XİN Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclası barədə - Məlumat yaydı
19-iyul-2022Bu gün Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun və Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin həmsədrliyi ilə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda XİN məlumat yayıb.
İclas zamanı, Azərbaycan-Avropa İttifaqı əlaqələri, xüsusilə Azərbaycanla Avropa İttifaqı arasında müzakirə edilməkdə olan hərtərəfli sazişin hazırkı vəziyyəti üzrə müzakirələr aparılıb. Hər iki tərəf bu sazişin qısa müddət ərzində yekunlaşmasına tərəfdar olduğunu təsdiq edib.
Gündəliyin digər bəndi üzrə regional məsələlərə diqqət yönəldilib. Bu xüsusda, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi ətrafında geniş müzakirə aparılıb. Ceyhun Bayramov normallaşma prosesinin hazırkı vəziyyəti, Azərbaycan tərəfindən göstərilən yanaşma və baxış diqqətə çatdırıldı. Sülh sazişinin imzalanması, bu xüsusda Azərbaycanın sistemli və strukturlu yanaşmanın tərəfdarı olduğu qeyd edilib. Sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, eyni zamanda, Azərbaycanla Ermənistan arasında etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi sahəsində Azərbaycanın mövqeyi diqqətə çatdırılıb.
Nazir xüsusilə, münaqişədən sonrakı bərpa işləri barədə məlumat verib. Cari iclasın əlamətdar tarixi günə, ilk dəfə öz yurdlarından qovulmuş məcburi köçkünlərin Zəngilanın Ağalı kəndinə qayıdışına təsadüf etdiyini vurğulanıb.
Görüş zamanı, Azərbaycan-Avropa İttifaqı gündəliyinin digər məsələləri, o cümlədən, demokratiya, insan hüquqları, qanunun aliliyi sahəsində əməkdaşlıq və bu istiqamətdə Azərbaycanda atılan addımlar və islahatlar barədə məlumat verilib, gündəlikdə duran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.