Bu ölkələrlə daha fəal işləməliyik - Prezident
16-iyul-2022Əsas investisiya gətirə biləcək ölkələrdə biz daha da fəal işləməliyik.
Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki yekun nitqində bildirib.
"İnvestisiya iqlimi, böyük şirkətlərlə bizim əməkdaşlığımız, siyasi sabitlik, əlbəttə, İkinci Qarabağ müharibəsindəki Qələbə investorları daha da inandırdı. Çünki artıq müharibə riskləri yoxdur. Eyni zamanda, Azərbaycana olan münasibət, onsuz da müsbət münasibət daha da müsbətə doğru dəyişdi. Çünki bizim kimi 44 gün ərzində o çətin relyefi nəzərə almaqla müharibə aparmaq və qalib gəlmək, əlbəttə, hesab edirəm ki, dünyada hər kəs tərəfindən qiymətləndirilir. Ona görə biz özəl sektoru və xarici investorları ölkəmizə daha böyük sayda cəlb etməliyik. Bunun üçün, əlbəttə, əsas investisiya gətirə biləcək ölkələrdə biz daha da fəal işləməliyik. İqtisadiyyat Nazirliyi və bizim digər qurumlarımız, o cümlədən Turizm Agentliyi bu sahəni də təbliğ etməlidir, təkcə bizim təbii gözəlliklərimizi yox. Azərbaycanda müntəzəm olaraq biznes forumlar, investisiya konfransları keçirilməlidir ki, biz öz imkanlarımızı təqdim edək", - İlham Əliyev vurğulayıb.