Devid MakAlister: "Azərbaycana səfərdən sonra biz Gürcüstana, daha sonra isə Ermənistana səfər edəcəyik"
19-iyul-2022"Bizim nümayəndə heyətinə parlamentin altı üzvü daxildir. Cənubi Qafqaza səfərimiz bütün həftə boyu davam edəcək. Azərbaycana səfərdən sonra biz Gürcüstana, daha sonra isə Ermənistana səfər edəcəyik".
"Report" xəbər verir ki, bu sözləri Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlister iyulun 19-da Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
"Cənab Prezident, Avropa Parlamentindən olan həmkarlarımı Sizə təqdim etmək istəyirəm. Avropanın Mühafizəkarlar və İslahatçılar Qrupundan olan xanım Assita Kankodur. Həmçinin Yaşıllar Qrupunu təmsil edən Viola Fon Kramon var. Masanın digər tərəfində Sosialist və Demokratların Proqressiv İttifaqının üzvü cənab Sven Vikser, masanın sonunda Demokratlar Qrupunun nümayəndəsi cənab Mariani əyləşib. Bu isə ölkənizdə Avropa İttifaqını təmsil edən, Sizin tanıdığınız səfir Piter Mixalkodur. Buraya gəlişimiz bizim Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərə verdiyimiz əhəmiyyətin göstəricisidir. Bu münasibətlər hazırkı tarixi dəyişiklik dönəmində özünü daha aşkar şəkildə büruzə verir. Cənab Prezident, fürsətdən istifadə edərək dünən Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkənizə səfəri ilə bağlı təəssüratlarınızı öyrənmək istərdik", - Devid MakAlister bildirib.