOXDUR»

Başqa kənd sakini Fərhad Mustafayev həkimlərin çağırışa gəlməməsinin səbəbini yolla əlaqələndirir: «Mərkəzlə kəndi birləşdirən yolda 40 santimetr dərinliyində çuxurlar var. Özümüz o çuxurları tez-tez doldururuq, yağış yağanda torpağı yuyub aparır, yenə əmələ gəlir. Özümüz gətirib çınqıl, xırda daşlar tökürük, bu da işə yaramır. Çünki maşınlar keçəndə təkərin altındakı daşlar kənara sıçrayır, neçə dəfə yoldan keçənin başını yarıb. Bələdiyyəyə gedirik, deyirik, «sən materialı ver, fəhlə lazım deyil, özümüz yığışıb yolu düzəldək». Deyir, «yoxdur». Təcili yardım da kəndə yollar keçilməz olduğundan gəlmək istəmir».

Xaçmazda "Təcili yardım"ın da getmədiyi kəndlər...

​«MƏN ŞİKAYƏT ETDİKCƏ, HEYVANLAR YOXA ÇIXIR»

Fərhad Mustafayev deyir, bir neçə ay əvvəl heyvanları yoxa çıxıb. Ancaq polisə şikayətlərinin nəticəsi olmayıb: «Heyvan oğurlanır, «102»yə zəng vururam, bu tapılmamış bir həftə sonra o biri heyvanım oğurlanır. Yenə «102»yə zəng vururam, üstündən bir neçə gün keçir, başqa heyvanım oğurlanır... Şikayət etdikcə, daha da zərərə düşürəm. Camaat bilmir heyvanı necə qorusun ki, oğurlamasınlar. 5 heyvanımdan hələ də xəbər-ətər yoxdur. Gedirəm rayon polisinə ki, rəisə dərdimi deyəm, deyirlər, «nə sözün var, bizə de», rəislə görüşməyə qoymurlar. Gedirəm icra hakimiyyətinə ki, dərdimi başçıya deyim, deyirlər, «yenə sən gəldin?». Qapıdan qovurlar. Ay məmurlar, bəs mən dərdimi deməyə sizin yanınıza gəlməyim, hara gedim?».

Kəndlilərin digər şikayətləri qazdan, işıqdan və sudandır. Deyirlər, kənddə artezian olmadığından sakinlər gilli su ilə dolanırlar və mədə xorasına yoluxurlar.

DEYİRLƏR, HƏR ŞEY YAXŞI OLACAQ

Ağdaşın icra hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, kəndin sosial problemi tədricən aradan qaldırılır. Digər kəndlərdəki kimi, su təminatı da yaxşılaşdırılacaq. Məktəbə gəlincə, gələcəkdə kənddə müasir tələblərə cavab verən məktəb tikilməsi nəzərdə tutulub.

Ağdaş rayon polis şöbəsindən bildiriblər ki, Fərhad Mustafayevə məxsus heyvanların tapılıb sahibinə qaytarılması polisin diqqətindədir, onun ərizəsi alınıb və araşdırma davam edir.

Ağdaş rayon xəstəxanasından isə xəstə çağırışına təcili yardım briqadasının getməməsi ilə bağlı deyilənlər təkzib olunub. Xəstəxanadan bildirilib ki, çağırışlar qeydə alınır və hansısa həkim briqadasının çağırışdan hər hansı formada imtinası mümkün deyil.
Dia.az