Dövlətə ödənilən vergi hara xərclənir? - Araşdırma
11-iyul-20162014-cü ilin ortalarından dünya bazarında neft və neft məhsullarının qiymətlərinin kəskin aşağı düşməsi “qara qızıl” ixrac edən ölkələrin iqtisadiyyatları üçün yeni çağırışlara səbəb olub. Yeni iqtisadi şərait cari ildə qeyri-neft sektorunun inkişafının daha da stimullaşdırılması yolu ilə daxilolmaların artırılmasını zəruri edir. Neftdən gələn gəlirlərin azaldığı bir vaxtda vergi öhdəliklərinin tam həcmdə və vaxtında yerinə yetirilməsi ən ümdə vəzifələrdən birinə çevrilib. Bu baxımdan yeni situasiyada daxilolmalarla bağlı proqnoza tam əməl edilməsi üçün vergi orqanlarının üzərinə böyük vəzifə düşür.
2016-cı ildə dövlət büdcəsinin gəlirləri 16 mlrd. 822 mln. manat proqnozlaşdırılır ki, bunun da 41,7%-i Vergilər Nazirlyinin xətti ilə toplanmalıdır. Başqa sözlə, bu il ərzində Vergilər Nazirliyinin xətti ilə 7 mlrd. 10 mln. manat vəsaitin yığılması nəzərdə tutulur.
Artıq bu ilin 6 ayı geridə qalıb. İstər I rübdə, istərsə də II rübdə Vergilər Nazirliyi proqnoz tapşırığa artıqlaması ilə əməl edə bilib. Belə ki, 2016-cı ilin yanvar-mart ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 1 mlrd. 542 mln. 401,2 min manat vəsait toplanıb. Başqa sözlə, proqnoz tapşırığına 101,4% əməl edilib. II rübdə də vəziyyət ürəkaçan olub. Yəni, bu ilin yanvar-may ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 mlrd. 683 mln. 536,5 min manat vəsait daxil olub, proqnoz tapşırığına 103,2% əməl edilib.
Vergilər Nazirliyinin xətti ilə daxilolmaların strukturu
2016-cı ilin dövlət büdcəsinin gəlirlərinin təmin olunması üçün Vergilər Nazirliyinin xətti ilə toplanacaq vəsait üçün 11 mədaxil mənbəyi mövcuddur. Belə ki, Vergilər Nazirliyinin xətti ilə fiziki şəxslərdən gəlir vergisi üzrə 1 mlrd. 80 mln. manat, hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə 1mlrd. 914 mln. 600 min, hüquqi şəxslərin torpaq vergisi üzrə 50 mln., hüquqi şəxslərin əmlak vergisi üzrə 174 mln. 200 min, əlavə dəyər vergisi üzrə 3 mlrd. 643 mln., Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi 1 mlrd. 300 mln. sadələşdirilmiş vergi üzrə 300 mln., aksizlər üzrə 637 mln., Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksizlər üzrə 105 mln., yol vergisi üzrə 87 mln., xarici dövlətlərin avtonəqliyyat vasitələrinin sahibləri tərəfindən ödənilən yol vergisi üzrə 17 mln., mədən vergisi üzrə 110 mln. 200 min manat toplamalıdır.
Gəlir hara gedir?
Büdcənin gəlirlərində önəmli yer tutan vergi daxilolmaları dövlətin funksiya və vəzifələrinin yerinə yetirilməsinə, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına, bir sözlə dövlətin əhali qarşısında götürdüyü bütün öhdəliklərin maliyyə təminatı istiqamətinə yönəldilir. Azərbaycanın dövlət büdcəsində xərclər 14 funksional, 11 iqtisadi təsnifata bölünüb. Bu ilin dövlət büdcəsinin xərcləri 18 mlrd. 495 mln. manat proqnozlaşdırılıb.
İqtisadi təsnifata uyğun olaraq 2016-cı il üçün dövlət büdcəsi xərclərindən əməyin ödənişinə 3 mlrd. 832,9 mln. manat, malların (işlərin və xidmətlərin) satın alınmasına 3 mlrd.177,9 mln. manat, faizlər üzrə ödənişlərə 376,9 mln. manat, subsidiyalar və cari transfertlər 831,3 mln. manat, qrantlar və digər ödənişlərə 202,9 mln. manat, təqaüd və sosial müavinətlərə 2 mlrd. 38,6 mln. manat, digər xərclərə 2 mlrd. 763,6 mln. manat, qeyri-maliyyə aktivlərinin alınmasına 3 mlrd. 770,8 mln. manat, maliyyə aktivləri üzrə əməliyyatlara 106,6 mln. manat və öhdəliklər üzrə maliyyə əməliyyatlarına 1 mlrd. 393,5 mln. manat vəsait nəzərdə tutulub. 2016-cı il üçün dövlət büdcəsinin xərclərində sosialyönlü xərclərin xüsusi çəkisi 38,7% səviyyəsində olacaq. Manat ifadəsində bu xərclər 2015-ci illə müqayisədə 1 mlrd. 331,9 mln. manat və yaxud 22,9% artaraq 7 mlrd. 157,9 mln. manat təşkil edəcək. 2016-cı il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər üçün 6 mlrd. 233,6 mln. manat vəsait nəzərdə tutulub.
Göründüyü kimi, dövlət büdcəsində nəzərdə tutulan bütün sosial öhdəliklər, əsas dövlət proqramları, təhsil, səhiyyə, sosial, mədəniyyət layihələri, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi üçün maliyyə təminatı yaratmaq, pensiya təminatı üzrə maliyyə dayanıqlılığını daha da artırmaq büdcədə nəzərdə tutulan daxilolmalar üzrə proqnozun yerinə yetirilməsindən birbaşa asılıdır. Bu il üçün Vergilər Nazirliyinin xətti ilə toplanacaq vəsaitin dövlət büdcəsinin gəlirlərində xüsusi çəkisinin 42% olduğunu nəzərə alsaq, elə bu həcmdə xərclərin icrasının təmin olunmasnını vergi öhdəliklərinin yerinə yetirilməsindən nə qədər asılı olduğu aydın olur.
Vergidən yayınma məsuliyyət yaradır
Vergi öhdəliklərini yerinə yetirməyin vacib olduğunu hamı başa düşür. Bəs, hər kəs buna əməl edirmi? Əlbəttə ki, yox. Məsələn, bəzi iri supermarket şəbəkələri 2015-ci ilin noyabrın 1-dən 2 il müddətinə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasından da sui-istifadə etməyə çalışıb. 2016-cı ildə Vergilər Nazirliyinin apardığı təhlillər zamanı çox maraqlı məqamlar üzə çıxıb. Aparılan xronometraj müşahidələri zamanı məlum olub ki, bəzi iri supermarketlər faizlə yox, dəfələrlə dövriyyəni gizlədir. Nazirliyin məlumatına əsasən, tanınmış iri supermarket şəbəkələrindən 15, hətta 40 dəfə aşağı göstərənlər də olub. Təkcə 2016-cı ilin 1-ci yarımilliyində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə başlanmış 242 cinayət işi üzrə aparılan araşdırmalar zamanı 52 mln. 33 min manatın dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi, bununla bağlı cinayət işi üzrə ibtidai istintaqların, eləcə də məhkəmə işlərinin sayının çox olması da bunu bir daha sübut edir.
Vergi güzəşti istəklə verilmir
Vergidən yayınanlarla yanaşı, haqlı və ya haqsız vergi güzəştləri istəyənlərin də sayı az deyil. İri supermarket şəbəkələrinin rəhbərləri kimi. Onlar respublikada istehsal olunan sosial əhəmiyyətli ilkin tələbat məhsulları üzrə əlavə dəyər vergisinə (ƏDV) sıfır faiz dərəcəsinin tətbiqi, bəzi məhsullar üzrə isə ƏDV-nin ləğvini istəyir.
Vergilər naziri Fazil Məmmədov isə marketlərin ƏDV-dən azad olunmasını düzgün saymır: "Nəyə görə marketlər ƏDV-dən azad olunmalıdır ki? Kənd təsərrüfatı məhsullarının 95-98%-i bazarlarda, yerdə qalan hissəsi isə, yəni 1-2% marketlərdə satılır. Ona görə, marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz". Bu məsələdə Vergilər Nazirliyinin arqumenti daha tutarlı görünür. Həm də ona görə ki, iri supermarket şəbəkələrində satılan məhsullara görə ƏDV sahibkardan deyil, istehlakçıdan tutulur. Bu baxımdan irisupermarket şəbəkələrinin sahiblərinin bu istəyi nəzərə alınmaması ağlabatandır. Bu və ya digər mərhələdə sahibkarların fəaliyyətinin daha da yaxşılaşdırılması üçün onlara əlavə imkanlar yaradılır və vergi güzəştləri tətbiq edilir. Bununla belə, inkişafın hansısa mərhələsində bu cür addımlar müvəqqəti xarakter daşıyır. Bütövlükdə biz bir şeyi bilməliyik ki, əgər biz bütün sahələr vergidən azad olunsa, onda vergilər haradan daxil olacaq? Həkimlər, müəllimlər, hərbçilər haradan maaş alacaqlar? Bir sözlə, lazım olmadığı halda vergi güzəştlərinin tətbiqi heç də həmişə özünü doğrultmur.
Büdcəni necə doldurmalı?
Mütəxəssislər vergitutma sahəsində bəzi addımların atılmasını zəruri hesab edir. İqtisadçı-ekspert Samir Əliyev neftin ucuzlaşması səbəbindən vergilərin artırılması yolu ilə büdcənin doldurulmasının əleyhinədir.
Onun fikrincə, vergilərin artırılması kiçik və orta sahibkarlığın inkişafına əngəl yarada bilər:“İndiki dövrdə neft gəlirlərinin azalması səbəbindən büdcənin mütləq neftdən kənar sahədən daha çox pul götürülməsi üçün ilk nəzərləri vergiyə yönəldir. Belə bir fikir yaranır ki, vergi artırılmalıdır ki, heç olmasa neftin ucuzlaşması səbəbindən gəlirlərin azalmasına görə baş verən itkilər kompensasiya olunsun. Ancaq mən düşünürəm ki, bu düzgün addım deyil. Biz əgər 2016-cı il və qarşıdakı illərdə büdcəni doldurmaq üçün vergiləri artırsaq, bu sahibkarları daha da boğacaq. Yəni, vergidən yayınma halları daha da artacaq. Əgər vergidən daxilolmalarını artırmaq istəyiriksə, mütləq vergi tutma maksimum dərəcədə sadələşdirilməlidir. Lazım olsa, vergilər yumşaldılmalı və vergi güzəştləri tətbiq edilməlidir. Xüsusilə yeni yaranan müəssisələr və xarici şirkətlər ilkin dövrdə vergidən azad olunmalı və ya müəyyən güzəştlər olmalıdır. Həm yerli, həm də xarici şirkətlərə elə şərait yaratmalıdır ki, onlar gəlib burada müəssisə açsınlar, yeni iş yerləri yaratsınlar”.
S. Əliyev dövlət büdcəsinə hesablanmış vergilərin yığım faizinin artırılması üçün nümunəvi vergi ödəyicisi ilə vergidən yayınan sahibkarlar arasında fərq qoyulmasını, onlara müəyyən güzəştlərin edilməsini təklif edir. S.Əliyevin fikrincə, daha çox işçi cəlb edən şirkətlər üçün vergi güzəşti daha çox olmalıdır. İqtisadçı ekspert hesab edir ki, belə olduğu təqdirdə sahibkarlar öz qeyri-rəsmi dövriyyəsini rəsmiləşdirməkdə maraqlı olacaq.
Vergilər Nazirliyində də bunu yaxşı başa düşürlər. Məhz elə bu səbəbdəndir ki, Vergi Məcəlləsinin qüvvəyə mindiyi 1 yanvar 2001-ci il tarixdən indiyə kimi bütün tədiyyə növləri üzrə vergi dərəcələri yalnız azaldılıb. Məsələn, mənfəət vergisinin dərəcəsi 27%-dən 20%-ə, ƏDV-nin dərəcəsi 20%-dən 18%-ə endirilib. Vergilərin artırılmasını çıxış yolu kimi dəyərləndirməyən Vergilər Nazirliyi vergitutma bazasının genişləndirilməsi, mövcud vergi potensialından daha səmərəli şəkildə istifadə olunması üçün ciddi vergi-büdcə təhlilləri aparıb. Nazirlik yeni yaranan müəssisələr və xarici şirkətlər ilkin dövrdə vergidən azad olmanı və ya müəyyən güzəştlərin tətbiqini məqsədəuyğun sayıb. Məsələn, investisiya təşviqi sənədini almış fərdi sahibkar həmin sənədi aldığı tarixdən 7 il müddətində əldə etdiyi gəlirin, eləcə də mənfəətin 50%-i həcmində vergi güzəşti əldə edir. Bundan başqa, investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı əlavə dəyər vergisindən (ƏDV) azaddır. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən müvafiq əmlakına görə 7 il müddətinə əmlak vergisini və torpaq vergisini ödəməkdən azaddır.
Vergilər naziri Fazil Məmmədov hesab edir ki, qanunvericilik aktlarına edilən bu dəyişikliklər gələcəkdə qeyri-neft sektorundan daxilolmaların əhəmiyyətli dərəcədə artımına gətirib çıxaracaq. Onun sözlərinə görə, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin böyük əksəriyyəti vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artmasına xidmət edir.(APA)