İlham Əliyev 3 fərman, 1 sərəncam imzaladı
16-iyul-2022Prezident İlham Əliyev “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında fərman imzaladı.
Axar.az fərmanın mətnini təqdim edir:
1. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – Cəmiyyət) çevrilmə yolu ilə yenidən təşkil edilsin.
2. Müəyyən edilsin ki:
2.1. Cəmiyyət “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada sığorta fəaliyyətini həyata keçirən kommersiya hüquqi şəxsidir;
2.2. Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 (üç) üzvdən ibarət Direktorlar Şurası yaradılır;
2.3. Cəmiyyətin Direktorlar Şurası “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.4–26.1.6-cı və 29.1-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir.
3. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
3.1. Azərbaycan Respublikasının Prezidentinə:
3.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;
3.1.2. Cəmiyyətin Direktorlar Şurasının üzvlərinin, o cümlədən onun sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
3.2. Azərbaycan İnvestisiya Holdinqinə:
3.2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla:
1. Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
2. İdarə Heyətinin üzvlərinin, o cümlədən onun sədrinin və müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
3. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
4. Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi;
5. Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;
6. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edilməsi;
3.2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
5. Azərbaycan İnvestisiya Holdinqi:
5.1. Cəmiyyətin yeni nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.2. Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;
5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
***
Prezident İlham Əliyev “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:
Direktorlar Şurasının sədri
Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Direktorlar Şurasının üzvləri
Xəyyam Məmmədov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini
Gündüz Əliyev – Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsi müdirinin müavini.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi”ndə və 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 543-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2318; 2018, № 5, maddə 956; 2020, № 8, maddə 1041; 2021, № 8, maddə 926, № 12, maddə 1404; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 aprel tarixli 1659 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi”nin 3.1.30-cu yarımbəndi ləğv edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1490; 2020, № 7, maddə 896; 2021, № 7, maddə 729, № 8, maddə 926, № 12, maddə 1405; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 aprel tarixli 1660 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.3.1-ci yarımbəndə “ötürücüləri” sözündən sonra “, nəql edənləri” sözləri əlavə edilsin;
2.2. 2.3.2-ci və 3.3.2-ci yarımbəndlərdən “Agentlik və” sözləri çıxarılsın;
2.3. 2.6.3-cü yarımbəndə “ötürülməsi” sözündən sonra “, nəqli” sözü əlavə edilsin;
2.4. 3.1.4-cü yarımbəndə “istifadəsinin” sözündən sonra “və enerji effektivliyinin” sözləri əlavə edilsin;
2.5. 3.1.8-ci yarımbənd ləğv edilsin;
2.6. 3.2-ci bənddə “Qaza qənaət və qazdan səmərəli istifadəyə” sözləri “Qazdan səmərəli istifadə və enerji effektivliyinə” sözləri ilə əvəz edilsin.
3. Bu Fərman 2022-ci il iyulun 1-dən tətbiq edilir”, - fərmanda qeyd olunub.
***
İlham Əliyev “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 565-VIQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 565-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 565-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin 2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.
2. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) verilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 565-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin”, - fərmanda bildirilib.