"Milli Ordumuzun hərb tarixinə yazdığı Zəfər səhifəsi 104 illik yolun təqdimatıdır" - Vüqar Rəhimzadə
24-iyun-2022“Rəşadətli Azərbaycan Ordusu 104 yaşını qeyd edir. 104 ildə keçilən yolun təhlilinin ümumiləşdirilmiş ifadəsi tarixi Zəfərimizdir. Artıq iki ildir ki, hər bir bayramı Qələbə ruhunda qeyd edir, işğala son qoyularaq ərazi bütövlüyümüzün təmin olunmasından, milli qürurumuzun özümüzə qayıtmasından fərəh hissi keçiririk.
Milli Ordumuzun hərb tarixinə yazdığı Zəfər səhifəsi faşist xislətli Ermənistanın son iki əsrdə azərbaycanlılara qarşı apardığı soyqırımı siyasətinə, siyasi, hərbi terror aktlarına layiqli cavab oldu. Düşmən üzərində Qələbəmizin müjdəsi olan Şuşanın işğaldan azad olunması Azərbaycan Ordusunun yenilməzliyini bütün dünyaya bəyan etdi. Bu Qələbə, ordumuzun Zəfər sevinci xalqımızın Müzəffər Sərkərdəsi, Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birliyimizin ifadəsi idi. Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında qərarlaşması həm də iqtisadi qüdrətimizin göstəricisidir. Təsadüfi deyil ki, ordumuzun 44 günlük İkinci Qarabağ müharibəsində apardığı döyüş əməliyyatları beynəlxalq səviyyədə diqqətlə araşdırılır, dünyanın hərb tarixi dərsliklərinə salınmasının vacibliyi bildirilir. Tarixi Zəfərimizdən böyük qürur hissi ilə bəhs edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətlərində, xarici mətbuata çoxsaylı müsahibələrində, beynəlxalq səviyyəli tədbirlərdəki hər bir nitqində qeyd olunduğu kimi, çətin relyefə malik, sıldırım qayalarla əhatə olunmuş Şuşa uğrunda mübarizədə qalib gələn Azərbaycan Ordusunun döyüş təcrübəsi müstəsna hal, dünya hərb tarixində unikal əməliyyat adlandırılaraq beynəlxalq səviyyədə öyrənilir. Şuşa əməliyyatı bir dastana çevrildi.”
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanda ordu quruculuğu istiqamətində aparılan islahatların məntiqi nəticəsi beynəlxalq təşkilatların açıqladığı statistik rəqəmlərlə də ifadə olunur: “Modernləşdirilən, ən müasir texnika ilə təmin olunan Azərbaycan Ordusunun gücü, qüdrəti beynəlxalq səviyyədə etiraf edilir, Silahlı Qüvvələrimiz dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşır. Ölkəmizdə keçirilən Beynəlxalq Müdafiə sərgiləri, Azərbaycan Silahlı Qüvvələri Günündə hərbi paradlar ölkəmizin bu sahədə malik olduğu imkanların dünyaya təqdimatında əhəmiyyətli rol oynayır. Ordumuzun qüdrətinin beynəlxalq səviyyədə belə yüksək dəyərləndirilməsi təbiidir. Ermənistanı «məğlub edilmiş ölkə» adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, oğrular, əsgər yeməyini satanlar hesabına formalaşan Ermənistan ordusu fərarilərdən, qorxaqlardan ibarətdir.
Qəhrəmanlıq göstərən Azərbaycanın əsgər və zabitləri qarşısında ağ bayraq qaldıran, hərbi kapitulyasiyaya məcbur olan Ermənistan ordusunda fərarilik edənlərin sayı minlərlədir. Tarixi Zəfərimiz ermənilərin illərdir yaratdıqları mifləri dağıtdı. Dünya ermənilərin apardığı təbliğatın əksinə olaraq Azərbaycan Ordusunu ən güclü ordu kimi gördü və dəyərləndirdi. Şanlı Zəfərimiz, eyni zamanda, 44 günlük Vətən müharibəsi dövründə işğalçı Ermənistanın baş nazirinin münaqişənin diplomatik yolla, havadarlarının isə hərb yolu ilə həllinin mümkünsüzlüyü barədə apardıqları qeyri-ciddi təbliğatı alt-üst etdi. Azərbaycan Ordusu Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etməklə döyüş meydanında və informasiya cəbhəsində üstünlüyünü təsdiqlədi. Sübut etdi ki, bir qarış torpağını belə düşmənə verməyəcək. Qarabağ münaqişəsinin milli qürur məsələsi olduğunu bəyan edən dövlət başçısı İlham Əliyev 44 günlük Vətən müharibəsində bütün təzyiqlərə baxmayaraq dəyişməz mövqeyindən bir addım belə geri çəkilmədi. Müharibənin hansı şərtlər daxilində dayandırılmasının mümkünlüyünü 44 günün hər gününü tariximizə Zəfər səhifəsi kimi yazmaqla nümayiş etdirdi. Əsgərini, hərbi texnikasını döyüş meydanında qoyub qaçan, zabit şərəfini Azərbaycan əsgərinin ayaqları altına atan hərbçilərinin dönüklüyünü, qorxaqlığını, Ermənistan ordusundakı vəziyyətin acınacaqlı olduğunu ermənilərin özləri də təsdiqlədilər. Dinc əhalini hədəfə alan quldurlardan, xarici muzdlulardan ibarət miskin Ermənistan ordusundakı biabırçı vəziyyəti “Onların ordusu oğrulardan ibarətdir. Döyüş meydanında, bütün dünya qarşısında rəzil olan ermənilər bundan sonra bu damğa ilə yaşayacaqlar” fikirləri ilə ifadə edən Prezident İlham Əliyev bildirir ki, Ermənistanın işğalçılıq siyasəti bu ölkəni siyasi, hərbi, iqtisadi cəhətdən asılı, müstəqil olmayan dövlətə çevirməklə sonda bir daha uğursuz ölkə kimi təqdim etdi.”
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Zəfər tarixinin müəllifi Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, müzəffər Azərbaycan xalqı, qalib Milli Ordumuz düşmənə heç vaxt unutmayacağı dərsi verdi və bəyan etdi ki, Qarabağ bizimdir. Vətəni uğrunda döyüşən, şəhid olan hər bir azərbaycanlınındır: “Bu gün ulu öndər Heydər Əliyevin, müstəqilliyimizin, ərazi bütövlüyümüzün təmin olunması istiqamətində canlarından keçən Vətən oğullarının ruhları şaddır. Azərbaycan Ordusunun qüdrəti sayəsində işğaldan azad edilmiş bütün torpaqlarımızda üçrəngli bayrağımız qürurla dalğalanır. Bu ərazilərimiz hazırda toy-büsatlı, çal-çağırlıdırlar. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri, Zəfər sevincini hərbçilərimizlə paylaşmaları böyük qürurdur. Bu məqamı da xüsusi qeyd etməyi özümüzə borc bilirik ki, dövlət başçısının Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırması, həmçinin Zəfərdən sonra ilk olaraq 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşməsi də təsadüfi deyildi. Müharibənin əsas qəhrəmanlarının həyat yolu, torpaq, Vətən sevgisi indiki və gələcək nəsillər üçün bir məktəbdir. Hərbçilərlə görüşündə dövlət başçısı İlham Əliyev ilk görüşün onlarla olmasının səbəbini belə açıqlamışdı: “Ona görə bu gün, müharibə başa çatandan dərhal sonra gəlmişəm ki, sizə öz hörmətimi ifadə edim. Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəlmişəm ki, sizə şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar. Bir daha sizi təbrik edirəm, tezliklə sağalın, adi həyata qayıdın. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Vüqar Rəhimzadə bildirib ki, Bakının Xətai rayonu ərazisində açıq səma altında salınan Hərbi Qənimətlər Parkı hər gün bu məkana üz tutan yüzlərlə ziyarətçiyə tarixi Zəfərimizin bütün məqamlarını çatdırır: “Azərbaycan Ordusunun gücünün, qüdrətinin təqdimatı olan bu parkda ermənilərin məhv edilmiş, yaxud qənimət kimi götürülmüş hərbi texnikasının nümayişi işğalçı Ermənistan və onun havadarları tərəfindən böyük narahatlıqla qarşılansa da reallıqla barışmaq zamanıdır. O reallıq ki, Azərbaycan Ordusu Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Azərbaycan bu gün qalib tərəf kimi regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasının şərtlərini açıqlayır. Ermənistana edilən sülh təklifinin uzun müddət masa üzərində qalmayacağını bəyan edən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bir daha öz gücümüzə, qüdrətimizə arxalandığımızı, haqqa, ədalətə söykənən mövqeyimizi nümayiş etdirir. Bu gün - Azərbaycan Silahlı Qüvvələri Günündə bir daha böyük fəxr və qürur hissi ilə bəyan edirik: Zəfərin mübarək, Azərbaycan! Bu Zəfəri bizlərə yaşadan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna eşq olsun!