Ermənilər rusların gözü önündə... Ordumuz atəş açdı
20-iyul-2022Ötən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində döyüş mövqelərinin yaradılması məqsədilə mühəndis-texniki və tikinti işlərinin aparılmasına başlayıb.
Axar.az xəbər verir ki, bu barədə “Haqqin.az” məlumat yayıb.
Bildirilib ki, 10 noyabr 2020-ci il bəyannaməsinə zidd olan bu qanunsuz fəaliyyətin qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələrinin bölmələri xəbərdarlıq atəşi açıb, bütün zəruri qabaqlayıcı tədbirləri, o cümlədən Rusiya sülhməramlıları kontingentinin komandanlığını məlumatlandırıb. Bir saat sonra hadisə yerinə bir qrup sülhməramlı gəlib.
Lakin Rusiya sülhməramlıları Ermənistan silahlı qüvvələrinin qanunsuz fəaliyyətini və aparılan işləri dayandırmaq əvəzinə, əksinə, erməni quldur dəstələrinin təhlükəsizliyini təmin edərək, gecə saatlarında işin davam etdirilməsinə şərait yaradıblar.
Xatırladaq ki, Prezident İlham Əliyev son müşavirədə Rusiyanın Ermənistan ordusunun bölmələrini beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisindən çıxarmağı öhdəsinə götürdüyünü, lakin sonradan üzərinə düşən öhdəliyi pozduğunu bildirmişdi. Aydındır ki, Rusiya sülhməramlı kontingenti nəinki yaranmış problemin həlli üçün səy göstərir, əksinə, öz hərəkətləri ilə yaranmış gərginliyi daha da gücləndirir.
Rusiya sülhməramlılarının komandanlığına sual ünvanlayırıq: nə baş verir? Bəs rus ordusunun hərəkətlərini necə başa düşmək olar?
Xatırladaq ki, ötən gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan ordusunun birliklərinin Azərbaycan ərazisindən çıxarılmağa başlandığını bildirmişdi.