Bu gün:
Xezer.info » Cəmiyyət » Toyda dini mahnılar oxutduğuna görə həbs olundu -ŞOK İDDİA

Toyda dini mahnılar oxutduğuna görə həbs olundu -ŞOK İDDİA


Toyda dini mahnılar oxutduğuna görə həbs olundu -ŞOK İDDİA
DİN deyilənləri təkzib edir

Şəmkir rayon sakini Ramid Cəfərlinin toyda dini mahnılar oxutdurduğuna görə həbs olunduğu bildirilir.

Ramid Cəfərlinin yaxınlarının verdiyi məlumata görə, o, iyulun 10-da iki oğluna sünnət toyu edib. Mərasimdə dini mahnılar da oxunub. İyulun 14-də isə o, polis tərəfindən saxlanılıb və inzibati qaydada 20 sutka müddətinə həbs olunub.

Ramid Cəfərlinin yaxınları deyir ki, şadlıq sarayının sahibi də 10 sutka müddətinə inzibati qaydada həbs edilib. Daxili İşlər Nazirliyi isə həbslərin toyla əlaqəsi olmadığını bildirir. Qurumun Mətbuat xidmətinin Gəncə regional bürosunun rəhbəri Eşqin Qasımov deyir ki, Şəmkir rayon sakinləri Ramid Səfərli və Qulu Quliyevin dini toy mərasimilə bağlı inzibati həbs olunmaları məlumatı həqiqətə uyğun deyil və böhtan xarakterlidir.

Onun sözlərinə görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində ictimai asayişi qorumaq məqsədilə həm avtomobil, həm də piyada xidməti həyata keçirir:
“İyulun 14-də Ramid Səfərli övladlarını sünnət edən şəxslə telefon vasitəsilə danışan zaman yüksək səslə nalayiq ifadələri işlədib və ətrafdakı insanların haqlı narazılığına səbəb olub. Ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşan zaman o, hüquqa zidd hərəkətləri davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb”.

DİN sözçüsü vurğulayıb ki, Qulu Quliyev isə rayonun digər yerində bir şəxslə mübahisə edən zaman ətrafda olan insanlara məhəl qoymayaraq nalayiq ifadələr işlədib:
“Polis əməkdaşları yaxınlaşaraq onu intizama dəvət etsə də, polisin qanuni tələblərinə tabe olmayıb”.

Hər iki şəxs haqqında İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələrilə protokol tərtib edilib və baxılmaq üçün məhkəməyə göndərilib.

“Məhkəmədə hər iki şəxs inzibati xəta törətdiklərini etiraf edərək səmimi peşmanlığını bildiriblər”,- Eşqin Qasımov deyib.

Məhəkəmə qərarı ilə Ramid Səfərli 20, Qulu Quliyev isə 10 sutka inzibati qaydada həbs edilib.

“Əfsuslar olsun ki, bəzi şəxslər heç bir əsası olmadan bu hadisəni bir neçə gün əvvəl keçirilən kiçik toy mərasimilə əlaqələndirməyə çalışır. Azərbaycan tolerant ölkədir və burada yaşayan hər kəs vicdan azadlığı ictimai qaydanı pozmayan dini mərasimlərini yerinə yetirməkdə sərbəstdir”, – DİN əməkdaşı vurğulayıb.