Müəllimlərin işə qəbul test qaydaları niyə narazılıq doğurub?
09-iyul-2022Kamran Əsədov: "MİQ imtahanlarında təkmilləşməyə ehtiyac var idi"
Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında tətbiq edilən yeniliklər açıqlanıb. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bir neçə gün əvvəl keçirdiyi brifinqdə dəyişikliklər barədə media nümayəndələrinə məlumat verib: "Əvvəlki illərin təcrübəsinə əsaslanaraq və namizədlərin çoxsaylı müraciətlərini nəzərə alaraq imtahan müddətini hər fənn üzrə 90 dəqiqədən 120 dəqiqəyədək artırmışıq".
Dəyişikliyə əsasən, müəllimlərin işə qəbulu üzrə test imtahanında səhv cavablandırılmış suallar düzgün cavabların dörddə bir hissəsinə təsir edəcək. Bu qərar namizədlərin narazılığına səbəb olub.
"Müəllimlərin işə qəbulu imtahanında edilən dəyişikliklər işə qəbulun kifayət qədər əlçatan, obyektiv, şəffaf olmasına xidmət edəcək"
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, MİQ imtahanlarında təkmilləşməyə ehtiyac var idi: "Çünki son illər keçirilən imtahanlarda suallar, testlərin məzmunu ciddi şəkildə problemlərə gətirib çıxarırdı. Bu il bir sıra dəyişikliklər edilib. Təbii ki, bu dəyişiklikləri müsbət xarakterizə edirəm. Yeniliklərdə bir neçə diqqətçəkən məqam var. Tətbiq edilən yeniliklərdə səhv cavabların düzə təsiri vacib idi. Çünki bir çox hallarda imtahan iştirakçıları sualların cavablarını bilmədikdə belə cavablayırlar. Bəzən cavab doğru çıxır və ədalətli olmur. Dəyişikliklərdə əsasən "bilik qiymətləndirilir" prinsipi tətbiq edilib. İmtahanlarda xüsusilə ixtisas suallarına üstünlük verilməsi vakant yerlərdə ixtisasını bilən müəllimlərə yer verilməsinə gətirib çıxaracaq. Bu, çox yaxşı haldır və hesab edirəm ki, müəllimlərin işə qəbulu imtahanında edilən dəyişikliklər işə qəbulun kifayət qədər əlçatan, obyektiv, şəffaf olmasına xidmət edəcək".