“Qarabağ” mövzusunda elan olunan müsabiqəyə ssenari qəbulu başa çatıb
20-iyul-2022C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Azərbaycanfilm-100” adlı ssenari müsabiqəsinin qəbul mərhələsi başa çatıb.
"Report" xəbər verir ki, kinostudiyanın 100 illiyi münasibəti ilə elan olunan müsabiqə “Qarabağ” mövzusunda keçirilib.
Tammetrajlı bədii film ssenarisi kateqoriyasında keçirilən müsabiqənin məqsədi kinematoqrafiya sahəsində çalışan yaradıcı şəxslərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək və kinostudiyanın ssenari portfelini formalaşdırmaqdır.
Qeyd edək ki, müsabiqəyə 60 müraciət daxil olub. Bu müraciətlərdən 7-i reqlamentə uyğun olmadığı üçün qəbul olunmayıb. Digər 53 ssenari isə Ekspert Şurasının müzakirəsinə həvalə olunub.
Qalibləri Kinostudiya nəzdində yaradılmış Ekspert Şurası müəyyən edəcək. Ssenarilərin oxunması prosesi davam edir. Ekspert Şurasının artıq ilk müzakirəsi keçirilib. Müsabiqənin qaliblərinə müvafiq olaraq 10 000, 8 000 və 5 000 manat məbləğində mükafat veriləcək.
Qaliblərin adları avqustun 2-də Azərbaycan kinosu günündə elan olunacaq.