Bu gün:
Xezer.info » Eksklüziv » "Bu gün Azərbaycanla Özbəkistanı ayıracaq heç bir səbəb yoxdur" - RƏYLƏR

"Bu gün Azərbaycanla Özbəkistanı ayıracaq heç bir səbəb yoxdur" - RƏYLƏR


"Bu gün Azərbaycanla Özbəkistanı ayıracaq heç bir səbəb yoxdur" - RƏYLƏR
"Azərbaycan və özbək xalqları arasındakı mədəni əlaqələrin tarixi çox qədimlərə gedib çıxır. Tarixi şəhərlərimiz olan Səmərqənd, Buxara, Bakı, Gəncə, Şamaxı, Naxçıvan arasında güclü mədəni-iqtisadi əlaqələr olub".

Bunu "Report"a açıqlamasında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov deyib.

O bildirib ki, orta əsrlərdə özbək mütəfəkkiri Əlişir Nəvainin Nizami Gəncəviyə xüsusi rəğbəti olub: "O, öz əsərlərində Nizami Gəncəviyə nəzirələr yazıb. Gəncəvini öz ustadı kimi görüb. Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alıb. Daha sonra Azərbaycan şairi Məhəmməd Füzulinin də Əlişir Nəvaidən ilhamlanaraq əsərlər yaratdığı qeyd olunur. Ümumiyyətlə, bu əlaqələr ötən əsrin əvvəllərində azərbaycanlıların Mərkəzi Asiyada, Türküstanın həyatında mühüm rolu olub. Ötən əsrin əvvəllərində “Molla Nəsrəddin” jurnalı Mərkəzi Asiyada geniş yayılıb. Bu coğrafiyaya aid xüsusi nömrələr dərc olunub".

Direktor deyib ki, Azərbaycanın məşhur “Arşın mal alan”, “Leyli və Məcnun” əsərləri dəfələrlə Özbəkistanın səhnələrində nümayiş etdirilib: "Sovet dövründə də bu əlaqələr davam edib. Xüsusilə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi zamanlarda da hər iki ölkədə mədəniyyət günləri keçirilib. Bu tədbirlərdə ölkələrin tanınmış simaları iştirak ediblər. Son illərdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi iki ölkə arasında mədəni, ədəbi əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində xeyli işlər görüb. Mərkəzdə 97 adda Azərbaycan klassiklərinin əsərləri özbək dilinə tərcümə olunub və dərc edilib. Azərbaycanda da bu kimi işlər görülüb, özbək mütəfəkkirlərinin əsərləri azərbaycan dilinə tərcümə edilib.

Bundan başqa, Bakıda Əlişir Nəvainin heykəli ucaldılıb. Bakının mərkəzində Özbəkistan və Mirzə Uluqbəy küçələri var. Özbəkistanda da Bakı, Səməd Vurğun və s. küçələri mövcuddur. Nizami Gəncəvinin adını daşıyan Daşkənd Dövlət Pedoqoji Universiteti hələ 1940-cı illərdə Daşkəndə yaradılıb. Bu ali məktəb indi də Özbəkistanda olduqca fəaldır. Həmin universitetin tərkibində "Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyəti fəaliyyət göstərir. Hər il Özbəkistan şəhərlərində Azərbaycan mədəniyyət və ədəbiyyat günləri keçirilir. Şuşada keçirilən “Xarıbülbül” festivalında Özbəkistanın məşhur “Bahar” rəqs ansamblı iştirak edib. Azərbaycan Dövlət Rəqs Ansamblı isə Özbəkistanın Xarəzm vilayətinin Xivə şəhərində keçirilən Beynəlxalq Rəqs Festivalında iştirak edib və qalib gəlmişdi. Bütün bunlar və sadalamadığımız yüzlərlə tədbirlər hamısı iki ölkə arasındakı əlaqələrin sıxlığından və səviyyəsindən xəbər verir".