Bu gün:
Xezer.info » Cəmiyyət » İlham Əliyev nazirlərə əlavə səlahiyyət verdi - rəsmi

İlham Əliyev nazirlərə əlavə səlahiyyət verdi - rəsmi


İlham Əliyev nazirlərə əlavə səlahiyyət verdi - rəsmi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Dəyişikliklərə əsasən, dövlət müəssisələrinin və hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus səhmlərin (payların) idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na aşağıdakı məzmunda 7.9.4-cü yarımbənd əlavə olunur:

“7.9.4. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, nizamnamə kapitalında dövlətin payı olan səhmdar cəmiyyətlərinin və birgə müəssisələrin idarəetmə orqanlarında dövlətin nümayəndəsini təyin edir.”.

9.2-ci bəndin birinci və ikinci cümlələri aşağıdakı redaksiyada verilir:

“Dövlət müəssisələrində dövlət əmlakının qorunub saxlanılmasına və ondan təyinatı üzrə səmərəli istifadə olunmasına, daşınmaz dövlət əmlakının təyinatının dəyişdirilməsinə nəzarət Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Nəzarətin həyata keçirilməsi məqsədi ilə dövlət orqanları, sahə mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, bütün dövlət müəssisələri təsdiq olunmuş forma üzrə hər ilin əvvəlinə xüsusi hesabatlarını 1 aprel tarixindən gec olmayaraq, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etməlidirlər.”.

Həmçinin 9.3-cü bənd aşağıdakı redaksiyada verilir:

“9.3. Dövlət əmlakının idarə edilməsinə və ondan səmərəli istifadə olunmasına nəzarət etmək məqsədi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, tabeliyindən və sahə mənsubiyyətindən asılı olmayaraq, dövlət müəssisələrində, nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərdə monitorinq və araşdırmalar aparır, onların nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, həmçinin müvafiq dövlət orqanlarına məlumat verir.”.

***

Azərbaycan Prezidenti İlham Əliyev “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.

Sərəncamla müəyyən edilir ki, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində, 15.7-ci maddəsinin birinci və ikinci cümlələrində, 16.1-ci maddəsinin birinci cümləsində, 16.4-cü maddəsinin birinci cümləsində, 16.5, 16.11, 17.1-ci maddələrində, 17.4-cü maddəsinin birinci cümləsində, 17.5, 17.11, 18.2, 18.6, 19.2, 19.7, 20.3, 20.6, 23.1-ci maddələrində, 23.4-cü maddəsinin ikinci cümləsində, 24.2, 24.3, 24.6, 25.2, 25.4-cü maddələrində və 27.18-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Nazirlər Kabineti həyata keçirir; həmin qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini İqtisadiyyat Nazirliyi həyata keçirir; həmin qanunun 27.15-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.