Bu gün:
Xezer.info » Cəmiyyət » "Tovuz döyüşlərində xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik Böyük Qələbəmizin xəbərçisi oldu" - Deputat

"Tovuz döyüşlərində xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik Böyük Qələbəmizin xəbərçisi oldu" - Deputat


"Tovuz döyüşlərində xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik Böyük Qələbəmizin xəbərçisi oldu" - Deputat
"Azərbaycanın hərb tarixinin ən mühüm səhifələrindən biri olan Tovuz döyüşlərindən 2 il ötür. Bəllidir ki, Müzəffər Ordumuzun Böyük Qələbəyə doğru irəliləməsi 2016-cı il şanlı Aprel döyüşlərindən, 2018-ci il Naxçıvanda uğurlu Günnüt əməliyyatından, 2020-ci il Tovuz döyüşlərindən keçdi. Azərbaycanın möhtəşəm qələbəsi, Ermənistanın biabırçı məğlubiyyəti Tovuz döyüşlərindən başladı. General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev başda olmaqla, 12 hərbçimizin şəhid olduğu Tovuz döyüşləri Azərbaycan hərb tarixinin ən şanlı səhifələrindən biridir. Təcavüzkar Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində mövqelərimizə hücum cəhdi ilə başlayan döyüşlər Qarabağın düşmən işğalından azad olunması ilə başa çatdı. Tovuz döyüşləri Ermənistanın hərbi gücsüzlüyünü və Azərbaycan ordusu qarşısında məğlub olacağını bir daha göstərmiş oldu. Bütün bunlar xalqımızın döyüş ruhunun yüksək olduğunu nümayiş etdirdi. Beləliklə, Tovuz döyüşləri Azərbaycanın Vətən müharibəsində mənfur düşmən üzərində qazanmış olduğu böyük Zəfərin ilk qığılcımlarından oldu".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında deputat Tamam Cəfərova deyib.

O bildirib ki, 12 iyul 2020-ci il tarixində münaqişə bölgəsindən uzaqda Tovuz istiqamətində Ermənistanın yeni arzularla başladığı təxribat xarakterli döyüş əməliyyatlarını Müzəffər Ordumuz qəhrəmancasına düşmənə ağır zərbə endirərək geri oturtdu:

"Təbii ki, bu hadisə tarixi qələbəmizin başlanğıcı oldu. Bununla da Ermənistan ordusunun guya "məğlbedilməzlik" mifi bir daha darmadağın oldu. Əlbəttə, Ermənistan ordusu barədə mifin dağılması hələ 2016-ci ildə Aprel döyüşləri vaxtı başlamışdı. 2016-ci ildə Ermənistan ordusunun təxribatlarına cavab olaraq ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində yaranan rezonans Ermənistanın hərbi-siyasi rəhbərliyinin içərisində dərin çatların əmələ gəlməsinə gətirib çıxarmışdı. Belə ki, Aprel döyüşlərində qazanılmış hərbi-siyasi qələbənin təsirlərini bu gün də Ermənistanda müşahidə etmək mümkündür.

İkincisi, bu ölkədə işğalçılığın və seperatizmin dövlət siyasəti olduğu təsdiq olundu. Eyni zamanda, erməni xalqı "şanlı ordu"sunu tanıdı və guya "məğlubedilməz erməni ordusu"nun bir mifdən ibarət olduğunu gördü. Tovuz döyüşləri də bütün bunların növbəti və ən həlledici mərhələsi idi".

Tovuz döyüşlərinin tarixi əhəmiyyətinə diqqət çəkən deputat qeyd edib ki, bu tarixi hadisə bir daha xalqımızın vətənpərvərliyini, xalq-iqtidar birliyini göstərməklə bərabər, xalq-ordu-dövlət həmrəyliyinin nümayişi idi:

"Xalq bir yumruq kimi ordunun və dövlətin ətrafında sıx birləşdi. Tovuz döyüşləri başlanan ilk gündən 10 minlərlə gənc küçələrə axışaraq döyüşə getmək üçün səfərbər olmağa hazır olduqlarını nümayiş etdirdi. Ali Baş Komandanın döyüşə getmək istəyənlərə ərazi hərbi komissarlıqlarında qeydiyyatdan keçmək çağırışına 10 minlərlə gənc dərhal qoşuldu. Məhz Tovuz döyüşlərində xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik Böyük Qələbəmizin xəbərçisi oldu".

Sonda Tamam Cəfərova Tovuz döyüşlərində şəhadətə ucalan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev başda olmaqla, bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, əziz xatirələri qarşısında hörmət və ehtiramla baş əydiyini bildirib:

"Şəhidlərimiz xalqımızın qəlbində əbədi yaşayacaqdır!"