Bu gün:
Xezer.info » Cəmiyyət » Nərmin itkin düşən gün bacısını da oğurlayıb maşına mindirmək istəyiblər - Məhkəmə

Nərmin itkin düşən gün bacısını da oğurlayıb maşına mindirmək istəyiblər - Məhkəmə


Nərmin itkin düşən gün bacısını da oğurlayıb maşına mindirmək istəyiblər - Məhkəmə
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilməsində təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyilə keçirilən prosesdə kənd sakinlərinin və Nərminin nənəsi Minayə İsmayılovanın istintaqdakı ifadələri elan edilib.

Kənd sakinlərindən Adil Abdullayev bildirib ki, uşaq itkin düşdüyü gün səhər saat 9-dan axşam saat 18:00-a qədər Dondar Quşçuda qohum-qonşuya dəvətnamə paylayıb. Bu müddətdə küçədə nə Nərmini, nə də onu oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanovu görməyib.

Daha sonra Minayə İsmayılovanın ifadəsi elan edilib. O, ifadəsində göstərib ki, qızı Aynurə 2007-ci ildə Şərif Quliyevlə ailə qurub. Onun sözlərinə görə, kürəkəni Şərif Quliyevə ciyər xəstəliyilə əlaqədar əlillik təyin edilib.

Minayə İsmayılova bildirib ki, kürəkəninin anası Leybə Quliyeva ilə münasibətləri yaxşı deyil. Çünki illər öncə Leybə Quliyeva onun qızı Aynurəni iki uşaqla birlikdə evdən çıxarıb:

"Onda hələ üçüncü qız Şəhanə doğulmamışdı, Şəbnəm və Nərmin var idi. Şəhanə onlar mənim evimdə qalanda dünyaya gəldi. Bir müddət mənim evimdə, bir müddət kirayədə qaldılar. Sonradan mənim də dəstəyimlə ev tikib köçdülər. Bu hərəkətinə görə Leybə ilə danışmırdım".

Minayə İsmayılova istintaqda dindirilərkən öz qızı Aynurə İsmayılova ilə də küsülü olub. Səbəbini isə belə izah edib:

"Hazırda qızım mənimlə küsülüdür. Mən bu məsələ ilə bağlı telekanallarda danışanda onun qaynı Lətifdən şübhələndiyimi dediyim üçün qızım məndən küsüb. Nərmini sonuncu dəfə itkin düşməmişdən 7-8 gün əvvəl görmüşdüm.

Hadisə baş verən gün Qovlar qəsəbəsində işdə idim. Qayıdandan sonra saat 19:00 radələrində Şəbnəm gəlib ki, Nərmin burada deyil? Dedim ki, yox. Çıxıb getdi. Gecə saat 1 radələrində qapım döyüldü, dedilər ki, polisdir.

Bir neçə polis əməkdaşı evə daxil oldu, baxdılar. Sonra mən də onlarla birlikdə maşınla qızımgilə getdim. Orada eşitdim ki, günorta Arif əmisigilə gödəkçə aparıb verib, sonra keçib Lətifgildən də atasının gödəkçəsini götürüb, ondan sonra yoxdur.

Bir müddət sonra Şəbnəm onun arxasınca gedib, deyiblər ki, dərhal çıxıb gedib. Şəbnəm qayıdanda onu bir sarı maşına mindirmək istəyiblər, minməyib".

Minayə İsmayılovanın iş materiallarında daha bir ifadəsi elan edilib. Həmin ifadədə isə o bildirib ki, hadisədən bir müddət əvvəl kürəkəni Şərif Quliyev sərxoş vəziyyətdə Aynurə İsmayılovanın işlədiyi kafeyə gələrək, onu bıçaqlamaq istəyib.

"Həmin vaxt qorxuya düşən Aynurə mənə zəng edib iş yerinə çağırdı. Mən taksi ilə qızımın iş yerinə getdim. Ora gedəndə yolda Şərif Quliyevi görüb çağırsam da, mənə əhəmiyyət vermədi.

Aynurəni iş yerindən götürüb, birlikdə polis şöbəsinə getdik, orada ərinin Aynurə İsmayılovanın başına gətirdiklərini danışdıq. Bir neçə gün sonra yenidən polis şöbəsinə gedəndə Aynurə əri ilə barışdığını bildirdi", - şahid deyib.

Məhkəmə prosesi iyulun 13-də davam edəcək.

İttihama görə, 1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə təqsirləndirilib.

O Nərmn Quliyevanı oğurlayaraq, 47 gün sonra qətlə yetirməkdə günahlandırılır.