Bu gün:
Xezer.info » Cəmiyyət » Başçı, cavab ver: Elvin niyə özünü öldürdü?

Başçı, cavab ver: Elvin niyə özünü öldürdü?


Başçı, cavab ver: Elvin niyə özünü öldürdü?
Qazi Elvin Cəfərovun 10 iyulda – Qurban bayramı günü, intiharından öncəki videosu yayılıb.

“Bu gün ayın neçəsidir? 10 iyul, Qurban bayramı günü. Mən özümü qurban edəcəm” deyir qazi və az sonra onun Sabirabad İcra Hakimiyyətinin binası önündə özünü yandırdığı, bir gün sonra isə dünyasını dəyişdiyi xəbəri yayılır.

Elvinin döyüşdən sonrakı müalicədən qayıtdığı video möhtəşəmdir: adam böyük sevgi ilə, qəhrəmandan daha fərqli, məhz Qarabağ kimi qarşılanır. Xalq onun simasında Qarabağın azadlığını qutlayır, Elvin də özünü Vətən kimi aparır – danışığında Vətən sevgisi, yurda hər an can verməyə hazır olan qəhrəman görünür. Bir az da ziyalılıq var – fərqi yoxdur, ali təhsil alıb, ya yox, faktı heç nə dəyişmir: Elvin əsl vətənpərvər, Vətəni təmənnasız sevdiyini göstərən igiddir.

Bu cür igid, Vətəni qarşılıqsız sevən gənc, təpədən dırnağa Bayraq Adam niyə özünü yandırmalı, həyatına son qoymalıdır?

“Deyirəm, özümü yandırıb öldürəcəm. Başlayır ki, (icra başçısından söhbət gedir) neçə medalın var, burda işləyənin (yəqin, İH-də qazilərlə iş şöbəsinin müdiri nəzərdə tutulur – red.) 3 medalı var”, - Elvin intihar öncəsi videosunda deyir bunları.

Burdan başlayır hər şey, Elvinin intiharının səbəbi budur – nə pensiyasının kəsilməsi və yaxud təqaüdü, nə dövlət dəstəyindən narazılıqdır. Məhz başçının bu sözüdür!

Bir icra başçısının rayondakı qaziləri tanımaması və onların qəhrəmanlığını bilməməsi rüsvayçılıqdır. İllah ki, “Vətən uğrunda” da daxil olmaqla, 8 medal alan, barəsində süjetlər çəkilən, böyük təmtəraqla elə “dünən” qarşılanan Elvini tanımaması mala-məmləkətə sığan deyil!

Başçı Elvini niyə tanımamalıdır? Niyə onun necə bir döyüşçü olduğunu bilməməlidir?

Elvin başçının qəbuluna istədiyi vaxt düşə bilməməkdən gileylidir, diqqətsizlikdən, sevgisizlikdən bezib – pulsuzluqdan yox! Halbuki bu sevgi, bu qayğı olsa, heç pulsuzluq da çəkməzdi, pensiyası hansı “qəzavü-qədər”dən kəsilibsə, dərhal da bərpa olunardı...

O qədər də pozitivdir, o qədər də mehribandır... Adam “özümü yandıracam” deyir və edir, amma intiharöncəsi çıxışında bircə kəlmə ağır söz işlətmir, bircə kəlmə kimisə təhqir etmir, bircə qırıq dövlətə, Vətənə qarşı söz demir.

“Başçının balası da bizim əzizimizdir, onlar üçün can qoymuşuq”, - deyir Elvin. Bunca alicənablığı təsəvvür etmək belə çətindir.

“Başçının qəbuluna çıxmaq (İcra Hakimiyyəti binasında başçının otağına buraxılmamasını nəzərdə tutur) olmur. Əstafurullah, üzr istəyirəm, imamdı, peyğəmbərdir, ocaqdır? Niyə çıxmaq olmur?” – Elvinin sözləridir.

“Öz əlimlə pambıq əkmişdim, pambığımı oğurladılar...” – bunu da Elvin deyir...

O video çox mətləblərə aydınlıq gətirir, Elvin və elvinlərin intiharının səbəbini aydınlaşdırır.

Elvinin intiharının səbəbi icra başçısının diqqətsizliyidir, qayğısızlığıdır, qazilərə, şəhid ailələrinə münasibətinin nəticəsidir.

Elvinin intiharının səbəbi Sabirabadın deputatıdır – vaxtllı-vaxtında ziyarət etməyib onu, Elvinin istinad yeri olmayıb...

Elvinin intiharının səbəbi Sabirabaddakı məmurlardır – yeməyə-içməyə vaxt tapırlar, ancaq qazini qəbul edib, onu dinləmək istəmirlər; istirahətə vaxt tapırlar, ancaq qazi ailələrini ziyarət etmirlər...

Elvinin intiharının səbəbi həm də bizik – vaxtında elvinlərin yanında ola bilmirik, onlara sevgimizi göstərmirik, danışmırıq, dərdləşmirik, yaşadıqları dəhşətləri danışıb-yüngülləşməsi üçün vaxt ayırmırıq...

Bir də ən mühümü: Elvinin intiharının səbəbkarlarından biri o videonu çəkəndir! Elvinin qolundan tutub, bir yerə aparıb, Elvinin ürəyini sona qədər boşaltmasına şərait yaratmaq əvəzinə sanki bu aktın baş tutması üçün öz töhfəsini verir.

Qazinin ürək sözünü çəkib paylaşmaq, onun intihar etmək istəyini tirajlamaqdan əvvəl qazinin dərdini almaq, ağrısını almaq, başına dönmək lazım idi.

Ad tapa bilmirsən baş verənlərə: biriləri qazilərin hesabına kürsüdə oturub, qaziləri qəbul etmir, digərləri o kürsüdə oturanlardan qisas alması üçün qazilərin intiharöncəsi psixoloji halından bəhrələnir...

Kimsə buna hüquqi qiymət verməlidir, ancaq bundan öncə mənəvi qiymət olmalıdır.

İcra başçısı, istefa ver, get, Elvinin məzarı başında 40 gün ağla, bəlkə Elvinin ruhu, onun iki körpəsi və xəstə anası, bu xalq, Allah və Qarabağ səni bağışladı.

Yoxsa sənin də balan üçün canını fəda edən Elvinin qısasını Allah özü alacaq səndən...