"Böyük Qayıdış prosesində ən vacib məsələlərdən biri əhalinin məşğulluğunun təmin olunmasıdır"
20-iyul-2022"Qarabağa Böyük Qayıdışın ilk addımı atılır. Bu gün böyük fəxr və sevinclə hər birimiz Zəngilan rayonunun Ağalı kənd sakinlərinin doğma torpaqlarına Qayıdışının şahidi oluruq".
Bunu Sonxeber.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat qeyd edib ki, bu qayıdış Vətən müharıbəsində möhtəşəm qələbəmizin davamıdır və hər bir azərbaycanlı üçün böyük qürur mənbəyidir:
"İlk öncə bu tarixi gün münasibətilə bütün zəngilanlıları, xüsusilə də Ağalı kənd sakinlərini təbrik edirəm. Qayıdışları mübarək olsun! Bildiyiniz kimi, Zəngilan birinci rayondur ki, keçmiş məcburi köçkünlərin tarixi yurdlarına köçürülməsinə başlanılıb. Məlumdur ki, birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilib. Ağalı kəndi faktiki olaraq yenidən qurulub. Ağalı kəndinin timsalında hər kəs işğaldan azad olunmuş ərazilər ilə bağlı Azərbaycanın planlarını görə bilər. Əhalinin firavan yaşaması üçün bütün məsələlər nəzərə alınıb. Burada təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf əsas amillərdir. Burada əhalinin rifahının təmin olunması üçün bütün nüanslar nəzərə alınıb. Əlbəttə, mümkün olan hər şeyi edir, bütün güclər səfərbər olunub. Maliyyə vəsaiti ayrılıb. Keçən il və bu il həmin məqsədlər üçün hər il üzrə 2,2 milyard manat vəsait nəzərdə tutulub, yəni toplam 4,4 milyard manat vəsait ayrılıb".
Millət vəkili Tamam Cəfərova bildirib ki, Böyük Qayıdış prosesində ən vacib məsələlərdən biri əhalinin məşğulluğunun təmin olunmasıdır:
"Bu istiqamətdə dövlət bütün tədbirləri görüb. Ağalıya köçürülən ilk sakinlər arasında təqaüdçü, tələbə, evdar qadınlar olmaqla yanaşı, mühəndis, satıcı-kassir, gözətçi, bağban, aqronom, müəllim, həkim, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və s. xidmət, səhiyyə və təhsil sahələri üzrə ixtisaslaşmış kadrlar var. Sevindirici haldır ki, köçürülən ailələrə peşələrinə uyğun iş yerləri təklif olunub.
Yeni Ağalı kəndinə birinci mərhələdə 41 ailə köçürülür. İlkin mərhələdə köçürülən ailələr əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin hər birinin sakinləri var.
Onu da qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.
Bu gün bu sevinci zəngilanlılara və bütövlükdə Azərbaycan xalqına yaşadan başda Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev olmaqla, onun peşəkar ordusuna minnətdarlığımızı bildirir, şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirik. Allah bütün şəhdilərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!"